Xəzər dənizində hər il insanların, xüsusilə də gənclərin və orta yaşlı şəxslərin boğularaq həyatını itirməsi ciddi narahatlıq doğurur. Hər bir insan itkisi yalnız statistika deyil, ailələrin faciəsi və ciddi ictimai təhlükəsizlik problemidir.
Bunu Sosdem.az-a Xəzər çimərliklərində təhlükəsizlik qaydalarını, vətəndaş məsuliyyətini və xilasetmə xidmətlərinin rolunu şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
“Hər Çimən Şəxsin Başının Üstündə Nəzarətçi ola Bilməz”
Millət vəkili təhlükəsizliyin ilk növbədə fərdi məsuliyyətdən başladığını diqqətə çatdırıb:
“Bu məsələdə real yanaşma ortaya qoymalıyıq: dövlət hər çimən vətəndaşın başı üzərinə ayrıca nəzarətçi qoymaq imkanına malik deyil. İnsanların təhlükəsizliyi ilk növbədə onların öz məsuliyyətli davranışından başlayır. Xüsusilə də küləkli havada, dalğalı dənizdə, qadağan olunmuş ərazilərdə və spirtli içki qəbul etdikdən sonra suya girmək son dərəcədə təhlükəlidir. Valideynlər uşaqlarına, böyüklər isə özlərinə və yanındakı insanlara qarşı cavabdeh olmalıdırlar”.
“Təhlükəli Ərazilər Müəyyənləşdirilməli Və Xilasetmə Gücləndirilməlidir”
MCP başqanı fərdi məsuliyyətlə yanaşı dövlət qurumlarının da üzərinə düşən vəzifələri vurğulayıb:
“Fərdi məsuliyyəti önə çəkmək dövlətin üzərinə düşən öhdəlikləri azaltmamalıdır. Çimərliklərdə xilasetmə xidmətlərinin fəaliyyəti, təhlükəli ərazilərin müəyyənləşdirilməsi, xəbərdarlıq nişanlarının yerləşdirilməsi, müşahidə və operativ müdaxilə imkanlarının gücləndirilməsi, insanların maarifləndirilməsi daim təkmilləşdirilməlidir. Xüsusilə qeyri-mütəşəkkil və nəzarətsiz çimərliklərdə təhlükəsizlik məsələsinə daha ciddi yanaşılmalıdır. Əsas məqsəd hadisə baş verdikdən sonra xilas etməyə çalışmaq deyil, boğulma hadisəsinin baş verməsinin qarşısını əvvəlcədən almaqdır”.
“Xəzərin Küləyi Və Axını Saniyələr İçində Vəziyyəti Dəyişir”
Deputat vətəndaşların dənizdəki riskləri düzgün qiymətləndirməsinin vacibliyini ifadə edib:
“İnsanlar dənizin əyləncə məkanı olmaqla yanaşı, real təhlükə mənbəyi olduğunu da başa düşməlidirlər. Xəzərin küləyi, dalğası və axını bəzən çox qısa müddətdə vəziyyəti dəyişə bilər. Suda özünə həddindən artıq güvənmək, sahildən uzağa getmək və xəbərdarlıqlara məhəl qoymamaq ağır nəticələrə səbəb olur. Dövlətin təhlükəsizlik sistemi ilə vətəndaşın məsuliyyətli davranışı bir-birini əvəz etmir, tamamlayır. Cəmiyyətdə ‘mənə nəzarət edən olacaq’ düşüncəsi deyil, ‘mən öz təhlükəsizliyimə özüm cavabdehəm’ yanaşması formalaşmalıdır”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Sosial



