backend

Zahid Orucdan Nardaran hadisələrinə sərt reaksiya: “Silaha əl atan cəzalandırılmalıdır”

Zahid Orucdan Nardaran hadisələrinə sərt reaksiya: “Silaha əl atan cəzalandırılmalıdır”



“Silaha əl atan qrup hansı ideologiyanın nümayəndəsi olursa olsun cazalandırılmalıdır”

Nardaranda baş verən hadisələri cəmiyyəti və ictimaiyyət nümayəndələrini də narahat edib. Bir çox insanlar sosial şəbəkələrdə baş verənlərlə bağlı narahatlıqlarını ifadə ediblər.

Son hadisələrlə bağlı “Yeni Müsavat”a açıqlama verən millət vəkili, Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc bildirib ki, Nardarandakı bu hadisələrin baş verəcəyi proqnozlaşdırılan idi: “Uzun müddət idi ki, orada bir narazılıq yuvası yaradılmışdı. İndi bu məsələnin sosial mahiyyəti, iqtisadi səbəbləri üzərində dayananlar səhv edirlər. Ölkənin bütün bölgələri hansı iqtisadi səviyyədədirsə, Nardaran da o durumdadır. Konkret görünən budur ki, müxtəlif vaxtlarda irəliyə verilən şəxslərin timsalında son dövr Taleh Bağırzadə adlı şəxsin ətrafında müxtəlif narazı qruplar lövbər salmaqdadırlar və oradan ölkə əleyhinə siyasi, sosial, kriminal, həm də terrorçuluq yönündə fəaliyyət aparmaqdadırlar. Konkret olaraq son baş verən hadisə, dövlətə, onun orqanlarına güllə atmaqdır. Bunun başqa adı yoxdur. Çünki müəyyən bir situasiyada kimlərsə hakimiyyət orqanlarından narazı ola bilərlər. Amma bunun ultimativ dillə, xüsusi bayraqlarla, eləcə də anti-konstitusion çağırışlarla həyata keçirəndə bu artıq hüquq müstəvisindən çıxır. Real olaraq Nardaranı, ölkənin kiçik bir məkanını sanki qanunun fövqünə qaldırıb ayrı bir siyasi quruluşun tərkibiymiş kimi aparmaq istəyən qruplar var. Ona görə də bəzən qara, bəzən yaşıl bayrağı bizim üçrəngli bayrağımızdan yuxarı qaldırırlar”.

Z. Orucun fikrincə, partiyalar, siyasi quruluşlar zəiflədikcə, dini qruplaşmaları gücləndirib ölkə əleyhinə yönləndirmək istəyənlər var: “Çox təəssüf ki, qeyd etdiyimiz məsələdə müxalif qüvvələrin də zəifləməsi fonunda onlar sanki mövqelərini bir qədər də gücləndirilər. Ona görə də məscidlər Allah evi olmaqdan daha çox, partiya qərargahına, anti-hakimiyyət təşkilatlarının yerinə çevrilirdi.

Bu çox qorxulu tendensiyadır. Çünki Azərbaycan özünü dünyəviliyi ilə, tolerantlığı ilə öyündüyü yerdə, onun kiçik bir hissəsində orta əsr qaydalarını bərpa etmək istəyən qüvvələr mövcuddur.

Sonuncu atışmada 2 polis nümayəndəsinin həlak olmasının hesabı sorulmalıdır. Əgər belə qüvvələrə güzəşt edilsə, geri çəkilmə olsa, bu vətəndaş itaətsizliyini, həmin qrupların radikallığını daha da artıracaq. Silaha əl atan qrup hansı ideologiyanın nümayəndəsi olursa-olsun, cazalandırılmalıdır.

Allahın buyurduğu, peyğəmbərin buyurduğu da budur ki, insanlar öz etiqadlarını silahlı vasitələrlə həyta keçirə bilməzlər. Ona görə də, Azərbaycan hüquq-mühafizə orqanları doğru hərəkət ediblər. Cəmiyyətin digər kəsimi də bu hadisəyə qiymət verərkən birmənalı mövqe tutmalıdırlar. Burada hakimiyyəti suçlamaq yanlışdır. Bu ölkənin əmin-amanlıqda olması onun dindarına da, ateistinə də, sağçısına da, solçusuna da lazımdır. Çünki qatar platformadan çıxsa, hamı ölümə gedir, orada kiməsə fərq qoyulmur”.