backend

Rəis müavininin "qəhrəmanlıqları" sürücüləri təngə gətirib

Rəis müavininin "qəhrəmanlıqları" sürücüləri təngə gətirib


















O, idarənin rəhbərinin üzləşdiyi bəzi problemlərdən istifadə edib rəis kürsüsünə əyləşmək iddiasındadır

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərovun fəaliyyəti həm vətəndaşların, həm də yuxarı instansiyalarda təmsil olunan şəxslərin ürəyincə deyil. Əhalinin son illər ən çox şikayət etdiyi dövlət qurumlarının arasında BŞDYPİ-nin adı ön sıralarda çəkilir. Bu isə səbəbsiz deyil. İddialara görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları əksər hallarda sürücüləri heç bir səbəb olmadığı halda incidir, onlara cərimələr yazır və etik qaydalara uyğun olmayan formada rəftar edirlər. İnsaf naminə demək lazımdır ki, yol polislərinin arasında işini vicdanla yerinə yetirən şərəfli insanlar da var.

Təəssüf ki, belələrinin sayı barmaqla sayılası qədərdir. İdarənin əksər işçiləri rəisin tapşırığı əsasında sürücülərə problem yaratdıqlarını söyləyirlər. Qeyd edək ki, yol patrul xidməti əməkdaşlarının xoşagəlməz fəaliyyəti Milli Məclisin bəzi deputatları tərəfindən də dəfələrlə tənqid atəşinə tutulub. Məsələn, deputat Eldar İbrahimov yol polisinin kobud davranışı ilə bağlı bir neçə ay əvvəl parlamentdə bu haqda danışarkən deyib: "Bizim polislərdə bu mədəniyyət çatmır. Mənə çox gileylər olub və başıma gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm.

Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu "dana", üzr istəyirəm, hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir. Məhkəmə-hüquq şurasının üzvlərinin, yəqin, heç üzlərini də tanımırlar." Yol polisi əməkdaşlarının fəaliyyəti, bəzi hallarda isə fəaliyyətsizliyi, yalnız sürücülər üçün deyil, bütövlükdə cəmiyyət üçün ciddi problemə çevrilib. Daxili işlər naziri Ramil Usubov dəfələrlə müşavirələrdə, kollegiya iclaslarında yol polisinin işində ciddi dönüş yaratmasının vacibliyini vurğulasa da, BŞDYPİ-nin rəhbərliyi və əməkdaşları sanki bundan xəbərsizdir.

Nuşirəvan Səfərovun işindəki neqativ hallar haqda az sonra danışacağıq. İndi isə onun müavini, polis polkovnik-leytenantı Qəhrəman Qələndərovun qanunsuz əməlləri haqda söhbət açmaq istəyirik. Məlumat üçün deyək ki, bu şəxs əvvəllər Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işləyib. 2014-cü ilin avqust ayında daxili işlər nazirinin əmri ilə Nuşirəvan Səfərova müavin təyin edilib. Apardığımız qısa araşdırmalar nəticəsində öyrəndik ki, Qəhrəman müəllim Xətaidə yol polisinin rəisi işləyərkən sürücülərə əlavə problemlər yaradıb və işini düzgün qura bilməyib. Deyə bilərsiniz ki, bəs onda belə bir şəxsi nəyə görə BŞDYPİ-də yüksək vəzifəyə təyin ediblər. Etibarlı mənbələrin bildirdiyinə əsasən, rəis müavini bəzi yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərə malikdir, məhz həmin adamların yardımı sayəsində şəhər "Qai"sinə rəis müavini keçib. Əslən Qubadlı rayonundan olan polkovnik-leytenantın sürücülərə qənim kəsilməsi barədə məlumatlar əldə etmişik. Adının çəkilməməsini xahiş edən şəxsin dediyinə görə, Qəhrəman Qələndərov özünü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində rəis kimi aparır: "İdarənin əməkdaşları Nuşirəvan müəllimdən daha çox ondan çəkinirlər. Rəis müavini reydlərin bir çoxunda şəxsən iştirak edir.

O, sürücülərə qarşı ədalətli münasibət göstərmir. Qaydanı pozmayan sürücülərin də saxlanılaraq cərimə olunması əmrini verir. Heç bir müfəttiş onun göstərişini yerinə yetirməyə bilməz. Əks halda, rəis müavini həmin yol polisini ağır şəkildə cəzalandırır. Paytaxtdakı cərimə meydançalarından ay ərzində külli miqdarda gəlir əldə olunur. Bu pulların hesabatını bəs kim aparır? Polkovnik-leytenant rəis müavini keçəndən sonra maliyyə imkanlarını xeyli yaxşılaşdırıb. Deyilənə görə, o şəhərdəki obyektlərinin də sayını artırıb. Bəzi yol polisləri ondan qaynaqlanaraq qanunlara sayğısızlıq edirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əksər əməkdaşları maddi məsələləri qanunlardan üstün tuturlar. Elə ki, pul adı tutulur, yol polislərinin çoxu qanunu bir kənara qoyur.

Hər gün şəhər ərazisində onlarla sərxoş sürücü tutulur. Araşdırılsa məlum olar ki, həmin sürücülərin əksəriyyəti problemi elə yerindəcə həll edir. Bu məqsədlə yol patrul xidmətinin əməkdaşlarına 700-800 dəfə "sağ ol" demək kifayətdir. Bu sahə də rəis müavininin nəzarətindədir". Məlumatlı mənbənin sözlərinə görə, heç bir halda rəisə tabe olmaq istəməyən Qəhrəman Qələndərov BŞDYPİ-yə rəhbərlik etmək iddiasındadır: "O, yaxın əlaqələrindən istifadə etməklə idarəyə rəis keçmək istəyir. Bunun üçün bütün imkanlarını səfərbər edib. Son günlər Nuşirəvan Səfərovun yuxarıların tənqidinə tuş gəlməsi, eləcə də mətbuat vasitəsilə "vurulması" onun işini xeyli asanlaşdırıb. Amma bu adam rəis vəzifəsinə keçsə, onda paytaxtın yol polis işçiləri sürücülərə qarşı daha aqressiv olacaqlar".

Araşdırmalar göstərir ki, BŞDYPİ-nin rəisi N.Səfərovun artıq əvvəlkitək iş göstəricisi yoxdur. Bizə çatan informasiyaya görə, son illər baş verən bəzi hadisələr rəisin işlərinin axarından çıxmasına səbəb olub: "Rəisə təsir edən ən böyük hadisə bacısı oğlu Namiq Kərimovun rüşvətə görə həbs edilməsi oldu. Namiq Kərimov sürücüdən 2500 manat rüşvət alarkən öz kabinetindəcə "Bandotdel"in əməkdaşları tərəfindən qandallandı. Müəyyən cəhdlərdən sonra idarə rəisi bacısı oğlunu həbsdən xilas etməyə nail oldu. Həmin vaxt mətbuat yazırdı ki, saxlanılan bacısı oğlu hər gün dayısı üçün nəysə toplayırmış. Bundan başqa, rəisin adı digər xoşagəlməz işlərdə də çəkilib, lakin həmin məqamları açıqlamağa lüzum görmürəm". Hesab edirik ki, nə Nuşirəvan Səfərov, nə də Qəhrəman Qələndərov onlara tapşırılan işlərin öhdəsindən lazım olan şəkildə gələ bilirlər. Odur ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində köklü kadr islahatları həyata keçirilməlidir. İdarədə cərəyan edən qanunsuzluqlar buna məcbur edir.

Yazı ilə bağlı qarşı tərəflərin də münasibət bildirmək hüququ var.

P.S. Gələn saylarımızda "Taksi sürücüsündən məktub var" yazısı dərc olunacaq.

P.P.S. Qəhrəman müəllim, 200 dollar dil açıb dillənir. And olsun Hüseyn müəllimin barmağındakı üzüyə ki, bu, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bar-bar bağıracaq.