backend

Dövlətin ayırdığı pulu sakinlərinə çox görürlər

Dövlətin ayırdığı pulu sakinlərinə çox görürlər




















Bakının Binəqədi rayonunda may ayının 19-da yanmış 16 mərtəbəli binanın sakinləri ölkə başçısı İlham Əliyevə şikayətə gedəcəklər.

200/36 ünvanlı binada yaşayan sakinlərin bildirdiyinə görə, onlara vəd olunanlar tam şəkildə həyata keçirilməyib. Sakinlər ölkə başçısının yanına sentyabr ayının 5-də getməyi nəzərdə tuturlar. Binada yaşayanlar iddia edirlər ki, ölkə başçısının tapşırığı tam şəkildə həyata keçirilməyib.

Bina sakini Heyvagül Əfəndiyeva deyir ki, bina yandıqdan sonra prezidentin tapşırığına əsasən orada yaşayan 59 ailənin hər birinə 20 min manat məbləğində konpensasiya ödənilib: "Bu, gözəl addımdır. Sakinlər binanın təmirindən, mebellərin verilməsindən də razıdırlar. Ancaq prezidentin "sakinlərin bütün lazımı ehtiyaclarının qarşılanması haqqında" verdiyi tapşırıq tam şəkildə yerinə yetirilmir. Ən çox ehtiyyac olan soyuducu, qızdırıcı soba, televizor, mətbəx əşyaları və kondisioner sakinlərə paylanmır. Elə buna görə də, sakinlərlə sentyabr ayının 5-də prezidentin qəbuluna getmək barədə razılığa gəlmişik."

Digər bir sakin Təyyar Cavadov da mənzilinin açarlarını təhvil alsa da ora köçə bilmir. Səbəb isə soyuducunun olmamasıdır: "Insana mənzildə ən çox lazım olan əşyalardan biri soyuducudur. Bütün ərzaqlar orada saxlanır. Hazırda bina sakinlərinə onu verməyiblər. Mən ailəmlə bu evə köçsəm ərzaqlarımı soyuducuda saxlamasam xarab olacaq. Sakinlərin çox hissəsinin köçməməsinə əsas səbəb də elə budur. İkinci səbəb isə suyun saatla verilməsidir".

Sahə rəisi Sənan Şürkürov da sakinlərin çoxunun hələlik mənzilinə köçmədiyi deyir: "Hazırda 52 ailənin mənzilinin açarları özlərinə təhvil verilib. Ancaq onlardan binaya hələlik yalnız 17-18 ailə məskunlaşıb. 5 ailə hələlik müraciət etmədiyi üçün mənzillərinin açarları onlara verilməyib. 2 ailənin isə yanğın zamanı tamamilə məhv olması onların mənzilinin kimə veriləcəyi məsələsini gündəmə gətirib ki, hazırda da bu mövzu araşdırılır."

Sənan Şükürov həmçinin binada suyun gecə saatlarında, daha dəqiq - 00:30-dan 04:30-a qədər kəsildiyini fikri ilə də razılaşsa da, sakinlərin iddia etdiyi məişət əşyalarının hansı səbəbdən verilməməsi barədə məlumatsız olduğunu bildirdi.

Binada diqqət çəkən məqamlardan biri də otaqların pəncərələrinin səhv qoyulması ilə bağlıdır ki, sakinlər deyir ki, bu iş icraçılarının bu xətasına görə otağın pəncərəsini silə bilmirlər. Onlar bu barədə təmir işləri aparan şəxslərə müraciət ediblər. Cavabında isə insanlara deyilib ki, lahiyədə bu şəkildə öz əksini tapdığı üçün iş icraçıları bu məsələyə müdaxilə edə bilməzlər.

Ümumiyyətlə, binanın təmiri və mənzillərin təchizatı üçün bu qədər xərc çəkildikdən sonra xırda məsələlərə görə insanların narazı salınması başa düşülmür. Prezidentin mənzillərin sakinlərə tam təchiz edilmiş şəkildə verilməsi haqqında tapşırığını yerinə yetirməyənlərin, dövlətin ayırdığı pulu sakinlərinə çox görənlərin hansı məqsədi güddüyü sual doğurur. Ölkə prezidenti də hökumət iclasında yanan binanın sakinlərinə lazım olan bütün əşyaların dövlətin hesabına alınacağını bildirmişdi:

Mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər ölmüş, 56 insan xəsarət almışdı. Dünyasını dəyişənlərdən 5-i azyaşlı olub.