backend

Bərdə, Tərtər, İmişli, Neftçala, Xızı, həmçinin Bakının Xətai rayonunun rəhbərləri cəzadan qurtula bilməyəcəklər

Bərdə, Tərtər,  İmişli, Neftçala, Xızı, həmçinin Bakının Xətai rayonunun rəhbərləri cəzadan qurtula bilməyəcəklər
















İcra başçıları növbəti təhlükə qarşısında

Dövlət başçısının ölkənin bir sıra icra strukturları rəhbərlərini yarıtmaz fəaliyyətinə görə cəzalandıracağı barədə ehtimallar yaxın zamanlarda gerçəkləşə bilər. Əldə etdiyimiz məlumata görə, vəzifədən uzaqlaşdırılacaq icra başçılarının siyahısı artıq hazırdır. Qeyd olunur ki, siyahı hazırlanarkən rayon icra başçısının yol verdiyi maliyyə pozuntularına səbəb olan pozuntuların həcmi və yerli əhalinin etimadı əsas götürülüb. Eyni zamanda icra başçısının vəzifədə qalıb-qalmayacağı onun rəhbərlik etdiyi rayonda işgüzar nüfuzundan da müəyyən dərəcədə asılı olacaq.

Bildirilir ki, hələlik bu siyahıya Bərdə, Tərtər, İmişli, Neftçala, Xızı, həmçinin Bakının Xətai rayonunun rəhbərləri daxil edilib. Vəzifədən uzaqlaşdırılacaq gözlənilən başçılardan biri Xızının icra başçısı Xəzər Aslanovdur. Yadınızdadırsa,hələ Yardımlıya rəhbərlik edərkən Xəzər Aslanov bəzi qanunsuz əməllərinə görə rayon əhalisinin etirazlarına tuş gəlmişdi. 2012-ci ildə baş tutmuş Xızıya transferi Xəzər Aslanov üçün özünəməxsus xəbərdarlıq mesajı rolunu oynadı. Lakin son illər ərzində Xızıda baş verən proseslər göstərir ki, başçının rəhbərlik səriştəsində nəzərə çarpacaq çatlar əmələ gəlib. Əlimizdə olan məlumata görə onun etibarlı hesab etdiyi müavinləri tərəfindən sahibkarların hüquqlarının ciddi surətdə pozulması hallarına yol verilib. Bu rayonda baş alıb gedən qanunsuzluqlar tək büdcə yeyintiləri ilə məhdudlaşsaydı, dərd yarıydı. Bütün tender əməliyyatlarında icra başçısı əsas məsuliyyəti deyilənə görə, cibində bir neçə şirkətin möhürünü gəzdirən Arzu Əzizovun üzərinə transfer edib. Rayon camaatı sabaha inamsızlıq içində yaşayır. Sahibkarlıq subyektləri başçının maraqlarına işləyir. Ümumiyyətlə, rayonda əsas sahibkar isə icra başçısı Xəzər Aslanov sayılır.Başçının bir sözünü iki eləməyə cürət edənlər bu və ya digər vasitələrlə cəzalandırılır. Xızıda meşə fondlarına aid dövlət torpaqlarının sahəsi günbəgün azalmaqdadır.

Bu azalmanın səbəbi isə birbaşa başçının öpzüdür. Məhz Xəzər Aslanov özünü Xızıda dövlət meşə fonduna aid torpaqların əsl sahibi kimi aparır.Belə getsə, rayonda ekoloji vəziyyət tamamilə nəzarətdən çıxa bilər.

Təbiətən səbirli və əməlisaleh olan Neftçala camaatı sadəcə, ölkə rəhbərliyinin İsmayıl Vəliyevi cəzalandıracağını səbirlə gözləməkdədir.Xətai Rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov isə ölkə tarixinə antiağac əməliyyatlarında xüsusi təcrübə qazanmış dövlət məmuru kimi düşə bilər. "Dostumuzun” bu sərvət hərisliyinə bağlanan baltaçı qiyafəsində rəhbərlik etdiyi rayonun əhalisinə verdiyi sitəm belə deyək, daha çox yaraşır. Xarici görünüşünə ekologiyanın hayına hayıl-mayl məmur sifəti hopmuş cənabın gecə-gündüz ağac dərdi çəkdiyini, yaradandan göz yaşıyla gül yetişdirmək vergisi qazandığını, xülasə, dibçək vurğunu olduğunu düşünmək gülməli görünür.

O, əməllərində özünü təbiətə, onun nemətlərinə qarşı qoymuş bir davakardır. Öz davasına zaman-zaman ədalət fonu, qanun layı hopduraraq bu naqolay xüsusiyyətlərdən də gəlir götürməyi qazanan bir keçmiş kommersantdır. Məmur həm də rayonda tikinti biznesi ilə məşğul olur. 7-mərtəbəli binalardan ibarət bütöv bir məhəlləyə sahib olduğu barədə gəzən söz-söhbətlər boş yerdən baş almır.Bu binaların əksəriyyəti insafsızcasına məhv edilmiş yaşıllıqların yerində ucaldılıb.Demək, əslində yaşıllıqların məhvində bu adamın birbaşa marağı var. İcra başçısının adı bu yaxınlarda bahalı yaxta əldə etməsindən sonra gündəmə gəlmişdi. Görünür, onun vəzifəsindən uzaqlaşdırılacağı gözləntiləri də belə neqativ mənzərələrlə əlaqədardır. İmişlinin icra başçısı Vilyam Hacıyevin adının sahibkarların rayonda abadlıq işlərinə cəlb edərək onlara zəhməthaqqı verməkdən qəti şəkildə imtina edilməsi kimi babırçılıqlarda hallanması səbəbsiz deyil.Bir neçə il ərzində bu cür əməlləri ilə əvvəlcə yerli iş adamlarını aldadan icra başçısı onların yanında etibarını itirdikdən sonra yeni tikinti layihələrinin icrasına Bakıdan, Gəncə və digər şəhərlərdən iş adamlarını cəlb etməyə başladı. Lakin bu dəfə də sahibkarlar gördükləri işin həcmi müqabilində vəsait ala bilmədilər. İmişlidəki mənbəmizin məlumatına görə icra başçısı ondan pul tələb edən şəxsləri tanımadığını, ümumiyyətlə bu adamlarla heç bir əməkdaşlıq etmədiyini israr edib. Vilyam Hacıyev özü də yaxşı bilir ki, sahibkarları işlətməzdən öncə onlarla hüquqi müstəvidə heç bir müqavilə bağlanmayıb. Bu səbəbdən arxayındır ki, qarşı tərəf öz haqqını qanun çərçivəsində tələb etmək üçün heç bir uğurlu perspektivə bel bağlaya bilməz. Qeyd edək ki, İmişli rayonunda görülən tikinti-abadlıq işlərinə görə icra hakimiyyəti adından sahibkarlarla danışıqlar aparılıb, bu məsələ ilə bağlı müəyyən anlaşma əldə edilib.Bəzi sahibkarların isə hətta avans aldıqdan sonra şə başladığı da məlumdur. Lakin elə ki, abadlıq şlər başa çatıb, icranın adından danışan adamlar da yoxa çıxmağa başlayıb. Tam olmayan hesablamalara görə İmişlinin icra başçısı sahibkarlara ümumilikdə bir neçə milyon borcludur. Vilyam Hacıyevin bu özbaşınalığı ona baha başa gələ bilər. İcra başçısının vəzifədən kənarlaşdırılaraq məsuliyyətə cəlb ediməsi ehtimalı xeyli yüksəkdir.Bərdə rayonunun icra başçısı Vidadi İsayevin bir neçə il öncə icad elədiyi idarəçiliyi rayonun büdcə təşkilatları rəhbərlərinin bir növ test hesabatına bənzətmək olar. Belə "metodlar" Bərdənin sosial-iqtisadi inkişafına ayrılan büdcə vəsaitlərinin taleyini başçının xeyrinə həll etmək üçün bir vasitə rolunu oynayır. Belə baxanda Vidadi İsayevin əməllərində zahirən heç bir qüsur görünmür. Lakin icra başçısı rayonda aparılan abadlıq işlərinin ağır yükünü sahibkarların boynuna qoymaqla sanki onları dalana dirəyib. İşi gördürüb pulunu ödəməyən başçıdan halal zəhmət haqqını tələb etməyə isə rayonda heç kəsin iradəsi çatmır. Rayonun inzibati ərazi nümayəndəliklərindən guya ərzaq məhsullarının satın alınması ilə məşğul olan "Alisa" MMC adlı şirkətin vasitəsilə ötən il Bərdə rayonunda 1 milyon manatdan artıq büdcə pulunun izi itirilib. Amma, heç kəs bu yeyintilərdə Vidadi müəllimə güldən ağır ittiham irəli sürməyə cəsarət edə bilməz. Çünki icra başçısı "təmiz" işləməyi bacarır.

Buna baxmayaraq "TTR-2","RSR-3","Uğurlu inşaat LTD","Qartal-1", "L.M.K.L","Ziya-14" kimi şirkətlərin əli ilə yerli büdcənin başına min oyun açmaq mümkün olub. Rayonun əlaqədar yerli strukturları dövlət tərəfindən fermerlər üçün ayrılmış subsidiyalara da ortaqlıq etməklə əslində aqrar sektorun işini iflic etiblər.Təəssüf ki, belə əməllərdən əziyyət çəkən təkcə fermerlər deyil. Rayonda fərdi sahibkarlığın inkişafına da süni maneələr yaradılır.İcra başçısından xəbərsiz Bərdədə daşı daş üstünə qoymaq sadəcə mümkün deyil. Qeyd edək ki, rayonda kənd təsərrüfatı məhsullarının əkin sahələrinin sistematik şəkildə azalması prosesi gedir. Yerli icra strukturlarının yersiz müdaxilələri özəl sektoru çıxılmaz duruma salıb, kəndli torpağını əkib-becərməkdə maraqlı deyil. Digər tərəfdən, əhalinin pay torpaqları bir qrup məmurun nəzarətinə keçməkdədir. Bunu bilənlər susur, bilməyənlər isə Bakıdan ədalət gözləyir.Bərdədə sahibkarlıq və biznesə savaş açmış icra başçısının sərvət mənbələri isə günbəgün artmaqda davam edir.Müstəqim Məmmədov bu ilin ilk yarısında Tərtər rayonunun sosial-iqtisadi inkişafına ayrılmış büdcə vəsaitlərinin rayon idarələrini əhatə edən layihələrinin bir neçə şirkət arasında pay-püş edilməsinə yaşıl işıq yandırıb.Büdcə pulları əsasən "SRS-Company", "Kristal-SA", "Tac-2014" şirkətləri vasitəsilə yeyilib. Halbuki, sözügedən sahibkarlıq subyektlərinin heç biri parametrlərinə görə dövlət satınalmaları qanunvericiliyinin tələblərinə cavab vermir. İlin ilk yarımilində Tərtər rayonunun 20 inzibati ərazi dairəsi üzrə ərzaq məhsullarının satın alınması layihəsi Kristal-SA" MMC-nin payına düşüb.Bu şirkətə ümumilikdə rayon üzrə 30-dək layihə "bağışlayıblar".Müvafiq iş təcrübəsinə malik olmayan bu şirkətlərin birdən-birə icra hakimiyyətinin bir neçə tender layihəsinin icrasına cəlb edilməsindən Müstəqim Məmmədovun xəbəri yoxdur desək, bu yalan olar. Tərtərin icra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə verdiyi tapşırıqların icrasına rayonda inanan yoxdur.Çünki Müstəqim Məmmədov bir icra başçısı olaraq sadə vətəndaşlarla yetərli ünsiyyət qurmaq bacarığına malik deyil. İcra başçısının idarəçilik metodlarında tərtərlilər yalnız özümə "prinsipini” sezə bilib. Rayonda danışırlar ki, Müstəqim Məmmədov Tərtərə icra başçısı işləməyə gələndə özü ilə bir neçə kadr da gətirib. Bu kadrların əsas heyəti artıq rayonun bəzi mühüm vəzifə postlarında yerləşdirilə bilib. Digər tərəfdən, icra başçısının vəzifədə saxladığı yerli kadrların demək olar ki, böyük əksəriyyəti əhali arasında lazım olan qədər hörmət-izzət sahibi deyil. Nəhayət, rayonda görülən az-çox abadlıq-quruculuq işlərində bu məqsədlər üçün ayrılmış dövlət vəsaitlərinin yalnız cüzi bir hissəsi təyinatı üzrə xərclənir.

Yuxarıda qeyd etdiyimiz rayonların rəhbərlərinin vəzifəsi ilə vidalaşacağı qaçılmazdır. Çünki, sözügedən rayonlardan yüksək dövlət strukturlarına ünvanlanan şikayətlər xeyli artıb. İcra başçıları bu şikayətlərin qarşısını almaq üçün nə qədər çalışsalar da, indiki informasiya cəmiyyətində dövlət rəhbərliyinə vacib məlumatların ötürülməsi öz rolunu oynayıb.Məlumata görə, ölkə başçısı vəzifədən kənarlaşdıracağı bu icra başçılarını gənc və perspektivli kadrlarla əvəz etməyi planlaşdırır. Bu məqsədlə, artıq gənc və güclü kadrların dosyelərinin toplanması işinə start verildiyi bildirlir.


P.S. Yazıda adları keçən hər bir şəxsin mövqeyini dərc edə bilərik.