backend

Təhsil Nazirliyinin sifarişlərini şirkətə həvalə etməməsi maliyyə problemlərinin yaranması ilə nəticələnib

Təhsil Nazirliyinin sifarişlərini şirkətə həvalə etməməsi maliyyə problemlərinin yaranması ilə nəticələnib














Şirkətin bütün işçiləri öz hesablarına 3 aylıq məzuniyyətə göndəriliblər

Təhsil Nazirliyinin sifarişlərini şirkətə həvalə etməməsi maliyyə problemlərinin yaranması ilə nəticələnib

Təhsil Nazirliyinin dərslik siyasətində hər zaman problemlər olub. İstər sabiq nazir Misir Mərdanovun vaxtında, istərsə də bu gün dərsliklərlə bağlı müxtəlif xoşagəlməz hallar üzə çıxıb və çıxmaqdadır. Dünən əldə etdiyimiz məlumatlara görə, nazir Mikayıl Cabbarov Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq edən "Çaşıoğlu" Şirkətlər Qrupunu sıradan çıxarmağa müvəffəq olub. İlk öncə isə diqqətinizə çatdırmaq istəyirik ki, "Çaşıoğlu" Azərbaycanda özəl fəaliyyət göstərən üç fərqli şirkətin holdinqidir: Çaşıoğlu EİF, Çaşıoğlu Multimedia və İnnovativ Tədris Mənbələri (İTM). Hər bir şirkət öz biznes xəttinə malikdir.

Belə ki, 1995-ci ildən etibarən Çaşıoğlu EİF mətbəə və nəşriyyat sahəsində fəaliyyət göstərir, Çaşıoğlu Multimedia isə öz növbəsində multimedia tədris resurslarının hazırlanmasında, müasir qurğuları yaratmağa istiqamətlənmişdir. Bundan əlavə, holdinqə məxsus olan İTM şirkəti bu multimedia məhsullarının, cihazlarının və resursların Azərbaycanda, eləcə də dünya bazarında satışı ilə məşğul olur. Araşdırmalar göstərir ki, Misir Mərdanovun vaxtında nazirliklə şirkət arasında daha sıx əməkdaşlıq olub. Belə ki, Təhsil Nazirliyinin sifarişinə əsasən 2008-2009-cu illərdə "Çaşıoğlu" şirkəti tərəfindən 100-dən artıq adda müxtəlif təlim vəsaitləri, uşaqlarda diqqətin, təfəkkürün, nitqin, yaddaşın inkişafı üçün test kitabları, sadə riyazi təsəvvürlərin inkişafı üzrə çalışmalar, savad təlimi üzrə metodik işləmə, ekoloji tərbiyə üzrə təlim vəsaiti, uşaqların məntiqi təfəkkürünü inkişaf etdirmək üçün masaüstü oyunlar, nümayişetdirici materiallar (plakatlar), nəfis tərtibatlı nağıl kitabları, 2010-cu ildə yeni təhsil texnologiyası olan "Ələddin-1" qurğusu, 39 adda müxtəlif təlim vəsaitləri - şəkilli əlifba, yığmacalar, müxtəlif yaş qrupları üzrə nağıl kitabları hazırlanıb və ölkənin bütün məktəbəqədər təhsil müəssisələrinə çatdırılıb. Araşdırmalar göstərir ki, sabiq nazirin dövründə şirkətlə nazirlik arasında milyonluq layihələr həyata keçirilib. Bəzi iddialara əsasən, bu əməkdaşlıqdan həm keçmiş nazir, həm də şirkətin rəhbərliyi qazanclı çıxıb. Etibarlı mənbələrin bildirdiyinə görə, nazir dəyişəndən sonra "Çaşıoğlu" şirkətinin qara günləri başlayıb: "Son vaxtlar nazirlik tərəfindən şirkətə verilən sifarişlərin sayı xeyli azalıb. Məhz bu səbəbdən şirkətdə maliyyə problemləri meydana gəlib. Bu məsələdə bəzi maraqlı nüanslar var. Məsələn, Mikayıl müəllim nazirliyin bəzi dərslik vəsaitlərinin artıq bu şirkət tərəfindən çap edilməsini istəmir.

O bu işləri özünə yaxın olan şirkətlərə həvalə edib. Nəticədə "Çaşıoğlu" şirkəti böyük problemlərlə üz-üzə qalıb. Bir neçə gün əvvəl şirkətin bütün işçiləri 3 ay müddətinə öz hesablarına məzuniyyətə göndəriliblər. İlkin müddət hələ ki, 3 aydır. Vaxtın daha da artırılması ehtimalı var. Bu, şirkətin iflasa uğraması anlamına gəlir. Çünki "Çaşıoğlu" Şirkətlər Qrupu 20 illik fəaliyyəti dövründə bir dəfə də olsa belə problem yaşamayıb. İndi isə vəziyyət xeyli fərqlidir. Məzuniyyətə göndərilən işçilər əlacsız vəziyyətdə qalıblar. Onlar özlərinə iş tapa bilmirlər". Əldə etdiyimiz məlumatlara görə, "Çaşıoğlu"nun həmçinin Vergilər Nazirliyinə də külli miqdarda borcu yaranıb: "Şirkətin sifarişləri azalandan sonra vergi ilə bağlı problemlər özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Əvvəllər sifarişləri çox olan şirkət üçün vergini ödəmək elə də çətin olmurdu. Maliyyə problemləri şirkəti iflas həddinə çatdırıb. Şirkətin rəhbərliyi bu durumdan çıxmaq üçün müəyyən dairələrə xahiş-minnət etsə də, heç bir xeyri olmayıb. Çox güman ki, "Çaşıoğlu" şirkəti yaxın günlərdə fəaliyyətini dayandırmasının rəsmi şəkildə elan edəcək".


Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.