Müasir beynəlxalq münasibətlər sistemi hədə-qorxu, təzyiq mexanizmləri və ikili standartların ən kəskin qarşıdurma yaratdığı bir mərhələni yaşayır. Xüsusilə Cənubi Qafqaz kimi geostrateji cəhətdən həssas bir regionda müstəqil dövlət qurmaq və bu müstəqilliyi hər addımda xarici güclərə hiss etdirmək böyük siyasi iradə, sarsılmaz cəsarət tələb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siyasi xəttin ən bariz xüsusiyyəti də məhz budur: ardıcıllıq, milli maraqlara söykənən konkretlik və heç bir kənar diqtəni qəbul etməmək prinsipləri.
Uzun illər boyu Avropadakı müəyyən bədxah qüvvələrin, ermənipərəst mərkəzlərin və bəzi beynəlxalq institutların Azərbaycana qarşı hansı qərəzli kampaniyalar apardığı, hansı siyasi və iqtisadi təzyiq rıçaqlarını işə salmağa çalışdığı hər kəsə məlumdur. Ölkəmizin öz halal torpaqlarını işğaldan azad etmək, suverenliyini tam bərpa etmək istəyinə qarşı çıxan, bizi müxtəlif "sanksiya" və hədələrlə yolumuzdan döndərməyə çalışan həmin dairələr hər vəchlə rəsmi Bakını zəif, asılı və sözəbaxan görmək istəyirdilər. Çünki müstəqil qərar verən, öz resurslarına sahib çıxan və regional liderə çevrilən Azərbaycan onların Cənubi Qafqazla bağlı imperialist planlarına mane olurdu.
Lakin zaman və dövlət başçısının nümayiş etdirdiyi dəmir məntiq, uzaqgörən strategiya hər şeyi öz yerinə qoydu. Cənab Prezident İlham Əliyevin siyasəti elə sarsılmaz əsaslar — güclü ordu, daxili sabitlik, iqtisadi müstəqillik və xalq-iqtidar birliyi — üzərində qurulub ki, Qərbdəki ən barışmaz və iddialı qüvvələr belə gec-tez anlamağa məcbur oldular: Azərbaycanla təzyiq, hədə-qorxu və ultimatum dilində danışmaq qeyri-mümkündür. Bu rəsmi Bakını yolundan döndərməyəcək, əksinə, təzyiq göstərənlərin özünü bölgədəki mühüm proseslərdən təcrid edəcək.
Bu gün Avropanın mühüm qərar qəbul edən mərkəzlərinin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa can atması, əslində, rəsmi Bakının yürütdüyü qətiyyətli siyasətin qarşısında geri çəkilmələrinin və mövcud reallıqları qəbul etmələrinin etirafıdır.
Məhz, iyulun 1-də Bakıda reallaşan tarixi görüş — Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin ölkəmizə növbəti səfəri və dövlətimizin başçısı ilə keçirdiyi mətbuat konfransı məhz bu böyük siyasi zəfərin, tərəfdaşlığa məhkum olan və bunu dərk edən Avropanın Bakıya verdiyi növbəti dəyərin göstəricisidir.
"Gücün məntiqi"ndən "məntiqin gücü"nə: Dövlət başçısının sitatlarında gizlənən həqiqətlər
Azərbaycan liderinin bəyanatındakı hər bir cümlə, əslində, təkcə Avropa Komissiyasının rəhbərinə deyil, Bakıdan gələn sülh rüzgarını həzm edə bilməyən bütün xarici dairələrə yönəlmiş ustad dərsidir. İllərlə Azərbaycanı "təcavüzkar" kimi qələmə verməyə çalışan, regionda yeni bir münaqişə ocağı alovlandırmaq istəyən qüvvələrin bütün tezisləri dövlətimizin başçısının cəmi iki cümləlik bəyanatı ilə darmadağın edildi.
Cənab Prezident İlham Əliyev beynəlxalq hüququ tapdalayanlara və hələ də revanşizm xülyası ilə yaşayanlara xatırlatdı ki, Azərbaycan öz haqqını heç kimdən dilənməyib, onu öz biləyinin gücü ilə alıb:
"Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik. Bir sözlə, sülh artıq reallıqdır."
Bu bəyanat, rəsmi Bakının həm döyüş meydanında, həm də diplomatiya masasında diktə edən tərəf olduğunun rəsmi möhürüdür. Keçmiş münaqişəni status-kvo vəziyyətində saxlamaqla Azərbaycanı daimi təzyiq altında saxlamaq istəyən Avropa mərkəzləri artıq yeni xəritəni və yeni reallığı qəbul etmək məcburiyyətindədirlər.
Digər tərəfdən, Azərbaycanın regionda atdığı addımların nə qədər səmimi, humanist və eyni zamanda praqmatik olduğunu göstərən, Ermənistanı tamamilə özündən asılı vəziyyətə salan növbəti mühüm sitat diqqəti çəkir:
"Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq... Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq."
Bu sitat Qərb diplomatiyasında şok effekti yaradacaq gücdədir. İllərdir Ermənistanı "blokada qurbanı" kimi göstərib Azərbaycana qarşı qətnamələr qəbul edən Avropa institutları bu gün görürlər ki, Ermənistanın iqtisadi və logistik xilası mifik Qərb vədlərində deyil, məhz Bakının xoş məramındadır. Azərbaycan Ermənistana benzin və dizel verməklə, əslində, regionun gələcək taleyinin kimin əlində olduğunu, kimin lütfünə möhtac olunduğunu ən yüksək tribunadan nümayiş etdirir. Bu, hədə-qorxu ilə heç nəyə nail ola bilməyəcəyini anlayan və İrəvan üzərindən siyasi oyunlar quran Avropa dövlətlərinə vurulan ən böyək diplomatik zərbədir.
Masadakı dəmir məntiq: İqtisadi asılılığın coğrafiyası
Qərb siyasətçilərinin ritorikasındakı qəfil yumşalmanın və Ursula fon der Lyayenin Bakıya gəlişinin pərdəarxası, əslində, tamamilə praqmatik maraqlara dayanır. Prezident İlham Əliyevin bəyanatda səsləndirdiyi rəqəmlər sadəcə statistika deyil, Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin taleyini həll edən real güc amilləridir.
Bu gün dörd il əvvəl Bakıda imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu Avropanın soyuq qış aylarında donmaqdan xilas edən əsas hüquqi sənəddir. Həmin vaxtdan bəri Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracının 65 faiz artması və hazırda mavi yanacağımızın tam yarısının məhz qoca qitəyə yönəlməsi, Bakının Brüssel üçün hansı strateji əhəmiyyətə malik olduğunu təsdiqləyir.
"Bu gün bütövlükdə Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazını alır və bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur."
Dövlət başçısının bu bəyanatı Avropadakı qərəzli parlamentarilərə və anti-Azərbaycan şəbəkələrə ən tutarlı cavabdır: Azərbaycanın mavi qazı olmasa, Avropanın 10 sənaye mərkəzi enerji iflicinə məhkumdur. Zaman rəsmi Bakını deyil, vaxtilə bizə yuxarıdan aşağı baxmağa çalışan Avropa paytaxtlarını Azərbaycandan asılı vəziyyətə salmışdır. 3500 kilometrlik nəhəng Cənub Qaz Dəhlizi bu gün təkcə qaz daşımır, həm də Azərbaycanın siyasi iradəsini və sarsılmaz mövqeyini Avropanın içərilərinə qədər nəql edir.
Logistik qovşaq və "Yaşıl" gələcəyin idarə olunması
Xüsusi vurğulanmalı olan digər məqam Azərbaycanın qlobal logistik xəritədəki əvəzedilməz yeridir. Yeni geosiyasi vəziyyət, Ukrayna böhranı və ənənəvi yolların qapanması Avropanı çıxılmaz vəziyyətə salıb. İndi dünya ticarətinin taleyi Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizlərinin kəsişməsində, yəni Azərbaycanda həll olunur. Cənab Prezident İlham Əliyev bəyanatında açıq şəkildə bildirdi ki, Azərbayandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır və ölkəmiz dəniz limanlarının, dəmir yollarının imkanlarını genişləndirir. Avropa bu infrastrukturdan istifadə etməyə sadəcə məhkumdur.
Üstəlik, Azərbaycan indi Avropaya təkcə ənənəvi karbohidrogen ehtiyatları yox, həm də sabahın "yaşıl" enerjisini diktə edir:
- Növbəti 5-6 il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisinin əldə edilməsi üçün müqavilələr artıq bağlanıb.
-Bu rəqəm rəsmi öhdəlikdir və gələcəkdə daha da artacaq.
Avropa Komissiyasının Prezidenti Bakıda anlayır ki, ekoloji böhranla boğuşan Avropa İttifaqının gələcək "yaşıl keçid" layihələri də birbaşa olaraq Azərbaycanın Xəzərdəki külək və cənub rayonlarındakı Günəş potensialından keçir.
Təzyiqlər tarixə gömüldü, müstəqilliyimizin əbədi erası zəfərlə davam edir!
Beləliklə, iyulun 1-də Bakıda bütün dünyanın nəzərləri qarşısında verilən bəyanatlar birmənalı olaraq sübut etdi ki, Azərbaycanla hədə dili, sanksiya şantajı və təzyiq rıçaqları ilə danışmaq istəyənlərin dövrü tarixin arxivinə birdəfəlik gömüldü! Heç bir kənar qüvvənin diqtəsini qəbul etməyən, öz müstəqilliyini və suverenliyini hər addımda bütün dünyaya diktə edən müasir Azərbaycan dövləti, həm döyüş meydanında, həm də ən yüksək diplomatik arenalarda sarsılmaz bir qalaya çevrilmişdir.
Bu gün qazanılan hər bir möhtəşəm zəfərin, Avropa nəhənglərini Bakının iradəsi ilə barışmağa məcbur edən bu dəmir məntiqin təməlində Ümummilli Lider Heydər Əliyev siyasətinin dahi uzaqgörənliyi dayanır. Ulu Öndərin hələ ötən əsrin sonlarında, ən çətin geosiyasi fırtınalar fonunda əsasını qoyduğu müstəqil dövlətçilik strategiyası, milli neft doktrinası və "bərabərhüquqlu tərəfdaşlıq" fəlsəfəsi bu günümüzün ən böyük nicat formulu idi. Zaman gəldi və bu müqəddəs vəsiyyəti, bu dahi irsi çiyinlərində daşıyan cənab Prezident İlham Əliyev həmin siyasi xətti sadəcə davam etdirmədi; onu bir memar əzmi, bir qrossmeyster zəkası və zərgər dəqiqliyi ilə həyata keçirərək Azərbaycanı regionun mütləq hakiminə və qlobal dünyanın vazkeçilməz tərəfdaşına çevirdi! O, hər bir diplomatik gedişi elə milimetrik hesablamalarla etdi ki, dünən bizə yuxarıdan baxanlar bu gün Bakının qurduğu de-fakto sülh arxitekturası qarşısında ehtiramla baş əymək məcburiyyətində qaldılar.
Bu gün Cənubi Qafqaz artıq kimlərinsə oyun meydançası, münaqişə və qan zonası deyil! Bu gün bu region rəsmi Bakının iradəsi, Azərbaycanın diktə etdiyi ədalətli əməkdaşlıq mərkəzidir. Avropa Komissiyası və onun timsalında bütün Qərb dünyası bu yeni reallıqda öz yerini qorumaq, öz gələcək enerji və logistik təhlükəsizliyini təmin etmək istəyirsə, rəsmi Bakının təklif etdiyi şərtsiz, bərabərhüquqlu tərəfdaşlıq modelini qəbul etməyə məhkumdur!
Arxasında xalqın sarsılmaz birliyi, daxilində polad iradəsi, önündə isə Şuşada, Xankəndidə dalğalanan üçrəngli müqəddəs bayrağı olan Müstəqil Azərbaycan dövləti öz nurlu sabahına doğru daha inamla, daha əzəmətlə və daha güclü şəkildə addımlayır!
Ulu Öndərin ruhu şaddır, çünki onun canından əziz bildiyi Azərbaycan bu gün tarixinin ən qüdrətli, ən şanlı və ən toxunulmaz dövrünü yaşayır! Gələcək bizimdir, gələcək Azərbaycanındır!
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət




