“Son iyirmi ildən artıq dövrdə Azərbaycanın inkişaf strategiyasında xüsusi yer tutan istiqamətlərdən biri ordu quruculuğu olmuşdur. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu yalnız regionun deyil, daha geniş coğrafiyanın ən hazırlıqlı və peşəkar silahlı qüvvələrindən birinə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun qazandığı uğurlar dövlətin siyasi iradəsinin, iqtisadi imkanlarının və milli həmrəyliyinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyev fəaliyyətinin ilk illərindən etibarən ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etmişdir. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silah və texnika ilə təchizatı, şəxsi heyətin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. Dövlət başçısının “Ordu quruculuğu bizim üçün prioritet məsələdir” fikri həyata keçirilən siyasətin mahiyyətini aydın şəkildə ifadə edir.”
Bunları açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Fikirlərini davam etdirən millət vəkili son illər Azərbaycanın müdafiə potensialının artırılması məqsədilə mühüm institusional islahatların həyata keçirildiyini diqqət mərkəzinə çəkib: “2017-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun hərbi quruculuq sahəsində hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edib. Eyni zamanda ölkədə hərbi sənaye kompleksinin yaradılması müdafiə sahəsində yeni imkanlar açıb. Hazırda Azərbaycanda minlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur, yerli müdafiə sənayesi ordunun silah və sursat təminatında mühüm rol oynayır. Bu isə xarici asılılığın azalmasına və müdafiə qabiliyyətinin güclənməsinə şərait yaradır. Ordunun güclənməsinin mühüm göstəricilərindən biri də müdafiə və təhlükəsizlik xərclərinin davamlı şəkildə artırılmasıdır. Son illərdə ayrılan vəsait hesabına Silahlı Qüvvələrin döyüş hazırlığı daha da yüksəlib, hərbi infrastruktur yenilənib, hərbçilərin sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Mənzillə təminat proqramlarının həyata keçirilməsi, əməkhaqlarının artırılması və sosial müdafiə tədbirləri dövlətin hərbçilərə göstərdiyi diqqət və qayğının konkret təzahürüdür. Azərbaycan Ordusunun gücü ilk növbədə döyüş meydanında öz təsdiqini tapıb. 2016-cı ilin Aprel döyüşləri uzun illər davam edən status-kvonun dəyişməsinin mümkünlüyünü nümayiş etdirdi. Qısa müddətdə əldə olunan uğurlar ordunun yüksək hazırlıq səviyyəsini, döyüş ruhunu və peşəkarlığını ortaya qoydu. İki il sonra Günnüt əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin növbəti uğuru kimi hərb tariximizə yazıldı. Bu qələbələr sonrakı daha böyük zəfərlərin müjdəçisi oldu. 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi isə Azərbaycan dövlətinin və ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərimiz azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Döyüşlər zamanı Azərbaycan Ordusu müasir texnologiyaların, yüksək peşəkarlığın və vətənpərvərlik ruhunun vəhdətini nümayiş etdirdi. Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, müharibə dövründə orduda bir nəfər belə fərari qeydə alınmadı. Yaralanan hərbçilərin yenidən cəbhəyə qayıtmaq arzusu Azərbaycan əsgərinin mənəvi gücünün və Vətən sevgisinin parlaq nümunəsinə çevrildi. Müharibədə əldə edilən qələbə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla rəsmiləşdirildi. Bunun nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, uzun illər ərzində aparılan ordu quruculuğu siyasəti öz tarixi nəticəsini verdi. Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində növbəti mühüm mərhələ 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri oldu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, ölkəmizin konstitusiya quruluşu bütün ərazilərdə bərpa edildi. Bu əməliyyat Azərbaycan Ordusunun sürətli qərarvermə, yüksək dəqiqlik və peşəkarlıq imkanlarını bir daha nümayiş etdirdi. Vətən müharibəsindən sonra əldə edilmiş döyüş təcrübəsi əsasında orduda yeni islahatlar həyata keçirilib. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması və yeni hazırlıq proqramlarının tətbiqi müasir müharibələrin tələblərinə uyğun çevik qüvvələrin formalaşdırılmasına imkan verib. “Görünmədən görmək, ölmədən dönmək” prinsipi əsasında hazırlanan komando bölmələri artıq Azərbaycan Ordusunun ən peşəkar strukturlarından biri hesab olunur. Ordunun inkişafında beynəlxalq əməkdaşlıq da mühüm rol oynayır. Xüsusilə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yeni keyfiyyət mərhələsinə yüksəlib. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında hərbi-siyasi tərəfdaşlığın strateji əsaslarını müəyyən edib. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması, Milli Müdafiə Universitetinin yaradılması, birgə təlimlərin keçirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq ordumuzun gələcək inkişafı üçün mühüm perspektivlər açır. Bu gün Azərbaycan Ordusu yalnız müstəqilliyimizin və təhlükəsizliyimizin təminatçısı deyil, həm də dövlətimizin gücünün, xalqımızın birliyinin və milli qürurunun rəmzidir. Qazanılmış tarixi Zəfər göstərdi ki, uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü ordu quruculuğu siyasəti Azərbaycanın milli maraqlarının qorunmasını təmin edən ən mühüm amillərdən biridir. Məhz buna görə də Azərbaycan Ordusu bu gün qalib ordu, Azərbaycan xalqı isə müzəffər xalq kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət


