backend

Xəzər Aslanovun Xızı problemləri

Xəzər Aslanovun Xızı problemləri























Sahibkarlığa dövlət qayğısının artırılması və möhkəmləndirilməsi istiqamətində atılan addımlar göstərir ki, ölkədə kiçik və orta biznesin inkişafı prioritet məsələ olaraq daimi nəzarətdə saxlanılır.

Elə bu günlərdə prezidentin imzaladığı bir sıra mühüm sənədlər də sahibkarlığı sıxan məmur təpkilərini neytrallaşdırır. Sahibkarlıq subyektlərində yoxlamaların 2 illiyə dayandırılması qərarı isə öncə elə icra strukturlarına və lazımsız yoxlamalarla sadə vətəndaşların əsəbləri ilə "oynayan" digər qurumlara ciddi xəbərdarlıqdır. Lakin düşünürük ki, geniş ictimaiyyət dövlət başçısının imzaladığı mühüm sərəncam və fərmanların icrasında müəyyən mənada iştirak etməlidir. Söhbət sahibkarlığın qayğısına qalan dövlət başçısının ölkədə normal rəqabət mühitinin formalaşması və iqtisadiyyatımızın inkişafının sürətləndirilməsi yönündə atdığı addımlara hər bir vətəndaşın dəstəyindən gedir. Belə olduğu halda icra strukturlarının nümayəndələri də son məqamda sahibkarlarla yeni davranış mədəniyyətinin formalaşmasının vacibliyini anlamalı olacaqlar. Təəssüf ki, bəzi rayonlarda bunu dərk etmək istəməyənlər hələ də var. Bu yaxınlarda qəzetlərdə xızılı sahibkarın icra başçısı Xəzər Aslanov tərəfindən təpkilərə məruz qaldığı barədə yazılar və şikayət getmişdi. Rayonun Baxşılı kənd sakini Pərviz Şıxəliyevin 2003-cü ildən üzü bəri kafedə xırda sahibkarlıqla məşğul olduğu torpağa icra başçısının maraq göstərməsi və sahibkara açıq şəkildə niyyətini bildirməsindən bəhs edən bu yazılarda bütün qanuni sənədləri olan sahibkarı dolanışığından məhrum etmək fikrinə düşmüş icra strukturunun rəhbəri tənqid olunur. Pərviz Şıxəliyev bildirib ki, icra başçısı "səni işləməyə qoymayacam və obyektini sökdürəcəm" deyə onu hədələyib. Bunun ardınca kafeyə ard-arda yoxlamalar göndərməyə başlayıb. Nəticədə sahibkar müəyyən miqdarda cərimələnib. Gələnlərin bunu icra başçısının tapşırığı ilə etdiyini etiraf etməsi də maraqlıdır. Lakin burda bir məqam da var. Xızılılar yaxşı bilir ki, rayonda icra başçısının hər bir göstərişini "qanuni" şəklə salmağa hər an hazır məhkəmə var. Artıq P.Şıxəliyevə məxsus obyektin sökülməsi ilə bağlı qərar da hazırdır. İndi Ümid qalıb Apelyasiya Məhkəməsinə. Elə buradaca qeyd edək ki, oxşar hadisə Xızıda çox sahibkarın başına gəlib. Xəzər Aslanov məhkəmə qətnamələrini əldə rəhbər tutaraq neçə-neçə sahibkarın obyektlərini yerlə-yeksan edib. Xızılılar məgər bunu unudarmı? Görün nə baş verir. Sahibkarlığa dövlət qayğısının gücləndirilməsi ölkəmizin rəhbəri tərəfindən bütün yerli icra strukturlarının rəhbərləri qarşısında bir vəzifə olaraq qoyulub. Xızının icra başçısı bu vəzifəni sözsüz yerinə yetirmək və sahbkarlığı hər vasitə ilə dəstəkləmək əvəzinə öz maraqlarından irəli gələn qanunsuz addımlar atır. Böyük təəssüflə qeyd etməliyik ki, rayon məhkəməsi bu işdə iradəsizlik sərgiləyir. Belə əməllərə artıq son qoyulmasının vaxtı çatıb, hörmətli Xəzər Aslanov. Zəhmət olmasa, Xızı meşələrində özünə dəbdəbəli villa və saraylar ucaltmış məmurların qanunsuz tikililərini sökdürün, əlbəttə, bacarırsınızsa... Baxşılı kəndində yaşayan xırda sahibkar Pərviz Şıxəliyevə isə sözümüz budur ki, əmin olsun, prezidentimiz sahibkarlıq fəaliyyətini əngəlləyən heç bir məmuru, heç bir qanunsuz əməli bağışlayan deyil. Odur ki, qanuni haqqını müdafiə etməkdə tək deyilsən, sahibkar. Arxanda bu dövlət və onun yüksək rəhbərliyi var. Sən isə işləməyində, nəinki özünə, eləcə də el-obaya bir güzəran qazandırmağında ol....