backend

Xankəndidə anti-terror əməliyyatı keçirmək imkanı yaranıb – HƏQİQƏTƏN DƏ…

Neçə müddətdir ki, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi dayanıb. Danışıqların dayanması Azərbaycandan asılı deyil. Əslində bu danışıqlar iki ölkə arasında münasibətləri ehtiva edirdi, Qarabağla bağlı məsələ bu danışıqların predmeti deyildi. Düşünürəm ki, prosesin irəli aparılmasında, bütövlükdə iki ölkə arasında sülh sazişinin imzalanmasında nə Ermənistan, nə Rusiya, nə də Qərb dövlətləri maraqlıdır. Ona görə də, Ermənistana masa altından dəstək verilir, İrəvan da danışıqlarla bağlı hansısa şərtlər irəli sürür”.
Bu sözləri Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Azərbaycan-Ermənistan danışıqları barədə deyib.
Onun sözlərinə görə, normalda Ermənistan və ermənilər anlamalıdırlar ki, regionun inkişafı başqa dövlətlərin marağını güdməklə, onların əlaltısı olmaqla baş verməyəcək. Əksinə, bu, erməni xalqını faciələrlə üzləşdirəcək, əlavə problemlər yaradacaq.
Q. Əlibəylinin fikrincə, Ermənistan son məqamda Azərbaycanla sülh sazişi imzalamağa məcbur olacaq.
Regionda vəziyyətin mürəkkəb olduğuna diqqət çəkən partiya sədri hərbi qarşıdurma gözləmir: “Amma Azərbaycan tərəfində hüquq yaranır ki, Xankəndi şəhərində anti-terror əməliyyatı keçirsin. Çünki Azərbaycan tərəfi hər gün rus sülhməramlıların nəzarəti altında olan ərazidən atəşə tutulur, təxribatlarla üzləşir, bölgədə gərginliyin alovlandırılmasına cəhdlər edilir. Beləcə, burada gərginliyin olduğu təəssüratı yaradılır. Bu mənada məncə, Azərbaycan Rusiya və Ermənistanla hesablaşmadan öz əraziləri üzərində suverenliyini bərpa etməlidir. Mən hərbi qarşıdurmanı deyil, Azərbaycanın anti-terror əməliyyatı keçirməsini mümkün sayıram”.
Q. Əlibəyli qeyd edib ki, indiki mərhələdə Ermənistan gərginliyin yaranmasında maraqlıdır: “Ermənilər göstərmək istəyir ki, bölgədə sabitlik yoxdur, onlar Azərbaycanla saziş imzalaya, ermənilər azərbaycanlılarla birgə yaşaya bilməzlər. Eyni zamanda belə addımlarla bölgəyə beynəlxalq sülhyaratma adı ilə Qərb təşkilatlarını cəlb etmək istəyirlər. Beləcə, prosesi uzatmaq, müəyyən qədər vaxt qazanmaq və gələcəkdə vəziyyətdən asılı olaraq hərəkət etməyi düşünürlər”.