backend

“Belə anti-sanitariya şəraitində hansı təhsildən söhbət gedə bilər?” - NARAZILIQ VAR...

Cəlilabadın 15 mindən çox əhalisi olan Göytəpə şəhərində üç məktəb fəaliyyət göstərir. Amma hər üç məktəbin binasının qəzalı vəziyyətdə olduğu deyilir.

Bu barədə Meydan TV-yə Göytəpə sakinləri məlumat veriblər. Sakinlər deyirlər ki, 1 və 3 saylı məktəblər 2 saylı məktəbə nisbətən yaxşı hesab oluna bilər. Baxmayaraq ki, həmin məktəblər də qəzaldır, hər an təhlükə baş verər. İki saylı məktəb isə ümumiyyətlə, üç-dörd ballıq zəlzələyə davamlı deyil. Onların sözlərinə görə, savad dalınca məktəbə gedən uşaqlar xəstəlik tapırlar.

Sakinlərdən biri – Zaur Xəlilov bildirib ki, həmin məktəbi illər əvvəl bitirib. Hazırda övladı 2 saylı məktədə təhsil alır. Son on-on beş ildə heç nə dəyişməyib, əksinə bina getdicə daha da bərbad hala düşüb. Məktəbin tavanı, döşəməsi çöküb, divarları nəmişlikdən qaralıb. Yağış yağarkən su siniflərə dolur. Qışda uşaqları məktəbə göndərə bilmirlər.

“Məktəbdə istilik sistemi yoxdur, odun sobası ilə qızdırmağa çalışırlar. Qapısı, pəncərəsi örtülməyən, yamaq-yamaq olmuş məktəbi odun sobası qızdıra bilmir. Sinif otaqlarında taxta döşəmə çürüyüb, uşağın ayağı çalaya düşür. Binanın təmiri mümkün deyil, söküb, yerində yenisini tikmək lazımdır”, – Xəlilov bildirib.

Məktəbdə 600-dən çox şagird təhsil alır. Bu təhsil ocağının binası 50 ildən çoxdur əsaslı təmir edilmir. Sonuncu dəfə bir-iki il əvvəl valideynlərə yeni məktəb binası tikiləcəyinə söz verilib.
1 və 3 saylı məktəblərin də təmirə ehtiyacı var. Pəncərələr sellofan torbalarla qapadılıb, divarlarda iri çatlar yaranıb. Sakinlər deyirlər ki, rayon mərkəzindən sonra ikinci ən böyük şəhər hesab edilən Göytəpədə gənclərin vaxt keçirmələri üçün mədəniyyət evi, idman meydançası yoxdur.

“Heç olmasa məktəblərə diqqət ayırsınlar. Elə bil Göytəpə unudulub, heç kimin yadına düşmür. Uşağı məktəbə göndəririk, ya xəstələnir, ya da başına hansısa fəlakət gələcəyindən narahat ola-ola yaşayırıq. Belə anti-sanitariya şəraitində hansı təhsildən söhbət gedə bilər?” – Xəlilov qeyd edib.

Göytəpə Şəhər Bələdiyyəsinin sədri İlqar Həsənov Meydan TV-yə bildirib ki, 2 saylı məktəb əvvəllər kilsənin at tövləsi olan binada yerləşir. Binada 40 ildən çoxdur dərs keçirilir.

“Ora məktəb deyə bilmərəm, at tövləsi kimi də yararlı deyil. Məktəblərin təmirə ehtiyacı olması ilə bağlı rayon rəhbərliyi səviyyəsində aidiyyatı qurumlara müraciət olunub. Amma hələ ki, məktəb tikintisinə başlanılmayıb. Göytəpədə qaz, işıq var, amma məktəblər qəzalı vəziyyətdə olduğundan qazla deyil, odun sobası ilə qızdırılır. Hər üç məktəbin təmirə ehtiyacı var”, – bələdiyyə sədri deyib.

Məktəbdən isə bildiriblər ki, binanın vəziyyətindən Elm və Təhsil Nazirliyi xəbərdardır. Onlara tezliklə yeni binanın tikintisinə başlanılacağını deyiblər.

Elm və Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

“Belə anti-sanitariya şəraitində hansı təhsildən söhbət gedə bilər?”

Mənbə: Meydan TV