backend

Deputat:Azərbaycan da coğrafi mövqeyinə görə bu proseslərin təsirini hiss edən ölkələrdən biridir.

Yaxın Şərqdə, xüsusilə ABŞ-İsrail-İran xəttində müşahidə olunan geosiyasi gərginlik regionda turizm və nəqliyyat axınlarına birbaşa təsir göstərir. Hava məkanının bağlanması və bəzi marşrutlar üzrə uçuşların məhdudlaşdırılması beynəlxalq səfərlərin planlaşdırılmasına, işgüzar səfər və turist mübadiləsinə təsir edən əsas amillərdəndir. Azərbaycan da coğrafi mövqeyinə görə bu proseslərin dolayı təsirini hiss edən ölkələrdən biridir.
Eyni zamanda regiondakı gərginlik səbəbindən Azərbaycanda müvəqqəti qalmalı olan xarici vətəndaşların vəziyyəti, onların hansı ölkələrin vətəndaşları olması və geridönüş prosesinin necə təşkil olunması da mövcud vəziyyətin real mənzərəsini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov qeyd edib ki, bu cür münaqişələr bu və ya digər formada həmin bölgədə turizm axınlarına və miqrasiya mübadiləsinə birbaşa olaraq təsir göstərir.
“Nəzərə alsaq ki, söhbət İrandan və İranla qonşu olan Fars körfəzi regionuna aid ölkələrdən gedir, hansı ki, bu ölkələr uzun illərdir turizm mərkəzləri kimi fəaliyyət göstərir. Məhz bu səbəbdən həmin ölkələrin münaqişəyə cəlb olunması turizm sektoruna da təsirsiz ötüşmür.
Xüsusilə qeyd edilməlidir ki, İranla həmsərhəd olan 12 ölkə bu və ya digər formada münaqişəyə birbaşa və ya dolayısı ilə cəlb olunub. Bu isə həmin istiqamətlərə hava uçuşlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Nəticədə həmin ölkələrə turist axını azalır və turizm sektoru bundan ciddi zərər görür.
Hazırda bu ölkələrin rəsmi qurumları tərəfindən geniş statistik məlumatlar açıqlanmasa da, sosial şəbəkələrdə müxtəlif məlumatlara rast gəlinir. Məsələn, həmin ölkələrdə qalan və öz ölkələrinə qayıtmaqda çətinlik çəkən turistlər barədə çoxsaylı paylaşımlar var. Eyni vəziyyət Azərbaycan vətəndaşları ilə bağlı da müşahidə olunur. Münaqişə fonunda bəzi vətəndaşlarımızın Azərbaycana qayıtmaqda çətinlik çəkdiyi barədə məlumatlar yayılıb. Mən də bu məsələ ilə bağlı bir neçə nəfərlə danışmışam və məlum olub ki, onlar bir neçə ölkə üzərindən tranzit uçuşlar edərək çətinliklə Azərbaycana qayıda biliblər”.

İctimai Birliyin sədri nəzərə çatdırıb ki, münaqişələr və onunla bağlı yaranan gərginlik turizm sənayesinə ciddi zərbə vurur:
“Nümunə olaraq, Qətər, Bəhreyn, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və digər turizm mərkəzləri belə hallardan təsirlənir. Bu şəhərlərin bəziləri raket zərbələrinə məruz qalır. Turizm obyektləri birbaşa hədəf olmasa da, beynəlxalq hava limanlarının vurulması və bəzi hallarda otellərə zərbələrin endirilməsi həmin ölkələrdə olan turistləri, səfər edən şəxslərin təhlükəsizliyini ciddi şəkildə risk altına qoyur”.
A.Allahverənov həmçinin vurğulayıb ki, belə vəziyyətlərdə turistlər ölkəni tərk etmək üçün müxtəlif yollar axtarmağa məcbur qalırlar:
“Lakin aviareyslərin məhdudlaşdırılması səbəbindən bu proses olduqca çətinləşir. Turistlər çox vaxt daha uzun marşrutlar seçərək, bir neçə ölkə üzərindən tranzit uçuşlar etməklə və daha çox vaxt sərf edərək öz ölkələrinə qayıda bilirlər.
Bəzi ölkələrdə, məsələn, Birləşmiş Ərəb Əmirliklərində hökumət turistlərə müəyyən dəstək göstərməyə çalışır. Gündəlik qida təminatı və müvəqqəti qalmaq üçün əlavə imkanların yaradıldığı bildirilir. Lakin əldə olunan məlumatlara görə, bu dəstək hər kəsə, bütün turistlərə şamil olunmur.
Məsələn, Dubayda qalan turistlərin paylaşdıqları məlumatlara əsasən, bəzi şəxslər bu imkanlardan yararlana bilsə də, digərləri bütün xərcləri öz hesabına qarşılamaq məcburiyyətində qalır. Hətta mənim əldə etdiyim məlumata görə, Dubayda qalan ailələrdən biri gündəlik təxminən 300-400 dollar xərcləyərək yaşayış və digər ehtiyaclarını qarşılamağa məcbur olub. Bu isə kifayət qədər böyük maliyyə yükü deməkdir.
Bununla belə, hərbi gərginlik və münaqişələr turizm mərkəzlərinin özünə birbaşa sirayət etməsə belə, turist axınlarının azalmasına, uçuşların məhdudlaşdırılmasına və turistlərin təhlükəsizliyinin risk altına düşməsinə səbəb olur”, - deyə o fikrini tamamlayıb.