backend

Lənkəranın bələdiyyə sədri CAVAB VERMƏLİ OLACAQ... - DETALLAR

Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın cinayət əməlində ittiham olunduğunu xəbər vermişdik. İddialara görə o, bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən 1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızının ölüm faktını gizlədib və mərhumun təqaüd kartına sahiblənib. İki il sonra isə mərhumun ölümü ilə bağlı saxta arayış verib.

Məsələ ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə Bizim.Media-ya Respublika prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib.

Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər.

Məlumatı Bizim.Media-ya verən mənbənin iddiasına görə bələdiyyə sədrinin anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib.

İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib. Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib.

Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın saytımıza verdiyi açqlamaya görə saxta arayışın verilməsi işçisinin yalnışlığı səbəbindən olub. Ölən şəxsin təqaüdünü isə özü deyil, nəvəsi mənimsəyib.

Bundan isə mərhumun nəvəsi bələdiyyəyə arayış üçün müraciət edəndə xəbərləri olub. Aygün Mirzəyeva bu məsələdə ona böhtan atıldığını iddia edir.

Onu da bildirək ki, mərhum dünyasını dəyişərkən ona qeydiyyatda olduğu ünvandakı tibb müəssisəsi tərəfindən ölüm kağızı verilməyib. Amma Lənkəran şəhər “Böyük bazar” qəbiristanlığında dəfn edilib.

Görünən qədərilə, cinayət əməlində Lənkəran şəhər bələdiyyəsi ilə yanaşı TƏBİB də məsuliyyət daşıyır. Hərçənd ki, TƏBİB təxminən 20 gün əvvəl onlara bu barədə ünvanladığımız sorğumuzu hələki cavablandırmayıb.

Belə ki, ölüm faktının hansı məqsədlə və necə gizlədilməsi, mərhumun ailəsinə ölüm kağızı verilməməsi, ölən şəxsin adına olan bank kartının ləğv olunmaması, DSMF tərəfindən təyin olunan təqaüdün kəsilməməsi məsələləri isə müəmmalı olaraq qalır...

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 179.2.4.(xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsinə görə təqsirləndirilən şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 313-cü maddəsinə (vəzifə saxtakarlığı) görə tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə şəxsi 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.

320. 2-ci maddədə isə (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) qeyd olunur ki, şəxs 200 manatdan 500 manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.