backend

Namik Xıdırov Meşələrin İnkişafı Xidmətinə rəhbər vəzifəyə qaytarılır?

Ən yaxın vaxtda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ən qalmaqallı strukturu olan Meşələrin İnkişafı Xidmətində (keçmiş Meşələrin İnkişafı Departamenti – red.) rəhbər dəyişikliyi gözlənilir. Bu barədə redaksiyamıza etibarlı mənbədən məlumat verilib. Sözügedən sahədə baş verən hadisələri diqqətlə izləyən oxucularımız yaxşı bilirlər ki, bu struktura rəhbərlik edən şəxslər həmişə ictimai qınağın obyektivinə tuş gəliblər. İndiyədək saytımızda meşələrin talan edilməsi mövzusunda yetərincə informasiyalar gedib.

Sonuncu dəfə bu mövzuda qələmə aldığımız məqalədə bir statistikanı önə çıxarmışdıq: Ağaqardaş Qardaşovun Departamentə rəhbərlik etdiyi 2019-cu ildə qırma göstəricisi 20 min kub-metrə yaxın olub. Onu direktor vəzifəsində Namik Xıdırov əvəzləyəndən sonra həmin göstərici 2020-ci ildə 11 min kub-metrə, 2021-ci ildə isə 8 min kub-metrə düşüb. Bir il əvvəl həmin vəzifəyə Xalıqverdi Hüseynov təyin olunandan sonra 2022-ci il üzrə qırma göstəricisi yenidən 50-60 faiz sıçrayaraq 22 min kub-metrə yüksəlib.
Diqqətəlayiq məqam kimi onu da vurğulamışdıq ki, paralel olaraq qanuni qırma sahələrindən oduncaq satışından dövlət büdcəsinə mədaxil göstəricisi də təzadlı olub. Belə ki, Namik Xıdırovun rəhbərliyi dönəmində qırmalar az, mədaxil çox olduğu halda, indi tam əksinə, qırma yüksəlib, mədaxil isə azalıb. Bu isə ondan xəbər verir ki, meşələrin qanunsuz məhv edilməsi çoxalıb. Respublika üzrə meşə talançılığı tendensiyasının dərinləşməsi ilə yanaşı, meşə təsərrüfatına kadr seçimində qeyri-peşəkarlara üstünlük verilməsi meyli də aşkar müşahidə olunmaqdadır. ETSN sistemində qeyri-peşəkarların irəli çəkilməsində patronajlığı isə nazir müavini Vüqar Kərimov etdiyi şübhəsizdir. Bunun sübutu kimi xidmət edəcək xeyli informasiyalar yayılıb.
Bütün bunlar Namik Xıdırovun yenidən Xidmət rəisi vəzifəsinə qaytarılmasına qərar veriləcəyi barədə xəbərlərin doğruluğuna inam yaradır. Namik Xıdırov çalışırdı ki, işçilərinin vəzifə öhdəliklərinə münasibətləri ilə bərabər, onların meşəyə, ağaclara olan yanaşma tərzi də dəyişsin. Bilsinlər ki, meşələr, birinci növbədə Azərbaycan xalqının təbii sərvətidir, digər tərəfdən, meşə örtüyünün yaşadığımız planet və ölkəmiz üçün əhəmiyyətlidir. Onun vaxtında Xidmətə daxil olan hər bir şikayətə, tənqidə, sosial şəbəkələrdəki iradlara dərhal reaksiya verilirdi, yəni Xıdırov şikayətdən, tənqiddən qaçmırdı. Əksinə, hesab edirdi ki, belə iş şəraiti fəaliyyətin güzgüsü olub, əskikləri aradan qaldırmağa kömək edir. Xıdırov öz işinə vicdansız yanaşan işçilərin olduğunu danmırdı. Eyni zamanda meşə ətrafında yaşayan sakinlərin də meşəyə münasibətinin birmənalı olmadığını deyirdi. Xıdıovun Xidmətə rəhbərlik etdiyi dönəmdə şikayətlərin sayında da nəzərəçarpacaq azalma vardı. Xıdırov ictimai nəzarətin həyata keçirilməsi məqsədilə oduncaq tədarükünün yerlərdəki QHT nümayəndələri və ictimai fəalların iştirakı ilə aparılmasını təmin edirdi.
2019-2021-ci illərdə əkilən, bərpa edilən sahələr əvvəlki illərdən daha çox olmuşdu. Xıdırovun qarşıdakı illər üçün planları geniş idi. Daha böyük şövqlə, qələbə əhval-ruhiyyəsi ilə azad olunmuş Qarabağ bölgəsi də daxil olmaqla, bütün ölkə ərazisinin meşə fondu torpaqlarında milyonlarla ağac əkmək. Amma onun əkin-bərpa işlərinin bəhrəsini görməsinə imkan verilmədi.

İbrahim Hümbətov