backend

Bakıda 12 nəfər bir qrup şəxs tərəfindən aldadılıb

Bakıda 12 nəfər bir qrup şəxs tərəfindən aldadılıb






















Kredit götürən şəxslər bunun qarşılığında mənzillərini, ticarət obyektlərini girov qoyublar.

Lakin borclarını ödədikdən sonra mənzillərini və obyektlərini geri ala bilməyiblər. Səbəb isə imzalanan müqavilədə kredit məbləğinin vətəndaşlara verilən məbləğdən bir neçə dəfə çox göstərilməsidir.

Vətəndaşları aldadan şəxslər Rüstəmova Ceyran, Hüseynova Reyhan, Rüstəmova Kəmalə, Gülməmmədova Mətanət, Rəsulov Yaşar və Namazov Sakitdir. Onlar vətəndaşlara məxsus olan mənzillərin və obyektlərin qarşılığında onlara kredit veriblər. Lakin verilən məbləğ vətəndaşa təqdim edilən puldan artıq göstərilib. Borcunu ödəyən vətəndaşlar sonradan aldadıldıqlarını anlayıblar. Lakin artıq iş işdən keçmiş olub.

Zərərçəkmiş şəxslərdən biri də Ələkbər Rəhimovdur. O, kürəkəni üçün kredit götürmək məqsədi ilə evini girov qoyub.

Qeyd edək ki, adlarını qeyd etdiyimiz şəxslər “Birja” qəzetində reklam yerləşdirərək, girov qarşılığında kredit təşkil etdiklərini bildiriblər. Gələn müştərilərlə Mətanət Gülməmmədova görüşürmüş.

Zərərçəkmiş Ələkbər Rəhimovun qohumu Etibar Əhmədov kredit almaq məqsədi ilə M.Gülməmmədova ilə əlaqə saxlayaraq, onunla görüşüb. 26 min manat kredit götürmək istəyən E.Əhmədov M.Gülməmmədova ilə razılaşdıqdan sonra qrupun digər üzvü Ceyran Rüstəmova ilə görüşüb.

C.Rüstəmova gələn müştərilərlə girov qoyulan evlərə, obyektlərə baxış keçirib, onlara veriləcək kredit məbləğini müəyyən edən şəxs olub. Üçotaqlı evə baxış keçirildikdən sonra Ələkbər Rəhimovun da razılığı ilə Etibar Əhmədova 26 min manat kredit verilib. Lakin sənədləşdirmədə bu məbləğ 35 min manat göstərilib. C.Rüstəmova bunun faiz olaraq, hesablandığını deyib. 32 nömrəli notariusda müqavilə natarial qaydada təsdiqlənib.

Notariusun əməkdaşı olan Yaşar Rəsulov sənədləşmə işinin sürətlənməsi işini həyata keçirirmiş. Ələkbər Rəhimov müqavilə imzalandıqdan sonra bilib ki, məbləğ 35 min manat yox, 70 min manatdır. Bununla bağlı narazılıq yaranıb. Lakin Mətanət Gülməmədova Ələkbər Rəhimovu razı sala bilib. Ə.Rəhimova verilən başqa bir sənəddə məbləğ 35 min manat göstərilib.

Kredit tam ödənildikdən bir müddət sonra Xətai Rayon Məhkəməsi Ə.Rəhimovun evinin əlindən alınması haqda qərar çıxarıb. Bu proseslərdən isə Ə.Rəhimovun xəbəri olmayıb. Sonradan məlum olub ki, müqavilədə göstərilən məbləğdən əlavə 35 min manat ödənilmədiyi üçün ev Ə.Rəhimovdan alınaraq, C.Rüstəmovanın adına keçirilib.

Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Sonradan məlum olub ki, bu qrup artıq bir neçə dəfə vətəndaşları aldadaraq, onların əmlaklarını mənimsəyiblər. Məlum olub ki, 2012-ci ildə Bakı Şəhər Prokurorluğunda Ceyran Rüstəmova barəsində cinayət işi açılıb. Və 3 ildir ki, heç bir nəticə əldə edilməyib.

Vətəndaşların baş prokuror Zakir Qaralova müraciətindən sonra Ceyran Rüstəmova, Reyhan Hüseynova və Kəmalə Məmmədova həbs ediliblər.

Mətanət Gülməmmədova isə 9 aylıq axtarışdan sonra tapılmayıb. Zərərçəkmişlərdən birinin daxili işlər naziri Ramil Usubovun qəbulunda bu məsələni qaldırması Mətanət Gülməmmədovanın da həbsinə səbəb olub. Nazirin tapşırığı ilə aparılan araşdırmadan sonra M.Gülməmmədova da həbs edilib.

Bakı Şəhər Prokurorluğunda davam edən 3 aylıq istintaqdan sonra iş Ağır Cinayətlər Məhkəməsinə verilib.

Narazı vətəndaşlar deyirlər ki, hazırda həmin şəxslərin azadlığa buraxılması istiqamətində işlər görülür. Zərərçəkmişlərin iddialarına görə, həbs edilənlər yüksən vəzifəli şəxslərin himayəsindədirlər.

Başqa bir zərəçəkmiş Səkinə Sadıqovanın da mülkü əlindən alınıb və Ceyran Rüstəmovanın adına keçirilib: “İkimərtəbəli mülkümü ələ keçiriblər. Mənə Respublika Bankdan ipoteka verəcəkdilər. 2013-cü ilin noyabrında məni aldatdılar. Mülk adımdan çıxarılıb. Kredit üçün Reyhan Hüseynova və Ceyran Rüstəmova ilə danışmışdım. 35 saylı notariusda müqavilə imzalamışdıq. Notariusun müdiri Cahid Məmmədov idi. İşi tezləşdirmək məqsədi ilə məndən 2500 manat da pul aldılar”.

Səkinə Sadıqova hazırda öz mülkündə yaşasa da, əmlakının Ceyran Rüstəmovanın adına keçirildiyini deyir.

İlahə Abdulova isə artıq məhkəmə qərarı ilə evindən çıxarılan zərərçəkmişlərdəndir. İ.Abdulavanın anası Ceyran və Kəmalə Rüstəmova bacıları ilə görüşərək, 5 min manat kredit götürmək istədiyini bildirib.

İ.Abdulova anasına 5 min manat kredit verildiyini, lakin müqavilədə 21 min manat göstərildiyini deyir: “Anamı aldadıblar. 5 min kredit veriblər. Amma 21 min manat yazıblar. Aldığımız məbləği ödəmişik. Sonra bildik ki, evimizi bizdən xəbərsiz satıblar. İcradan gəldilər ki, evdən çıxın. Ötən ilin aprel ayından kirayədə yaşayırıq”.

Aldadılanlardan biri də Qarabağ əlili Bəxtiyar Məmmədovdur. O da kredit götürüb, ödəyənlərdəndir. Lakin sonradan onun da evi özünün xəbəri olmadan məhkəmə qərarı ilə əlindən alınıb.

Şikayətçilər deyirlər ki, bu şəxslərin məqsədi verdikləri pulu aldıqdan sonra mülkləri də ələ keçirməkdir və sırf bu məqsədlə fəaliyyət göstərirlər.

Narazı vətəndaşlar artıq 3-cü dəfədir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmək istəyiblər. Lakin onların bu istəyi qəbul edilmir.

Narazı vətəndaşlar əllərindən alınan mülklərinin geri qaytarılmasını tələb edirlər.