backend

13 ildir həll olunmayan sənədsiz ev problemi vətəndaşı "evsiz" qoyub - "Oturdular, danışdılar, dağılışdılar"

Azərbaycanda sənədsiz evlərin sayı azalmır, əksinə, daha da artır. Bir neçə il əvvəl bu istiqamətdə ciddi müzakirələr aparılmışdı. Onda təxminən 500 sənədsiz evdən danışılırdı. İndi sayın 1 milyona çatdığı iddia olunur. Deputat Siyavuş Novruzov da bir neçə gün əvvəl Milli Məclisdəki çıxışında bu sayı dilə gətirib.

Bizimyol.info xəbər verir ki, sənədsiz mənzillərə mülkiyyət sənədi verilməsi 15 ilə yaxındır müzakirə olunur. Bu istiqamətdə heç bir irəliləyiş yoxdur.

Məsələn, Gürcüstanda “tikinti amnistiyası” çərçivəsində bütün kənd və şəhərlərdə 1 milyona yaxın sənədsiz mənzilin özəl mülkiyyət kimi qeydiyyata alınması barədə qərar verilib. Azərbaycanda buna böyük ehtiyac var. Sənədsiz mülklərin sahibləri qeyri-müəyyən vəziyyətdə qalıblar. Onlar necə davranacaqlarını bilmirlər.

Siyavuş Novruzov Milli Məclisdə deyib: “Cənab prezident bir neçə dəfə tapşırıq verib ki, sənədsiz evlər qeydiyyata alınsın. Elə adamlar var, orada artıq nəvəsini evləndirib, gəlin köçürdüb. Bu məsələni kim həll etməlidir? BMT qətnamə çıxarmalıdır? Tapşırıq verilib, yerinə yetirin də. Bu evlərdən toplanan vergilər, kommunal ödəmələr dövlət büdcəsinə daxil olacaq. Vətəndaşı qeydiyyata almamaq onu dövlətdən narazı salmaq deməkdir. Otuz il tikdiyi evdə yaşayana şəxsiyyət vəsiqəsi vermirlər. Bu məsələ həllini mütləq tapmalıdır”.

İqtisadçı Rövşən Ağayev azı 13 il itirildiyini bildirib. Onun fikrincə, indiyə qədər məsələ həllini tapmalıydı: “Heç bir real addım atılmadı bu müddətdə. 13 il danışmaqdansa, bir dəfə iradəli bir qərar qəbul etmək lazımdır”.

2011-ci ilin martında Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə dövlət başçısı rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. 2015-ci il yanvarında isə sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalanıb. Amma hökumətin məsuliyyət daşıyan seqmentləri işi başa çatdırmır. Anlamaq olmur ki, hökumət sənədsiz evlərə mülkiyyət sənədi verilməsi probleminə niyə barmaqarası yanaşır. Həmin mülklərin sahibləri sənədləşmə məsələlərində nə qədər əziyyət çəkir. Azsaylı faktları nəzərə almasaq, əksəriyyət kommunal ödənişlərdən boyun qaçırmır. Təsəvvür edin, ayrı-ayrı dövlət qurumları qaz, su, işıq pulları toplayır, amma hökumət mülk sahibinə sənəd vermək istəmir.

Vətəndaşlar mülkləri inşa edəndə qarşısına yalnız bir məqsəd qoyub: yaşam imkanlarını yaxşılaşdırmaq, ev sahibi olmaq. Ev şəraiti yaxşı olsa, mənzil almaq imkanları görünsə, heç kim belə risk etməz. Hökumət daha vaxt itirməməlidir. Daha 14-15 il gözləməyə ehtiyac yoxdur.

Mənbə: Bizimyol.info