backend

"Şəki-İpək” ASC-də kütləvi ixtisarlar müşahidə olunur

"Şəki-İpək” ASC-də kütləvi ixtisarlar müşahidə olunur
ASC rəhbərliyi prezidentin Şəkiyə səfərindən bir neçə gün qabaq işçiləri qanunsuz olaraq ixtisara salıb.

Bu haqda "İpəkçi” qəzetində məlumat verilib.
ASC rəhbəri olan Arif adlı sahibkar prezidentin iş yerlərinin açılması ilə bağlı siyasətinə qarşı çıxmaqdadır. O, əksər sexlərin işçilərinə məcburi qaydada işdən çıxmaq barədə ərizə yazdırıb. O, keçirdiyi iclaslarda açıq şəkildə bəyan edib: "Nə vaxta qədər mən sizi pambıqla dolandıracağam?! Zəhmət olmasa ərizənizi yazıb, işdən çıxın”.
Qəzet yazır ki, "Şəki-İpək” ASC-nin xaricə pambıq satmasına imkan verilmir. "Şəki-İpək” ASC istehsal etdiyi sapı Rusiyaya ixrac edə bilsə də, şirkətə həmin sapdan parça toxunmasına icazə verilmir. Məsələn, pambıq parça toxumaq üçün Almaniyadan alınmış dəzgahların istismar edilməsinə icazə verilməyib.
Pambıq sap istehsalından fərqli olaraq, ipək sap istehsalı üçün dəfələrlə artıq işçi cəlb edilir. Məsələn Sovet dövrünün son illərində yalnız Şəki şəhərində 3-4 min fəhlə barama açmaqla, yəni baramadan sap almaq işi ilə məşğul idi.
"Şəki-İpək” ASC-nin Baramaaçan istehsalatı 2011-ci ildə dayananada 300 nəfər fəhlə işsiz qaldı. Ondan bir neçə il əvvəl isə burada işçilərin sayı min nəfərdən çox olub. "Şəki-İpək” ASC rəhbərliyi isə artıq ipəkçiliyi ləğv edib, az işçi qüvvəsi tələb olunan pambıq sap istehsalına keçməyə qərar verib. İlk olaraq baş müəssisənin 500 nəfər işçisindən 400-ü "öz xahişləri” ilə işdən azad edilirlər.