backend

Iki şöbə müdirinin törətdiyi fəsadlar Təhsil Nazirliyinin fəaliyyətini bərbad hala salıb

Iki şöbə müdirinin törətdiyi fəsadlar Təhsil Nazirliyinin fəaliyyətini bərbad hala salıb


















Fərzəli Qədirov və Faiq Şahbazlı hələ də köhnə əməllərindən əl çəkməyiblər

Mikayıl Cabbarov təhsil naziri vəzifəsinə təyin ediləndən sonra bir sıra islahatlar həyata keçirib. Nazirin imzaladığı əmrlə onlarla məktəbin direktoru dəyişdirilib, işinin öhdəsindən layiqincə gələ bilməyən təhsil şöbələrinin müdirləri tutduqları vəzifələrdən xaric ediliblər. Bu islahatların yaxın gələcəkdə də davam etdiriləcəyi gözlənilir. Həmçinin onu da vurğulamaq lazımdır ki, Mikayıl Cabbarov sabiq nazir Misir Mərdanovun bir neçə kadrını Təhsil Nazirliyindən kənarlaşdırıb. Hazırda nazirlikdə Misir Mərdanovun komandasından qalan şəxslərin sayı barmaqla sayılası qədərdir. Əslində, Mikayıl Cabbarov həmin insanları da vəzifədən azad etməli idi. Buna rəğmən, hansısa səbəblərə görə Təhsil Nazirliyində bir sıra problemlər yaradan iki şöbə müdiri-Fərzəli Qədirov və Faiq Şahbazlı postlarını qoruyub saxlamağı bacardılar. Diqqətinizə çatdırmaq istəyirik ki, bu şöbə müdirləri hələ Misir Mərdanovun vaxtında qeyri-qanuni işlərlə məşğul olur və nazirliyə dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitləri təyinatı üzrə xərcləməməkdə ittiham edilirdilər. Məsələn, strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov günü bu gün də Təhsil Nazirliyi ilə bağlı bütün kadr məsələlərini öz nəzarəti altında saxlayır. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, hazırda orta ixtisas təhsili müəssisələrində və yerli təhsil şöbələrində mühüm vəzifələri daşıyan şəxslərin böyük hissəsi şöbə müdirinin vasitəsi ilə özlərinə iş tapıblar: "Mən deyərdim ki, Mikayıl Cabbarovdan sonra nazirlikdə əsas söz sahibi Fərzəli Qədirovdur. Nazirin onu nəyə görə vəzifədən çıxarmaması hələ də çoxlarına maraqlı qalıb. Müəllim, direktor, təhsil şöbələrində metodist işləmək istəyən insanlar birinci növbədə şöbə müdirinə müraciət edirlər. Əgər Fərzəli Qədirov razılıq versə, həmin adamlar imtahana buraxılır. Şöbə müdirinin razılığını almaq isə elə də asan məsələ deyil. Bəziləri bunun üçün 4-5 min dəfə, hətta bundan da çox şöbə rəhbərinin qəbuluna gedib-gəlir. Mikayıl Cabbarovun şöbə müdirinin bəzi əməllərindən xəbəri yoxdur. Bəzi hallarda Təhsil Nazirliyində müəllimlərin işə qəbulu prosesi şəffaf qaydada həyata keçirilmir. Fərzəli Qədirovun özünəxas "qayda"ları var. Kim bu "qayda"lara əməl edirsə, rahatlıqla özünə iş tapır. Əks təqdirdə, onların sənədinə baxılmır. Şöbə müdiri həm köhnə, həm də indiki nazirin vaxtında saysız-hesabsız neqativ işlər törədib. Bunun sayəsində maddi vəziyyətini xeyli yaxşılaşdırıb, gələcəyi üçün şərait qurub. Onun bu neçə ildəki fəaliyyəti araşdırılsa, barəsində cinayət işi qaldırıla bilər". Bayaq vurğuladığımız kimi, Misir Mərdanovun ən sadiq kadrlarından hesab edilən dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı da tez-tez tənqidlərə tuş gəlir. Əvvəl olduğu kimi indi də dərsliklərimizin acınacaqlı vəziyyəti uzun əsas müzakirə mövzularından biridir. Bu məsələ hazırda bütün təhsil ekspertlərini və pedaqoji ictimaiyyəti ciddi şəkildə narahat edir. Hətta TQDK sədri Məleykə Abbaszadə bəzi açıqlamalarında ölkədəki dərsliklərin tələblərə cavab vermədiyini dəfələrlə vurğulayıb. Buna görə də keçmiş nazir Misir Mərdanovla açıq müstəvidə üz-üzə gəlib. Buna baxmayaraq, ölkədə dərsliklərin hazırlanması və nəşri üçün birbaşa məsuliyyət daşıyan Faiq Şahbazlı özbaşına əməllərini hələ də davam etdirir. Onun əsas gəlir sahəsinin dərsliklərin, gündəliklərin və digər məktəb ləvazimatlarının nəşri ilə bağlı olduğu diqqətə çatdırılır: "Misir Mərdanovun zamanında dərsliklərin böyük bir qismi yenidən çap olunurdu. Bunun səbəbkarı isə Faiq Şahbazlı idi. Çünki o, tapşırılan işlərə yetərincə diqqət ayırmırdı. Bununla yanaşı, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitləri özünə yaxın çap firmalarına yönəldərək müəyyən niyyətlərini həyata keçirirdi. Şöbə rəhbəri köhnə əməllərindən əl çəkmək niyyətində deyil".


Fikrimizcə, hər şey bütün aydınlığı ilə ortadadır, yəni əlavə şərhə ehtiyac duymuruq. Bu şöbə müdirləri ilə bağlı qərarı Mikayıl Cabbarov verməlidir. Nazir təhsil sahəsinin inkişafını istəyirsə, o zaman bu şəxslərlə yollarını mütləq ayırmalıdır.


Mövzu ilə bağlı bütün tərəflərin cavab haqqını tanıyırıq./gundelik-baki/