backend

Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

Ukrayna-Rusiya müharibəsi hər iki tərəf üçün özünün ən böhranlı və təhlükəli fazalarından birinə qədəm qoyub. Hərbi əməliyyatların ilk dövrlərində əsas toqquşmalar bilavasitə cəbhə xəttində baş verirdisə, hazırda vəziyyət köklü şəkildə dəyişib. Raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə endirilən zərbələr Ukraynanın demək olar ki, bütün ərazisini əhatə edir. O cümlədən paytaxy Kiyev şəhəri də hər gecə dron və ballistik raket atəşlərinə tutulur. Ukraynanın Rusiyanın dərinliklərində yerləşən enerji və hərbi infrastruktur obyektlərinə yönəltdiyi dron və raket hücumları da müharibənin coğrafi miqyasını kifayət qədər genişləndirib.
Qarşıdurmanın mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, hər iki tərəf xaricdən dəstək alır. Rusiya Çindən, İrandan və Şimali Koreyadan dəstək aldığı halda Ukrayna əsasən NATO üzvü olan ölkələrdən və ABŞ-dən maliyyə dəstəyi alır və həmin maliyyə resurslarını büdcə çatışmazlığını qapatmaq üçün və büdcədə artırdığı hərbi xərcləri ödəmək üçün istifadə edir. Rusiya Avropanın Ukraynaya dəstək verməkdən çəkindirmək məqsədilə Avropa ərazisində müxtəlif xarakterli sabotaj aktları, kiberhücumlar və dron insidentləri həyata keçirir. Bu kimi hibrid təhdidlər Avropanın Rusiyaya qarşı ortaq mövqeyinin parçalamağa hesablanıb.
Avropa üçün isə məsələ artıq “Ukraynaya yardım etmək və ya etməmək”dən ibarət deyil. Avropa anlayır ki, Rusiyanın Ukraynanı işğal etmək cəhdi birbaşa qitənin onilliklər boyu sabitlşdirilmiş təhlükəsizlik arxitekturasını sarsıdır və Avropa İttifaqının özünün mövcudluğuna ciddi risklər yaradır. Ona görə də Aİ Ukraynaya maliyyə, iqtisadi, hərbi və humanitar dəstəyi fasiləsiz olaraq davam etdirir. Bu dəstəyin arxasında yalnız Ukraynanın ərazi bütövlüyünün müdafiəsi deyil, həm də Avropanın öz strateji təhlükəsizliyinin təmin edilməsi dayanır.
Münaqişə başlayan zaman nə Ukrayna, nə Rusiya, nə də Avropa qarşıdurmanın illərlə davam edəcəyini proqnozlaşdıra bilərdi. Gözlənilənlərin əksinə olaraq Rusiyanın bir neçə gün ərzində Kiyevi ələ keçirmək və Ukraynada Belarusa bənzər özünə loyal hakimiyyət formalaşdırmaq məqsədi müharibənin ilk günlərindəcə iflasa uğradı. Müharibənin uzanması isə saysız-hesabsız insan itkiləri və limitsiz hərbi xərclərlə müşaiyət olunur. Müharibəni davam etdirmık üçün tələb olunan siyasi, iqtisadi, hərbi və maliyyə resursları isə sonsuz deyil. Artıq beş ilə yaxın davam edən müharibə Rusiyanın resurslarını xeyli tükəndirib. Bir zamanlar dünyanın “2-ci ən böyük ordusu” imicinə malik olan Rusiya ordusu bu gün küçədən toplanmış, hədə və şantaj yolu ilə müqaviləyə imza atmış qeyri-peşəkar “könüllü”lərdən ibarət dəstələrə çevrilməkdədir. Rusiya ərazisində yerləşən neft-qaz, elektrik, su-kanalizasiya ifrastrukturunun, eləcə də körpülərin, dəmir yollarının və iri həcmli logistika mərkəzlərinin davamlı olaraq sıradan çıxarılması Rusiyanın müharibəni davam etdirmək imkanlarını nəzərəçarpan dərəcədə məhdudlaşdırır.son günlərdə Rusiyada kütləvi səfərbərlik planlarından danışılır. Rusiya rəhbərliyi bunu inkar etsə də rəsmən elan olunmamış səfərbərliyin gizli şəkildə həyata keçirildiyi də məlum faktdır. Lakin bütün bunlar Rusiyanın Ukrayna üzərində tam qələbə qazanması üşün kifayət deyil. Kütləvi səfərbərlik həyata keçirməyin də öz riskləri var. Birincisi, yüz minlərlə vətəndaşın bir anda səfərbər edilməsi ilk növbədə onların təminat məsələsini ortaya çıxarır. Onların yerləşdirilməsi, paltar və qida ilə təmin edilməsi və hərbi təlimlərin keçilməsi, logistikası və s. çox böyük fiziki və maddi resurslar tələb edir. Məhdud sayda xarici muzdluların cəlb edilməsi də vəziyyəti öz xeyrinə dəyişmək üçün kifayət deyil. Bütün bunların həyata keçirilməsi həm də hərbi büdcənin dəfələrlə qaldırılmasını tələb edir. ABŞ və Aİ tərəfindən Rusiya üzərinə qoyulan sanksiyalar isə Rusiya iqtisadiyyatına və nəticə etibarilə maliyyə resurslarına gündən günə daha çox təsir göstərir ki, bu da milyonlarla insanın gündəlik həyatına təsir edən iqtisadi – sosial nəticələr doğurur. Müharibəni açıq tənqid etmək ciddi hüquqi risklərlə müşayiət olunduğundan, ictimai narazılığın nə vaxt siyasi reaksiyaya çevriləcəyini proqnozlaşdırmaq çətindir. Lakin Rusiya hakimiyyəti belə bir ssenarinin mümkünlüyünü də istisna edə bilməz. Rusiyanın indiki vəziyyətində səfərbərlik elan etmək cəmiyyət tərəfindən ciddi etirazla qarşılana bilər, ictimai-siyasi sabitlik pozula bilər və hadisələr mövcud hökümətin iflasına və hətta hakimiyyətin itirilməsinə qədər inkişaf edə bilər. Hakimiyyətin itirilməsinin isə Putin Rusiyası üçün misli görünməmiş fəsadlara gətirib çıxaracağı şübhəsizdir.
Rusiya- Ukrayna müharibəsinin taleyini yalnız cəbhədəki hərbi vəziyyət həll etməyəcək. Rusiya üçün insan resursları, hərbi sənayenin dayanıqlılığı, maliyyə imkanları və daxili ictimai-siyasi sabitlik bir-biri ilə sıx bağlı olan amillərdir. Ukrayna üçün isə əsas məsələ xarici dəstəyin və bunun nəticəsində müdafiə imkanlarının davamlılığıdır. Avropa üçün isə Rusiya – Ukrayna müharibəsi artıq Avropanın özünün təhlükəsizlik sistemi ilə bağlı strateji məsələyə çevrilib. Beləliklə, müharibə uzandıqca cəbhədəki güc balansı ilə yanaşı, iqtisadi və sosial dayanıqlılıq da qarşıdurmanın əsas amillərinə çevrilir.