backend

AZAL-ın qiymət siyasəti ölkə rəhbərliyi səviyyəsində tənqid olundu, amma dəyişən heç nə yoxdur

AZAL-ın qiymət siyasəti ölkə rəhbərliyi səviyyəsində tənqid olundu, amma dəyişən heç nə yoxdur



















Son illər ölkəmizin hava nəqliyyatında sərnişin daşımaları artsa da, Azərbaycan aviaşirkətlərinin ziyanı 1999-cu ildən bu yana 500 milyon manatı keçib, görəsən niyə?

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-ın fəaliyyəti ilə bağlı sərt tənqidlər səsləndirmişdi. Ölkə başçısı AZAL-da biletlərin qiymətinin bahalığı məsələsinə toxunmuşdu: "Biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır". Cənab prezidentin bu çıxışından sonra bəzi millət vəkilləri də aviabiletlərin həddən artıq baha olması barədə fikirlər səsləndirdilər. Məsələn, millət vəkili Fərəc Quliyev bildirib ki, əhalinin vəziyyətinə uyğun olaraq tariflərdə dəyişiklik etmək mümkündür: "Ola bilər ki, bu halda AZAL istədiyi qazancı götürməsin. Amma əhalinin sosial durumunu, dünyada baş verən prosesləri, nəzərə alaraq qiymətlərdə dəyişiklik etmək lazımdır. Xüsusilə Naxçıvan reyslərində dəyişikliyi vacib hesab edirəm. Bura blokada şəraitində yaşayan bir yerdir. Əhalinin imkanı yoxdur ki, alternativ yollardan istifadə etsin. Ölkənin turizminin inkişaf etməsi baxımından həm mehmanxana, həm bilet qiymətlərinin aşağı salınmasına ciddi ehtiyac var. Qısa zaman ərzində böyük qazanc götürülməsə də, amma uzunmüddətli qazanc əldə etmək mümkündür. Bizim ölkənin buna imkanları var. Biz turizmi inkişaf etdirmək istəyiriksə, rəqib kampaniyalardan aşağı qiymət təklif etməyi bacarmalıyıq". Fəzail Ağamalı da bilet qiymətlərinin həqiqətən baha olduğunu təsdiqləyib: "Təsadüfi deyil ki, dövlət başçısı da bu məsələyə toxundu. Prezidentin dedikləri tamamilə həqiqəti əks etdirir. Bu bir daha məsələnin aktuallığını ortaya qoydu. Həqiqətən AZAL özünün xidmətlərini dünya standartları səviyyəsində qurub. Mən AZAL-ın uçuşlarından istifadə edirəm. Göstərilən xidmət yüksək səviyyədədir. Bununla bərabər AZAL-da aviabiletlər çox bahadır. İstər ekonom klass, istərsə də biznes klassda qiymətlər bahadır. Qiymətlər insanların imkanları ilə üst-üstə düşmür. Azərbaycan hazırda dünyanın diqqət mərkəzindədir. Ölkədən xaricə gedənlər də kifayət qədər çoxdur. Bu baxımdan AZAL-ın xidmətlərindən geniş şəkildə istifadə olunur. Bu məsələyə yenidən baxmaq vacibdir". Bu tənqidlərdən sonra "Azərbaycan Hava Yolları" QSC qiymətlərdə endirim edəcəyini, hətta 99 avroya biletlərin satılacağını açıqlamışdı. Aparılan araşdırmalar göstərir ki, QSC-nin rəhbəri Cahangir Əsgərov qiymət məsələsində yenə də köhnə mövqeyindədir və 99 avroya olan biletlər demək olar ki, yoxa çıxıb. Bu günlərdə tanınmış turizm şirkətləri 99 avroya biletlərin ümumiyyətlə satılmadığını bəyan ediblər. Ölkənin aparıcı turizm şirkətlərindən biri olan "7 days Travel"dən bildirilib ki, adətən minimum qiymət olan 99 avroya yalnız İstanbula səyahət etmək olur: "Bu qiyməti hava yolları müəyyənləşdirir. Daha çox bu qiymətə İstanbula səyahət etmək olur". "Mir Travel" şirkəti də 99 avroya İstanbul, Moskva, Dubay və Antaliyaya getməyin mümkünlüyü elan edilsə də, reallıqda bunun mümkün olmadığını bildirib: "99 avro biletin yalnız tarifidir. Ona görə də reklamlarda və elanlarda yalnız onun tarifi verilir. Amma ümumilikdə həmin bilet 143 manata başa gəlir. Amma baqaj və yemək o qiymətə daxil deyil. Həmin qiymətə İstanbul, Moskva, Dubay və Antaliyaya getmək mümkündür". Turizm şirkətlərindən verilən açıqlamalardan bu qənaətə gəlmək olar ki, AZAL şefi qiymət məsələsi barədə yuxarılar qarşısında götürdüyü öhdəlikləri hələ də yerinə yetirə bilməyib. Yəqin QSC rəhbəri bu məsələnin ölkə rəhbərliyinin diqqətindən kənarda qaldığını düşünərək belə addımlar atır. Amma o bilməlidir ki, aviabiletlərin qiyməti ilə bağlı həllini tapmayan problemlər yenidən gündəmə gətiriləcək. Onun həyata keçirdiyi qeyri-qanuni işlər cəmiyyət arasında sözügedən qurumun şəffaf fəaliyyətinə inamı xeyli azaldıb. Rəsmi statistikaya görə, son illər hava nəqliyyatında sərnişin daşımaları artsa da, Azərbaycan aviaşirkətlərinin ziyanı 1999-cu ildən bu yana 500 milyon manatı keçib. Rəsmi sənədlərdə sərnişin daşımalarının 99% "Azerbaijan Airlines"-n payına düşdüyündən müvafiq olaraq 500 milyondan artıq ziyanın da 99% Dövlət Aviaşirkətinin üzərinə yazılıb. Araşdırmalar zamanı məlum olub ki, AZAL 2000-ci ildən ziyanla işləməyə başlayıb. Rəsmi məlumatlarda aviaşirkətlərin 1996-1998-ci illərdə çox böyük mənfəətlə işlədiyi öz əksini tapıb. Ancaq 2000-ci ildə şirkət sərnişin daşımalarından 33 milyon manat əldə etsə də, ümumilikdə 7,4 milyon manat ziyan edib. Sonrakı illər bu ziyan sürətlə artıb. Hətta 2010-cu ildə bu rəqəm fantastik həcmdə, yəni 119,8 milyon manat göstərilib. Sonrakı illərdə ziyanın həcmi bir qədər azalsa da, 10 milyonlarla manatla göstərilib. Maraqlıdır ki, dövlət aviaşirkətinin ziyanı sərnişin qıtlığından deyil, bolluğundan yaranıb. Belə ki, 1998-ci ildə cəmi 833 min sərnişin daşındığı halda, aviaşirkətlərimiz 40,3 milyon manat gəlir əldə edib. Ancaq 2007-ci ildə 1 milyon 526 min, 2011-ci ildə 1 milyon 394 min, 2012-ci ildə isə 1 milyon 600 min nəfər sərnişin daşındığı halda, aviaşirkətlərimiz böyük ziyan ediblər. Baxmayaraq ki, AZAL-ın təqdim etdiyi qiymətlərin digər aviaşirkətlərlə müqayisədə xeyli yüksək olması, yəni maya dəyərindən dəfələrlə baha satması, aviabenzini isə ucuz alması zərərin olmasını mümkünsüz edir. Bəzi mənbələr hesab edir ki, şirkətin ziyanla işləməsi Cahangir Əsgəroun şəxsi maraqları və biznes planları ilə əlaqədardır. Yayılan məlumatlara əsasən, AZAL rəhbəri təkcə offşor kampaniya vasitəsilə həyata keçirdiyi karqo daşımalardan ildə bir neçə yüz milyon dollar gəlir əldə edir. Ən maraqlı məqam AZAL-da yüksək vəzifələri tutan şəxslərin digər millətlərdən olmasıdır. Məlumatlara görə, iqtisadiyyat və maliyyə məsələləri üzrə vitse-prezident Andropova Lyubov Pavlovna Rusiya vətəndaşıdır. Hüquq İdarəsinin rəisi Kazımova Lyudmila Akperovna, xüsusi şöbənin rəisi Tarasova Valentina Qavrilovna, baş mühasibin müavini Knyazeva Vera Vasilyevna, iqtisadi proqnozlaşdırma xidmətinin rəisi Bikinina Raisa digər millətlərdəndir. Metrologiya xidmətində isə 10 mütəxəssisdən yalnız biri azərbaycanlıdır, digərləri rusdur. İddialara görə, rəhbərliklə yanaşı, "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi işçilərinin də böyük əksəriyyəti digər millətlərdəndir. Başqa bir informasiyaya görə, 2008-ci ildən AZAL-da tətbiq olunan "Sofi" proqramına Rusiyadan nəzarət etmək imkanları var. Belə ki, şirkətlə bağlı bütün məlumatların cəmləşdiyi bu proqramın bazası Moskvada yerləşir. Gələn saylarımızda Cahangir Əsgərovun hava limanı ərazisinin bir neçə hektarında nar plantasiyası salması, "Qazelli" şirkətlər qrupundakı vergi qanun pozuntuları və milyardlarla büdcə vəsaitinin hansı işlərə yönəldilməsi barədə maraqlı məlumatları açıqlayacağıq. Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.