backend

Razi Nurullayev: Sahibkar cinayətkar kimi yox, iqtisadiyyatın dayağı kimi görülməlidir

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında çıxışı zamanı sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən qanunvericilik dəyişikliklərini müsbət qiymətləndirərək, Cinayət Məcəlləsinin 208-ci maddəsinin ləğvini mühüm addım adlandırıb.

Deputat bildirib ki, müasir biznes artıq yalnız bir ölkə daxilində fəaliyyət göstərmir. Onun sözlərinə görə, sahibkarlar xarici bazarlarda fəaliyyət göstərir, logistika xərcləri ödəyir, yeni tərəfdaşlarla əməkdaşlıq edir və bəzi hallarda növbəti müqavilələrin icrası üçün vəsaitlərini xaricdə saxlamaq məcburiyyətində qalırlar. Belə şəraitdə hər gecikmənin və ya maliyyə əməliyyatının cinayət məsuliyyəti müstəvisinə çıxarılması sahibkarların fəaliyyətinə mənfi təsir göstərirdi.
Razi Nurullayev qeyd edib ki, son illər dövlət tərəfindən sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Vergi inzibatçılığının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, qeyri-neft ixracının təşviqi, kiçik və orta biznesə dəstək mexanizmləri, eləcə də kənd təsərrüfatının inkişafına yönəlmiş 6 milyard manatlıq proqram müsbət qiymətləndirilib.
Bununla yanaşı, deputat vurğulayıb ki, sahibkarlar hələ də bir sıra problemlərlə üzləşirlər. Onun sözlərinə görə, bank kreditlərinə çıxışın çətin olması, yüksək faiz dərəcələri, ağır girov tələbləri, bəzi yoxlama və icazə prosedurlarının əlavə yük yaratması, məhkəmə müdafiəsinə inamın tam formalaşmaması, eləcə də regionlarla paytaxt arasında imkan fərqləri biznes mühitinin inkişafına mane olan əsas amillərdəndir.
Deputat diqqətə çatdırıb ki, biznes obyektlərinin yaradılması və genişləndirilməsi zamanı sənədləşmə prosesinin hələ də tam şəffaf və operativ olmaması sahibkarların qarşısında ciddi maneələr yaradır. O bildirib ki, “bir pəncərə” sistemi formal olaraq mövcud olsa da, sahibkarlar müxtəlif dövlət qurumlarına müraciət etmək məcburiyyətində qalırlar. Torpaq, çıxarış, təyinat, tikinti icazəsi, kommunikasiya, yanğın və sanitariya rəylərinin alınması bəzən aylarla, hətta illərlə uzanır.
Razi Nurullayev hesab edir ki, sahibkarlığa real dəstək üçün sənədləşmə prosesi tam rəqəmsallaşdırılmalı, prosedurların icra müddətləri qanunla məhdudlaşdırılmalı və aidiyyəti qurumların məsuliyyəti dəqiq müəyyən edilməlidir.
Deputat vurğulayıb ki, 208-ci maddənin ləğvi sahibkara münasibətin dəyişməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Onun fikrincə, sahibkar cinayətkar deyil, ölkə iqtisadiyyatının əsas dayağı kimi qəbul edilməlidir. Pozuntular zamanı ilk növbədə maliyyə nəzarəti, vergi və inzibati mexanizmlər tətbiq olunmalı, cinayət məsuliyyəti isə yalnız son vasitə kimi nəzərdən keçirilməlidir.
Razi Nurullayev beynəlxalq təcrübəyə də istinad edərək bildirib ki, Avropa ölkələrində əsas diqqət sahibkarın vəsaiti harada saxlamasına deyil, əməliyyatların şəffaflığına, vergidən yayınmanın və çirkli pulların yuyulmasının qarşısının alınmasına yönəldilir. Onun sözlərinə görə, Gürcüstan və Qazaxıstan da riskəsaslı nəzarət modelinə keçərək biznesə qarşı cinayət təzyiqini azaltmağa çalışırlar.
Deputat çıxışının sonunda bildirib ki, qəbul edilən dəyişikliklərin real nəticə verməsi üçün dövlət qurumları biznesə tərəfdaş kimi yanaşmalıdır. O vurğulayıb ki, sahibkar nə qədər rahat fəaliyyət göstərə bilsə, ölkə iqtisadiyyatı da bir o qədər güclü inkişaf edəcək.