backend

YPX Alayının komandiri Korrupsiyaya qarşı mübarizə haqqında Qanunun tələblərini kobud şəkildə pozur

YPX Alayının komandiri Korrupsiyaya qarşı mübarizə haqqında Qanunun tələblərini kobud şəkildə pozur

















Polkovnik oğlunun Sumqayıt «MERO»da məsul vəzifədə çalışmasına necə haqq qazandırır?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədovla bağlı redaksiyamıza yeni, eyni zamanda sensasion xarakterli bilgilər daxil olub. Belə ki, qəzetimizə müraciət edərək üzləşdiyi problemlə bağlı ətraflı məlumat verən Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi ev 4/33 ünvanında yaşayan Rahil Sahil oğlu Məlikov yol polislərinin hüquqazidd əməllərinə qarşı etiraz etdiyinə görə YPX Alayının komandiri Balakişi Əhmədov tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qaldığını qeyd edib. Rahil Məlikovun korrupsiya ilə mübarizəyə qarşı vətəndaş fəallığının qarşısını kobud şəkildə almağa çalışan Balakişi Əhmədov demokratik ölkənin söz azadlığını beşiyində boğmağa cəhd göstərib. Daha dəqiq desək, o, Balakişi Əhmədovun xüsusi tapşırığı ilə yol polisləri tərəfindən daim təqibolma ilə qarşılaşaraq redaksiyamız vasitəsi ilə müvafiq qurumlardan kömək istəyir: «Polis şərəf və ləyaqətimi təhqir edərək mənimlə qeyri-insani rəftara yol verir. Mənim güvəndiyim dövlət qanunlarını təhqir edir. Balakişi Əhmədovun özbaşına fəaliyyəti barədə ölkə rəhbərinə şikayət məktubu yazmışam, öna görə məni gözümçıxdıya salıblar». Nəzərinizə çatdıraq ki, Rahil Məlikov sürücülük etməklə ailəsinə halal çörək yedirir: «Ömrüm boyu başqasının bir tikəsinə belə haram baxmamışam, hər zaman haqq-ədalət tərəfdarı olmuşam, ölkəmin qanunlarına hörmətlə yanaşmışam. Bu yaxınlarda baş vermiş insidentdən bəri Yol Patrul Xidməti Alayının komandiri Balakişi Əhmədov və onun əhatəsi tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalmışam. Sürücülük etməklə gündəlik evimə beş-üç manat pul aparıram. Allah-Təala mənə 7 övlad atası olmağı nəsib edib. Kiçik məbləğlə böyük büdcə tələb edən ailəmi bir qarnı ac, bir qarnı tox yola verirəm. Bortlu «Qazel» markalı maşınımla tez-tez Sabirabad, Şirvan, Saatlı və Nəvahiyə yük daşıyaraq çörəkpulu əldə edirəm. Qışın sazağında, yayın cırhacırında yollarda tər töküb qəpik-quruş qazanırıq, onu da Sabirabad-Nəvahi postunun yol polisləri əlimizdən alırlar. Hansısa posta yaxınlaşmağını görürsən, həmin dəqiqə Balakişi Əhmədovun havadarları dərhal maşınımın qabağını kəsərək məndən 20, 30, hətta 70 manat pul tələb edirlər. Məni açıq-aydın şəkildə «aylığa» oturtmaq istəyirlər. Sürücülük vəsiqəm və digər tələb olunan texniki pasport-filanın hamısı düzgün olduğu halda, məndən nəysə tələb edir, balalarımın ruzisini əlimdən alırlar». Şikayətçi həmçinin, ona əl qaldırmaq istəyən Tural adlı yol polisinin «Sən nə karəsən ki, Balakişi müəllimdən yazmısan» deyərək onun heysiyyatına toxunan söyüş və ifadələr işlətdiyini iddia edir: «Bu hərəkətin cavabsız qalmayacağını və ölkə prezidentinə müraciət edəcəyimi söylədikdə isə Tural ünvanıma nalayiq sözlər deməkdən belə çəkinməyib. Balakişi Əhmədovun sadiq kadrı olan Tural xidməti ərazisində vəzifə səlahiyyətlərini kobud şəkildə aşaraq hətta mənə əl qaldırmaq istədi, lakin maşında olanlar buna yol vermədilər. Yol polisləri mənə göz verib işıq vermirdilər, ərizə yazdım ki, bunların qarşısını alsınlar, amma əksinə oldu. Günümü qara, çörəyimi para etdilər». Şikayətçi Şirvan və Sabirabadətrafı postlarda Balakişi Əhmədov tərəfindən yaradılmış «sistem»ə qarşı kəskin etiraz etməsi üzündən fiziki təqiblərə məruz qaldığını söyləyir: «Bütün baş verənlərə dözməyərək ölkə başçısına, həmçinin daxili işlər naziri Ramil Usubova şikayət məktubu yazdım, Şirvan və Sabirabadda yol polisi əməkdaşlarının özbaşınalıqlarından cana doyduğumu və bu səbəbdən bir əncam çəkmələrini xahiş etdim. Balakişi Əhmədovun bu postlara bilavasitə rəhbərlik etdiyini gözəl bilirdim. Bilirdim ki, bu postların rəisləri konkret olaraq onun havadarlığı ilə əhaliyə əlavə problemlər yaradır. Mənə məlum idi ki, bu postların rəisləri Balakişi Əhmədovun sadiq kadrlarıdır. Bu səbəbdən də şikayət ərizəsində bütün bu işlərdə onun adının hallanmasını qeyd etdim. Sabirabad, Saatlı, Nəvahi və digər postlar Balakişi Əhmədovun tam nəzarəti altındadır. Yol polisləri hər saat ona hesabat verirlər, eləcə də bu postlardan yaxın saatlarda kimlərin keçəcəyini və eləcə də kimlərin «vurulması» əmrini alırlar. Hər gün yüzlərlə sürücü müxtəlif təzyiqlərə məruz qalır. Səsini çıxardaraq ölkə rəhbərliyindən kömək istəyənlərin isə etiraz cəhdlərinin qarşısı alınır». Bu arada, YPX Alayının komandiri Balakişi Əhmədovla bağlı əldə etdiyimiz digər məlumatda isə deyilir ki, o, ölkə ərazisində yollarda təhlükəsiz hərəkəti təmin etmək əvəzinə vaxtının bir hissəsini falçılara xüsusi etina, rəğbət qazandırmaqla keçirir. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini özündən yuxarı vəzifədə çalışanlara şirinlik duası yazdırır. Balakişi Əhmədovun oğlunun Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində («MERO») məsul vəzifədə çalışdığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, bu, açıq-aşkar "büdcədən yayındırma” halıdır: «Elmi adı nepatizmdir, yaxın qohumların tabeçilik münasibətlərində işləməsi, yaxud vəzifəli şəxsin qohum və dostlarını ətrafında toplayaraq hansısa idarədə, müəssisədə çalışması anlamını ifadə edir. Ekspertlər də təsdiqləyərlər ki, yaxın qohumların eyni müəssisədə çalışması zamanı korrupsiya riski daha da artır. Çünki qohumlar bir tabeçilikdə işləyəndə heç kəs bir-birinə nəzarət etmir, eyni zamanda sövdələşmələr üçün geniş imkanlar yaranır. Bir-birinin qanunsuz əməllərinə göz yumurlar, beləliklə korrupsiya üçün geniş imkanlar açılır. Azərbaycan qanunvericiliyi bunu qadağan edib. Məsələn, «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunda birbaşa qohumların birgə tabeçilikdə işləməsinin yolverilməzliyi qeyd olunub. Lakin Balakişi Əhmədov bu cür önəmli məqamlara əhəmiyyət vermədən öz bildiyini etməkdədir. Yəni bu gün ata ilə oğul bir yerdə çalışır. Əgər bu, korrupsiya faktı deyilsə, o zaman bəs nədir?..» Onu da nəzərinizə çatdıraq ki, YPX Alayının komandiri məclislərin birində «Oğlumla bağlı nə yazırlar qoy, yazsınlar. İkimiz də bir yerdə işləyirik, nə olsun? Çəsarətləri çatırsa məndən yuxarı vəzifələrdə olanlardan yazsınlar. Onların da oğlanları yanlarında işləyir», deyə kiçik «nitq» söyləyib. Təbii, o deməyinə deyir, lakin biz başa düşmürük ki, alay komandiri kimləri nəzərdə tutur. Hörmətli Balakişi müəllim, bizim cəsarətimiz nəinki Azərbaycana, hətta bütün dünyaya bəllidir. Yox, əgər sizin bələdçiliyiniz yoxdursa, o zaman kimi nəzərdə tutduğunuzu açıq şəkildə deyin, biz də yazaq. Əgər siz desəniz, bizsə yazmasaq, onda… Dəyəri 1 milyondan artıq olan «Muğan» restoranı Balakişi Əhmədova məxsusdur Əldə etdimiyiz informasiyaya görə, bir neçə gün öncə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavininin kefi yaxşı imiş. Biz xain deyilik, Allah hamını uca zirvələrə qaldırsın, bizi də həmçinin. Balakişi Əhmədov, redaksiyamıza verilən məlumata görə, deyibsiniz ki, mən artıq at belindəyəm, bu yaxınlarda bir nəfərin təqaüd yaşı çatır və həmin general «paqonu»nu bu çiyinlər daşıyacaq. Hətta bunu deyəndə sevincdən gözləriniz də dolub. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri bizimlə paylaşan mənbə iddia edir ki, YPX alayının komandiri Salyan postunu özəlləşdirib: «İşə bir bax. Dövlət postunu da özəlləşdirmək olar?.. Bu arada, onu da nəzərinizə çatdırım ki, Nəsimi rayonunda yerləşən, dəyəri 1 milyondan artıq olan «Muğan» restoranı da Balakişi Əhmədova məxsusdur. Rayon sakinləri iddia edirlər ki, əsasən axşam saatlarında həmin məkana narkomanlar, kriminal aləmlə yaxınlığı olan şəxslər toplaşırlar. Yaxınlıqda yaşayan insanlar yaranmış səs-küydən, çığır-bağırdan, eləcə də gülüş səslərindən narahatlıq keçirirlər. Hələ bu, harasıdır. Məhz «Muğan» restoranının ucbatından axşam saatlarında həmin ərazidə uzun tıxaclar yaranır. Yəni yolda təhlükəsiz hərəkəti təmin etməli olan Balakişi Əhmədov özü dolayısıyla yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur…» P.S. Balakişi müəllim, uşaq vaxtı hamımız belə bir tapmaca ilə qarşılaşmışıq: «Bap-balaca boyu var, dam dolusu toyu var». Bəlkə siz bunun açmasını bilərsiniz…