backend

AZƏRBAYCAN ORDUSU: ŞANLI QƏLƏBƏLƏRİN VƏ TAM SUVERENLİYİN TƏMİNATÇISI

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının qürur mənbəyi olan Milli Ordumuzun keçdiyi şərəfli yolun, qazandığı tarixi qələbələrin və göstərdiyi qəhrəmanlığın təntənəsidir. Bu gün Azərbaycan Ordusu yalnız regionun deyil, dünyanın ən güclü və peşəkar ordularından biri kimi tanınır. Son illərdə əldə olunan hərbi uğurlar ordumuzun yüksək döyüş hazırlığının, güclü maddi-texniki bazasının və şəxsi heyətin vətənpərvərlik ruhunun parlaq təzahürüdür.
Azərbaycan Ordusunun gücü ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində özünü bir daha göstərdi. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbə vuruldu, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Minlərlə hektar strateji ərazi ordumuzun tam nəzarətinə keçdi və Azərbaycan xalqı uzun fasilədən sonra qələbə sevincini yaşadı.
2018-ci ilin may ayında qazanılan Günnüt zəfəri isə ordumuzun peşəkarlığının növbəti təsdiqi oldu. Uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi. Əlverişli yüksəkliklər və strateji mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçərək müdafiə imkanlarımızı daha da gücləndirdi.
Bu uğurların əsasında məqsədyönlü ordu quruculuğu siyasəti dayanır. Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması üçün mütəmadi olaraq genişmiqyaslı hərbi təlimlər keçirilir, şəxsi heyətin peşə hazırlığı təkmilləşdirilir, müasir döyüş texnologiyaları tətbiq olunur. Hər bir təlim bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.
Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi isə 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək 5 şəhəri, 4 qəsəbəni və 300-ə yaxın kəndi işğaldan azad etdi. Şanlı Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu və xalqımız tarixi ədalətə qovuşdu.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycan Ordusunun qələbəsini rəsmiləşdirdi. Ermənistan kapitulyasiya aktını qəbul etməyə məcbur oldu və nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Bu tarixi nailiyyət şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və ordumuzun qüdrəti hesabına əldə edildi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin etdi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatizmə son qoyuldu və Azərbaycan Konstitusiyasının qüvvəsi ölkənin bütün ərazisində bərpa olundu.
Azərbaycan əsgərinin qəhrəmanlığı və vətənpərvərliyi hər zaman xalqımızın qürur mənbəyi olub. Vətən müharibəsi dövründə yaralanan hərbçilərimizin yenidən döyüş meydanına qayıtmaq istəyi, ordumuzda bir nəfər belə fərarinin olmaması Azərbaycan əsgərinin Vətənə sədaqətinin və yüksək mənəvi ruhunun göstəricisidir.
Qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni orden və medallar təsis edilmişdir. “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də Vətən müharibəsində fərqlənənlərin təltif olunması üçün yaradılmış çoxsaylı medallar qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Bu gün Azərbaycan Ordusu qazandığı şanlı qələbələr, müasir döyüş taktikası, yüksək peşəkarlığı və sarsılmaz ruhu ilə dünyanın diqqət mərkəzindədir. Ordumuzun hərbi əməliyyatları və tətbiq etdiyi taktiki yeniliklər beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir, müxtəlif ölkələrin hərbi təhsil müəssisələrində nümunə kimi araşdırılır.
Silahlı Qüvvələr Günü münasibətilə Vətənimizin keşiyində dayanan bütün əsgər və zabitlərimizi, müharibə veteranlarını, qazilərimizi və şəhid ailələrini dərin ehtiramla salamlayır, Azərbaycan Ordusuna yeni uğurlar, xalqımıza isə daim sülh və əmin-amanlıq arzulayırıq.
#26İyunSilahlıQüvvələrGünü #88saylıseçkidairəsi #TamamCəfərova #fəaliyyət #MilliMajlis