backend

Sahibkar prezidentə müraciət etdi: “İcra başçısı məni rayondan qovur…”

“Siraqqəddin Cabbarov məni özünü yandıran iki qazi kimi intihara sürükləyir”Sahibkar Əli Bağış Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovdan şikayətçidir.

Bu barədə sahibkar Prezident İlham Əliyevə müraciətində yazır.

Əli Bağış “Arqument.az”a deyir ki, Bakı şəhəri, Suraxanı rayon Qaraçuxur qəsəbəsi, Şərq massivi, ev 24 ünvanında yaşayır, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev, ev 7 mənzil 78-də   qeydiyyatdadır. Ancaq 2014-cü ildən Sabirabadın Əliləmbəyli kəndində qohumlarım ilə birlikdə  kənd təsərrüfatı ilə məşğuldur:“2019-cu ilin mart ayında Bahəddin Cəfərovun sahibi olduğu “Ariz” Kəndli Fermer Təsərrüfatınının 100 faiz payını satın almışam. “Ariz” KFT-nin Sabirabad rayonu Əliləmbəyli kəndindən 55 hektar, qonşu Bala Həşimxanlı kəndindən 30 hektar torpağı 2001-ci ildən 35 illiyə icarəyə götürməsi barədə adı çəkilən bələdiyyələr ilə müqaviləsi və Torpaq Komitəsi tərəfindən kənd təsərrüfatı malları istehsalına icazə verən şəhadətnamələri var. Hazırda təsərrüfatımda 4 nəfər işçi çalışır. 1000 başdan çox xırdabuynuzlu, 10 baş iribuynuzlu heyvanlarım və 3 atım var. 24.09.2019-cu ildə Sahibkarlığa Kömək Fondunun ayırdığı 196 min manat krediti Bank Respublika tərəfindən alıb qoyun-quzu, mal-heyvan və kənd təsərrüfatı texnikaları almışam”.
“Siraqəddin Cabbarov mənə zəng edib hədələdi”Sahibkar bildirib ki, icra hakimiyyəti ona müxtəlif vasitələrlə problemlər yaratmağa başlayıb:
“2020-ci ilin yayında təsərrüfatıma 4 nəfər gəldi. Günorta yeməyin vaxtı idi. Məcburi çörəyə dəvət etdim. Qonaqların ikisini tanıyırdım. Əliləmbəyli kənd İcra nümayəndəsi Rəsul Binəliyevlə, bələdiyyə sədri Mais Tarıverdiyev idi. Digər iki nəfəri isə təqdim etdilər; Sabirabad Rayon İcra Hakimiyyətinin kənd təsərrüfatı şöbəsinin rəisi İlham Əmənov və DƏK-nin işçisi Vəli Əliyev. Dedilər ki, guya sənin sənədlərində saxtakarlıq var. Cavabım belə oldu ki, bu sənədləri bələdiyyə və Torpaq Komitəsi verib. Mən notarius və vergi ilə 2019-cu ildə almışam. Problem varsa, o da bələdiyyədə və Torpaq Komitəsindədir. “Biz xəbərdarlığımızı etdik”, – dedilər və getdilər. Mənim problemlərim bundan sonra başladı”.
Bundan sonra Sabirabadın icra başçısı Siraqəddin Cabbarov sahibkara zəng edib və onu hədələyib:
“O vaxta kimi Sabirabad icra başçısı Siraqəddin Cabbarovla görüşməmişdim. 10 sentyabr 2020-də mənə 050-211-12-95 mobil nömrəsindən zəng gəldi. Salamsız-kəlamsız dedi ki, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdur. Dedim ki, buyurun, Siraqəddin müəllim, eşidirəm sizi. Siraqəddin müəllimlə dialoqumuz belə davam etdi:
– Sən (!) camaatı mənim üstümə niyə qaldırırsan?– Mən başa düşmədim, Siraqəddin müəllim. Niyə camaatı Sizin üstünüzə qaldırım ki?– Bütün kənd axışıb gəlib. Məndən Cənab Prezidentə şikayət edəcəklər. Camaatın niyə torpağını mənimsəmisən?– Çox hörmətli Siraqəddin müəllim, mən Azərbaycan Respublikası qanunlarının icazə verdiyi səviyyədə sahibkarlıq fəaliyyəti ilə məşğulam. Sənədlərim də var. İstədiyiniz vaxtda məni qəbul edin, sənədləri Sizə təqdim edim.Bir az fikirləşdi: – 15 sentyabr səni (!) qane edir?– O gün Sizin qəbulunuzdayam”.  “Dedi ki, get öz Cəlilabadında sahibkarlıqla məşğul ol, mənim rayonumda yox!”Onun sözlərinə görə, bütün problemlərim də məhz o gündən sonra başlayıb və icra başçısı ona bələdiyyə vasitəsilə təzyiqlər edib:
“Əliləmbəyli kənd bələdiyyəsinin 450 hektar icarəyə verilmiş torpaq sahəsi olmasına baxmayaraq, kəndin camaatının böyük qismi 02.12.2020-ci il tarixində icra başçısının birbaşa göstərişi ilə (Youtube kanalımda var “Ali Bagish”) 20 hektar arpa sahəmi, 6 hektar yonca sahəmi 500-dən çox irili-xırdalı heyvanlarla otarıb dırnaqdan çıxartdılar. Bələdiyyə sədri Mais Tariverdiyevə Siraqəddin Cabbarov tərəfindən birbaşa göstəriş verildi ki, “Ariz” KFT-nin 2001-ci il bağlanmış müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə iddia qaldırılsın. Siraqəddin müəllim 2 dəfə telefonda mənimlə danışanda dedi ki, get öz Cəlilabadında sahibkarlıqla məşğul ol, mənim rayonumda yox! Açığı, rayonu necə özəlləşdirib, başa düşə bilmirəm…”
 Sahibkar Əli Bağış
“19 aprel 2023-cü ildə Şirvan Şəhər İnzibati Məhkəməsində  mənimlə kənd bələdiyyəsinin məhkəmə prosesi olmalı idi. İcra başçısı Siraqəddin Cabbarovun və bələdiyyə sədri Mais Tarıverdiyevin rəhbərliyi altında kənd əhalisinin bir qismi öyrədilməklə heyvanlarını  məhkəmənin nəticəsini gözləmədən mənim fermamın heyvanları üçün nəzərdə tutulan otlaq sahələrini otarmışdılar. 10 aprel 2023-cü il tarixində Sabirabad rayon Əliləmbəyli kəndində kənd əhalisi ilə görüş keçirən Siraqəddin Cabbarov, əhalinin mənim icarəmdə olan torpaqlar ilə bağlı:  “Nə edək?” sualına: “Gedin nə tikib,  nəyi var, uçurub dağıdın”, – deyə təlimat verib. Mənim təsəsrrüfat müdirim Qadir Şirəliyevin atası Əlisa Şirəliyev deyib ki, siz insanları davaya, qana yönəldirsiniz, hörmətli icra başçı”, – deyə Əli Bağış yazır.
“Başçı deyib ki, onu buradan rədd eləyəcəyəm!”Sahibkar deyir ki, icra başçısı eyni ritorika ilə Əlisa Şirəliyevə də cavab verib:
“Mən və oğlanlarım Vətənə canla-başla xidmət etmişik. Kiçik oğlum  İzzət Şirəliyev Sərhəd Qoşunlarının Xüsusi Təyinatlı qüvvələrində bütün Qarabağın azad olunmasında iştirak edib, 6 döyüş medalı var və hazırda da peşəkar hərbiçi kimi Kəlbəcər bölgəsindədir. Biz bu kəndin əhalisiyik və bu kənddə doğulmuşuq. Bizim ailəmiz ordan dolanır. Bizə torpaq olmaz? – deyə Əlisa Şirəliyev başçıya sual verib.  Böyük mübahisə yaranıb. Siraqəddin Cabbarovun verdiyi cavab belə olub: “Əli Bağış gedib öz doğulduğu Cəlilabadda təsərrüfat qursun, burda yox! Qəti narahat olmayın, onu buradan rədd eləyəcəyəm!” Onu da qeyd edim ki, mənim özümdə 1-ci Qarabağ müharibəsi iştirakçısıyam”.
“İcra başçısı küçə jarqonu ilə danışır”Sahibkar ölkə başçısına ünvanladığı məktubda icra başçısını küçə jarqonunda danışmaqda ittiham edir:
“Cənab Prezident, Azərbaycan hökumətini yerlərdə təmsil edən bir vəzifəli şəxs, küçə jarqonuyla necə danışa bilər? Heç xəcalət çəkmir? Harada yazılıb ki, hər kəs yalnız doğulduğu yerdə işləməli və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır?  Elə isə Siraqəddin Cabbarov niyə doğulduğu rayon və ya bölgədə işləmir? Dədə-babasının doğulduğu Qərbi Azərbaycanda, hazırkı Zəngəzurun Sisyan (Qarakilsə) bölgəsində işləmir?  Belə məmurlar Sizin apardığınız siyasətə kölgə salır. Sizin sahibkarlığın inkişafı üçün yaratdığınız imkanlardan faydalanmaq əvəzinə,  sahibkarlar icra başçısı Siraqəddin Cabbarov kimi məmurların sayəsində bürokratik əngəllər ilə qarşılaşır. Bütün ətraf kəndlərin heç birisində, ən azı 5-6 kənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir nəfər də olsun yoxdur. Yalnız mənəm”.
“Bələdiyyə sədri Mais Tarıverdiyev 20-30 qoyunu olan vətədaşlara  20, 30, 40 ha və hətta öz bacısının həyat yoldaşına  – Məzəliyə 50 hektar torpaq ayırır və onların müqavilələrinin vaxtını artırır, amma “Ariz”KFT ilə 20 il öncə bağlanmış qanuni müqaviləni ləğv edir? Bu necə olur? Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovun məndən istədiyi nədir, vallah bilmirəm! Desəm rüşvət istəyib və ya istəyir? Yalan olar! Desəm mal-qoyun istəyir, yenə yalan olar!  Məqsədi nədir, dəqiq bilmirəm. Min bir zəhmətlə iş qurmuşam. Maldarlıq və qoyunçuluq qədər ağır zəhmət tələb edən ikinci bir kənd təsərrüfatı sahəsi yoxdur. Əkinçilik mövsümü işlərdir. Ya yazda olur, ya da ki payızda. Maldarlıq  və  qoyunçuluq sahəsi isə bütün il boyu gecə-gündüz zəhmət tələb edən sahədir”, – sahibkar qeyd edib.
“İcra başçısı sizin göstərişinizin əleyhinə çıxır” “Cənab Prezident, siz dəfələrlə və dönə-dönə, sahibkarların işlərinə maneə yaratmamaq ilə bağlı icra hakimiyyəti başçılarına xəbərdarlıq etməsinə baxmayaraq, Siraqəddin Cabbarov  heç nədən çəkinməyərək dediyinizin əksini edir. Onun kömək etməsini istəmirəm, mənə mane olmasın. Hökumətimiz mənə kifayət qədər kömək edir; güzəştli kredit verir, subsidiya verir, vergilərdən azad edir. Sizdən ricam budur ki, icra başçısı Siraqəddin Cabbarovun fəaliyyətimə mane olmağının qarşısını almaqda köməyinizi əsirgəməyəsiniz! Bu mənim sizə üçüncü müraciətimdir. Əliləmbəyli kənd icra nümayəndəsi Rəsul Binəliyev və bələdiyyə sədri Mais Tarıverdiyev  rayon icra başçısı Siraqəddin Cabbarovla birlikdə sahibkarlıq fəaliyyətimə qarşı işbirliyi yaradıblar”, – sahibkar ölkə başçısına məktubunda yazıb.
 “Siraqqəddin Cabbarov məni özünü yandıran iki qazi kimi intihara sürükləyir”.O deyir ki, Əliləmbəyli kənd icra nümayəndəsi Rəsul Binəliyev və bələdiyyə sədri Mais Tarıverdiyevin köməyi ilə kənd camaatından 20-30 nəfəri rayon İH-nin qarşısına aparır və Siraqəddin Cabbarova əhalinin otlaq sahəsinin olmadığını barəsində müzakirələr təşkil edirlər:
“Guya əhalini sakitləşdirmək adıyla da mənə, təzyiqləri hər gün artırırlar. Məni bezdirib geri çəkilməyimi istəyirlər. Sonda da Rəsul Binəliyevlə və Mais Tarıverdiyev Sabirabad rayon icra hakimiyyətinin kənd təsərrüfatı şöbəsinin rəisi İlham Əmənovla birgə “Ariz” KFT-nin icarəsində olan 55 ha  torpağı öz aralarında pay-püş edələr. İstəkləri odur ki, mənim istifadəmdə olan torpaq sahələrini  istədikləri adamlara müqvilə bağlayıb, satalar. Necə ki indiyə kimi ediblər! Bəlkə, Siraqəddin Cabbarov iki Qarabağ qazisini (Ən azından sosial şəbəkələrdə yayınlanan video lentlərdən elə bəlli olur!) intihara sürüklədiyi kimi məni də intihara vadar edəcəyini zənn edir? Çox yanılır! Mən zəif iradəli adam deyiləm. Tələbəykən 20 Yanvarda rus tankından qorxmadım, indi bir “balaca padşah”danmı qorxacağam və ya zəiflik göstərəcəyəm?! Əsla! Siraqəddin Cabbarov 1959-cu ildə doğulsa da, 1-ci Qarabağ savaşında iştirak etməyib. Müharibə başlayanda 32 yaşında olub. Mən iki körpə övladım və ailəmi evdə qoyub 28 yaşında Qarabağ savaşına getmişəm. Bəlkə, elə mənə olan nifrətinin və kininin səbəbi budur?!” – belə yazır sahibkar Əli Bağış Ələskər oğlu.
Arqument.az”ın əməkdaşı sahibkarın şikayəti ilə bağlı icra başçısı Siraqəddin Cabbarov, onun köməkçisi Mirzağa Hümbətov və başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilovaya dəfələrlə zəng etsə də, heç biri telefona cavab verməyib.