backend

Ermənistan Bakıya təqdim etdiyi 6 bəndlik təkliflərini açıqladı: “Qarabağa status istəyirik”

Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan rəsmi İrəvanın Azərbaycanla sülh danışıqlarına başlamaq üçün rəsmi Bakıya təklif etdiyi 6 bənddən ibarət paketi açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, Marukyanın açıqladığı bəndlər təklifdən daha çox, razılaşa biləcəkləri məsələləri və ümumi mövzuları əhatə edir.

Qeyd edək ki, təkliflərin birinci bəndində qeyd olunur ki, martın 11-də İrəvan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb və ona cavab olaraq bu sənədi təqdim edirlər.

İkinci bənddə vurğulanır ki, Ermənistan Respublikasının Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur. “Ermənistan MDB-nin yaradılması haqqında Azərbaycan Respublikası ilə 8 dekabr 1991-ci il tarixli sazişə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb. Ermənistan onu 1992-ci il fevralın 18-də ratifikasiya edib. (Yəni imzalanan zaman tərəflər bu struktura qoşularaq bir-birini tanıyıblar)”.

Həmin təkliflərin üçüncü bəndində bildirilir ki, erməni tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, eləcə də Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir.
Dördüncü bənddə erməni tərəfi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında göstərilən öhdəliklərin (müharibə əsirlərinin qaytarılması, kommunikasiyaların açılması) yerinə yetirilməsini vacib hesab edib.

Həmin təkliflərin beşinci bəndində isə yazılır ki, Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır. “Sonuncu bənddə isə müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etdiyini qeyd edib”.

Bildirək ki, Ermənistan tərəfinin təklif olaraq açıqladığı bəndlər mahiyyət etibarı ilə Bakının mövqelərinə zidd deyil. Burada yalnız Dağlıq Qarabağ məsələsində qeyd olunan fikirlər Azərbaycan tərəfindən müzakirə oluna bilər. Müzakirə olunacaq hissə isə statusla əlaqəlidir ki, Bakı da bu şərti qəbul etməyəcək. Çünki Azərbaycan tərəfi Qarabağa hər hansı status vermək fikrində deyil və bunu dəfələrlə açıqlayıb.