backend

Deputat Tamam Cəfərova jurnalistləri təbrik etdi

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və qələm sahiblərini səmimi qəlbdən təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı arzulayıram.
151 il əvvəl Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan milli mətbuatı xalqımızın maariflənməsində, milli özünüdərkin formalaşmasında, dövlətçilik ənənələrinin möhkəmlənməsində və azərbaycançılıq ideyasının təbliğində əvəzsiz rol oynayıb. “Əkinçi”nin açdığı yol sonrakı dövrlərdə yaranan onlarla qəzet və jurnal tərəfindən davam etdirilərək zəngin milli mətbuat məktəbinin formalaşmasına xidmət edib.
Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl islahatlar milli medianın inkişafında yeni mərhələnin əsasını qoydu. Xüsusilə 1998-ci ildə dövlət senzurasının ləğvi söz və mətbuat azadlığının təmin olunması istiqamətində tarixi qərar oldu. Bu siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Media sahəsində aparılan islahatlar, qanunvericiliyin müasirləşdirilməsi, rəqəmsal transformasiya, informasiya təhlükəsizliyinin gücləndirilməsi və yeni idarəetmə mexanizmlərinin formalaşdırılması milli mətbuatımızın daha da inkişafına geniş imkanlar yaradır.
Bu gün Azərbaycan mediası yalnız cəmiyyəti operativ və obyektiv məlumatlandıran institut deyil, həm də milli maraqlarımızın müdafiəsində, dezinformasiyaya qarşı mübarizədə, dövlətimizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm strateji missiya yerinə yetirir. İnformasiya müharibələrinin geniş vüsət aldığı müasir dövrdə peşəkarlıq, obyektivlik, məsuliyyət və vətənpərvərlik hər bir jurnalistin əsas fəaliyyət prinsipi olmalıdır.
Milli Mətbuat Gününüz mübarək! Azərbaycan mediasına yeni uğurlar, bütün jurnalistlərə isə fəaliyyətlərində tükənməz enerji və peşə nailiyyətləri arzulayıram! 

Tamam Cəfərova

Milli Məclisin deputatı