backend

“Qanıma qəltan eləsələr də bu yoldan çəkilən deyiləm”

“Qanıma qəltan eləsələr də bu yoldan çəkilən deyiləm”




Hafiz Hacıyev təhdid edildiyini açıqladı


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hazırkı iqtisadi böhrandan çıxmaq üçün təcili surətdə Nazirlər Kabinetinin istefaya getməli və yeni hökumət qurulmalı olduğunu bəyan edib.

“Yeni Müsavat”a açıqlamasında H.Hacıyev bildirdi ki, vəziyyətdən yeganə çıxış yolu odur ki, hökumət təcili buraxılmalıdır. Hazırkı ki, hökumət ölkə prezidentinin islahatlar istiqamətində addımlarını heçə endirir: “Cənab prezident deyir, hər şeyi tələb edir, amma deyilənləri yerinə yetirən yoxdur. Bu adamlar o qədər həyasızlaşıblar ki, sanki deyilənlərin onlara aidiyyatı yoxdur. Mən bir neçə gün öncə 81 yaşlı baş nazir Artur Rasizadənin işləmək imkanlarını itirdiyini mediada bildirib onu istefaya çağırmışam. Bu fikirlərimə görə mənə hədələr gəlməyə başlayıb. Sovet imperiyasının saxlanması üçün 1990-cı ildə Azərbaycan xalqının üzərinə qoşun yeridilməsinin tərəfdarı olmuş, həmin hadisələrdə təşkilatçılardan biri olmuş adam müstəqil Azərbaycanın hökumətinə başçılıq edəndə xalq bu günə düşməli idi. Belə adamlar bu xalqın düşmənidirlər, prezidentin düşmənidirlər. Mən xalqımı və prezidentimi belə adamlardan qorumaq üçün sözümü deməkdən çəkinən deyiləm. Buradan bəyan edirəm ki, məni qanıma qəltan eləsələr də bu yoldan çəkilən deyiləm”.

H.Hacıyev qeyd etdi ki, bəzi icra başçıları da xalqı narazı salan davranışa yol verirlər: “Lənkəran camaatı dindar camaatdır. Bir qrup əhali orada çıxıb süni qiymət artımına etiraz edir. Rayonun icra hakimiyyəti isə açıqlama verir ki, bu adamlar araq ala bilmirlər, ona görə də arağın əvvəlki qaydada satışını tələb edirlər. Vallah ayıbdır, bu, camaatı təhqir etməkdir. İcra başçısı Taleh Qaraşov mənim komsomol yoldaşım olub. Gərək o, belə səhvlərə yol verməsin. Bu gün çox həssas bir dönəmdir, xalqın hissiyyatı ilə oynamaq olmaz. Xalq acdır, aldığı pensiya, maaş dəyərini itirib, artıq dolana bilmir”.

H.Hacıyev bəyan etdi ki, kənd təsərrüfatını çökdürən Kənd Təsərrüfatı Nazirliyi, nazir Heydər Əsədov xalqı aclıqla üz-üzə qoyub: “Ölkənin kənd təsərrüfatı məhv olub. Heydər Əsədov deyir ki, 2015-ci ildə 6 faiz artım olub. Xalqı, ölkə başçısını bu qədər aldatmaq olmaz. Bu cür nazirlərin azacıq da olsa bu xalqa, prezidentə hörməti qalıbsa, özlərinə yazıqları gəlirsə, nə qədər ki, prezident onları qovmayıb özləri üzüsulu vəzifədən istefa versinlər. Bu xalqdan nə istəyirlər!? Niyə zəli kimi bu xalqın boğazından yapışıb qanını sorurlar. Artıq xalqın sormağa qanı qalmayıb! Vicdanları olsun əl çəksinlər bu xalqdan, imkan versinlər bu xalq yaşasın, imkan versinlər prezident İlham Əliyev islahatlarla bu xalqı bir tərəfə çıxarsın. Prezident mədəni, alicənab insandır sizləri hələ ki, qovmursa heç olmasa abrınız olsun özünüz gedin. Artur Rasizadənin 81 yaşı var getsin nəvələri, nəticələri ilə oynasın. Biz də o yaşa çata bilsək nəvə nəticə ilə oynayacağıq. Burada qəribə bir şey yoxdur.

Bu saat hökumətdən kənarda kifayət qədər başı işləyən adamlar var, hansı ki, millətini dövlətini bu məmurlardan qat-qat çox sevirlər. Heç nə demirəm, kənara çəkilsinlər, belə adamları, bizi altı ay sınasınlar. Biz millət, vətən, dövlət naminə yalvarırıq, bunlar kimi rüşvət almaqdan ötəri yalvarmırıq, istəyirik ki, bu ağır durumdan ölkəni xilas edək”.