backend

Tükəvilə məktəbində “susqunluq sistemi”: direktor barəsində cinayət işi olduğu halda necə yenidən vəzifəyə qayıtdı?

Tükəvilə məktəbində “susqunluq sistemi”: direktor barəsində cinayət işi olduğu halda necə yenidən vəzifəyə qayıtdı?
Qaynarxett.az turkdunyasiinfo.az-a istinadən xəbər verir ki, kənd sakinlərinin pul iddiaları, məktəbə gəlməyən şagirdlər, 15 min manat məsələsi və istintaq: Tükəvilə məktəbində nələr baş verir? Lənkəran rayonunun Tükəvilə kənd tam orta məktəbi son aylarda təhsil fəaliyyəti ilə deyil, məktəbin direktoru Günay İsmayılova Məqsud qızının fəaliyyəti ətrafında səslənən ağır iddialarla gündəmə gəlib.

Məsələni xüsusilə diqqətçəkən edən isə budur: direktor barəsində dələduzluq faktı üzrə cinayət işinin başladığı bildirilir, araşdırma davam etdiyi deyilən halda isə o, 2026-cı ilin sentyabrında yenidən məktəb rəhbəri kimi fəaliyyətini davam etdirir.
Bu vəziyyət bir sıra ciddi suallar doğurur.
İllərdir direktor kreslosu necə qorunur?
Günay İsmayılovanın Tükəvilə məktəbinə rəhbərliyi yeni məsələ deyil. Rəsmi təhsil mediasında 2019-cu ildə də o, həmin məktəbin direktoru kimi təqdim olunub.
Bu gün isə kənd sakinləri bildirirlər ki, direktor vəzifəsinə keçirilən müxtəlif imtahan və müsahibələr məsələsində suallar mövcuddur.
Burada əsas məsələ təkcə direktorun hansı imtahandan keçib-keçməməsi deyil.
Əsas sual budur:
Məktəb rəhbərinin fəaliyyəti ilə bağlı bu qədər ciddi iddialar və hüquq-mühafizə araşdırması olduğu halda onun vəzifədə qalmasına kim və hansı əsasla qərar verir?
“Hamısından pul alıb, amma heç kim bir-birindən xəbər tutmayıb”
Kənd sakinlərinin və bəzi məktəb əməkdaşlarının iddialarına görə, Günay İsmayılova illər ərzində müxtəlif şəxslərdən müxtəlif bəhanələrlə pul alıb.
İddia olunur ki, ayrı-ayrı şəxslərə:
“Filankəs məni işdən çıxarır”,
“Təhsil şöbəsindən mənə problem yaradırlar”,
“Anam ağır ürək əməliyyatı keçirib”
kimi səbəblər deyilib və bu yolla müxtəlif məbləğlərdə pul götürülüb.
Ən diqqətçəkən məqam isə budur: iddialara görə, pul verən şəxslərin hər birinə məsələnin gizli saxlanılması tapşırılıb.
Beləliklə, uzun müddət kənddə eyni vəziyyət yaşanıb: bir-birindən xəbərsiz insanlar eyni şəxsə pul verdiklərini bilməyiblər.
Bu iddiaların hər biri üzrə pulun verilməsini təsdiqləyən sənədlər, yazışmalar, şahidlər və digər sübutlar varsa, onların hüquq-mühafizə orqanları tərəfindən araşdırılması vacibdir.
7 min manatlıq laboratoriya vəzifəsi iddiası
Məktəbdə laborant vəzifəsi ilə bağlı da ağır iddia səsləndirilir.
İddialara görə, kənd sakinlərindən birindən həmin vəzifəyə görə 7 min manat pul alınıb.
Sonradan isə sözügedən ştatın ləğv edildiyi bildirilir.
Əgər bu pulun vəzifəyə təyin olunmaq müqabilində alındığını təsdiqləyən sübutlar mövcuddursa, məsələ sadəcə məktəbdaxili narazılıq deyil, hüquqi qiymət tələb edən ciddi iddia xarakteri daşıyır.
Burada araşdırılmalı sual sadədir:
Kim pul verib? Kim alıb? Pul hansı vəd qarşılığında verilib? Ştat nə vaxt və hansı qərarla ləğv olunub?
Məktəbin “lotereyası” və yığılan pullar
Sakinlərin bildirdiyinə görə, 2025-ci ilin sentyabrından məktəb kollektivi və kənd sakinləri arasında ayda 12 manat ödənişlə lotereya oynanılıb.
Sakinlər deyirlər ki, əvvəlki illərdə də belə oyunlar keçirilib və problem yaranmayıb.
Lakin 2025–2026-cı tədris ili ərzində ödənişlərin vaxtında verilməməsi narazılıqlara səbəb olub.
Burada da sual yaranır:
Bu pul hansı hüquqi əsasla toplanıb? Pulun uçotu aparılıb? Kim toplayıb? Kimə verilib?
Əgər bütün bunları təsdiqləyən maliyyə sənədləri mövcuddursa, onların ictimai və hüquqi araşdırmaya təqdim olunması məsələnin aydınlaşdırılmasına kömək edə bilər.
Ən ağır iddia: məktəbə gəlməyən uşaqlar
Məsələnin ən ciddi hissələrindən biri isə məktəbdə şagirdlərin qeydiyyatı ilə bağlıdır.
Sakinlərin iddiasına görə, Bakıda yaşayan və faktiki olaraq Tükəvilə məktəbində təhsil almadığı bildirilən üç uşaq məktəbin şagird kontingentinə daxil edilib.
Bu uşaqların adına dövlət maliyyələşməsinin həyata keçirilib-keçirilmədiyi isə ayrıca araşdırılmalıdır.
Daha ağır iddia bundan ibarətdir ki, həmin uşaqların hər birinin məktəbə qeydiyyata alınması müqabilində valideynlərdən bir il üçün 1500 manat pul alınıb.
Əgər bu faktlar sənədlərlə təsdiqlənirsə, məsələ artıq ciddi maliyyə və vəzifə pozuntuları müstəvisinə keçir.
Bu səbəbdən aidiyyəti qurumlardan konkret cavab tələb olunur:
Tükəvilə məktəbində qeydiyyatda olan şagirdlərin faktiki yaşayış və təhsil məlumatları yoxlanılıbmı? Dövlət maliyyələşməsi üzrə audit aparılıbmı?
“15 min manat ver, vəzifədə qal”
İddiaların ən ciddi hissələrindən biri də direktorun vəzifədə saxlanılması üçün 15 min manat tələb edildiyi barədə səsləndirilən məlumatdır.
İddialara görə, Günay İsmayılova müxtəlif şəxslərdən pul topladıqdan sonra həmin vəsaiti əldə edib və özünün dediyinə əsasən, təhsil qurumunun keyfiyyət sektorunda çalışan “Orxan M.” adlı şəxsə verib.
Əgər bu iddianı təsdiqləyən hər hansı ödəniş sənədi, bank çıxarışı, səs yazısı, yazışma, şahid ifadəsi və ya digər sübut varsa, həmin materiallar istintaq üçün olduqca əhəmiyyətlidir.
Çünki burada artıq ikinci bir sual ortaya çıxır:
Əgər 15 min manat həqiqətən verilibsə, həmin pul kimə çatıb və hansı məqsədlə verilib?
Bu suala cavab vermək hüquq-mühafizə orqanlarının işidir.
Polisə şikayət və cinayət işi
2026-cı ilin aprelində kənd sakinlərindən birinin direktor barəsində polisə müraciət etdiyi və bundan sonra Günay İsmayılova ilə bağlı dələduzluq üzrə cinayət işinin başladığı bildirilir.
Bu faktın hüquqi vəziyyəti barədə rəsmi məlumatın aidiyyəti hüquq-mühafizə orqanlarından açıqlanması ictimai maraq baxımından vacibdir.
Çünki məsələ artıq sadəcə kənd sakinlərinin narazılığı səviyyəsində deyil.
Əgər cinayət işi həqiqətən başlanıbsa, onun hansı maddə ilə başlanması, istintaqın hansı mərhələdə olması və direktor barəsində hansı prosessual qərarın qəbul edilməsi cəmiyyət üçün açıq olmalıdır.
Ananın faciəli ölümü
İddialara görə, Günay İsmayılovanın borclu olduğu şəxslərin bir qismi onun anasının yaşadığı evə də gedib.
Sonradan direktorun anasının intihar etdiyi bildirilir.
Bu hadisə ilə direktorun borcları arasında səbəb-nəticə əlaqəsi barədə hər hansı qəti nəticə çıxarmaq düzgün olmaz. Belə bir əlaqəni yalnız rəsmi araşdırmanın nəticələri müəyyən edə bilər.
Məlumata görə, anasının vəfatından sonra ev satılıb və borcların müəyyən hissəsi ödənilib.
Bu faktın özü də aidiyyəti qurumlar tərəfindən sənədlərlə yoxlanıla bilər.
Və bütün bunlardan sonra — yenidən direktor kreslosu
Ən böyük paradoks isə burada başlayır.
Barəsində ağır maliyyə və dələduzluq iddiaları səslənən, polisə şikayət edildiyi və cinayət işi başladığı bildirilən direktor 2026-cı il sentyabrın 15-dən etibarən yenidən vəzifəsinə qayıdıb.
Bu məlumat doğru olduğu halda, ictimaiyyətin cavabını gözlədiyi sual çox sadədir:
Bu qərarı kim verib?
Direktorun vəzifəyə qaytarılması üçün hansı hüquqi əsas olub?
İstintaq davam edirsə, məktəb rəhbərliyində qalmasının hüquqi vəziyyəti necə tənzimlənir?
Təhsil qurumu bu iddiaları araşdırıbmı?
Məktəbdə maliyyə auditi aparılıbmı?
Valideynlərdən pul alındığı iddiaları yoxlanılıbmı?
Məktəbə gəlməyən uşaqların şagird kimi rəsmiləşdirilməsi məsələsinə hüquqi qiymət verilibmi?
“Mən getsəm, mənimlə birlikdə başqaları da gedəcək”
Kənd sakinlərinin sözlərinə görə, direktor öz mövqeyini izah edərkən belə bir ifadədən də istifadə edib:
“Mən vəzifədən getsəm, Tükəvilə məktəbindən beş müəllim də mənim dalımca gedər, təhsildən də beş işçi mənimlə gedər.”
Əgər bu ifadənin səsyazısı, video görüntüsü və ya şahidləri varsa, onun da araşdırmaya təqdim olunması mümkündür.
Çünki bu ifadə doğru olduğu halda, daha bir sual yaranır:
Məktəbdə direktorla ayrı-ayrı şəxslər arasında hansı münasibətlər sistemi mövcuddur?
Bu, artıq bir direktorun məsələsi deyil
Burada söhbət təkcə Günay İsmayılovanın taleyindən getmir.
Söhbət dövlət məktəbindən, müəllim kollektivindən, valideynlərdən, kənd sakinlərindən və dövlət büdcəsindən gedir.
Əgər səsləndirilən iddialar əsassızdırsa, onların hər biri rəsmi sənədlərlə təkzib edilməlidir.
Əgər iddiaların hər hansı hissəsi doğrudursa, həmin faktlara hüquqi qiymət verilməlidir.
Heç bir halda məktəb rəhbərliyi ətrafında yaranmış bu qədər ciddi sualların üzərindən sükutla keçmək olmaz.
Tükəvilə kənd sakinləri cavab gözləyir.
Müəllimlər cavab gözləyir.
Valideynlər cavab gözləyir.
Və ən əsası, dövlət məktəbinin necə idarə edildiyi barədə cəmiyyət cavab gözləyir.
Aidiyyəti qurumlara sualımız konkret və açıqdır:
Tükəvilə kənd tam orta məktəbində nə baş verir və barəsində bu qədər ağır iddialar səsləndirilən direktor hansı əsasla yenidən vəzifəsinin başına qaytarılıb?
Bu sualın cavabı sənədlərlə, faktlarla və qanunun tələbləri əsasında verilməlidir.

Qarşı tərəfin də, mövqeyini işıqlandırmağa hazırıq.

Qaynarxett.az