backend

Prezident: “Buna imkan verə bilmərik”

Prezident: “Buna imkan verə bilmərik”




“Biz iqtisadi fəallığı artırmalıyıq. Təbii ki, gəlirlər azaldıqca bizim investisiya qoyuluşumuz da, dövlət xətti ilə qoyulan investisiyaların həcmi də azalır. Bu da öz növbəsində iqtisadi fəallığı müəyyən dərəcədə aşağı salır. Bu, reallıqdır, bir-biri ilə bağlı olan məsələlərdir. Ona görə, biz görüləcək əlavə tədbirlər nəticəsində iqtisadi fəallığı artırmalıyıq, həmçinin tikinti sektorunda”.

qaynarxett.az Azadlıq.az-a istinaden xəbər verir ki, anspress-in məlumatına görə, bunu prezident İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər:

“Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər – bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır. Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Əlbəttə, biz imkan verə bilmərik ki, burada xaotik vəziyyət yaransın. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır”.

İlham Əliyev vurğulayıb ki, əgər qanunvericilikdə, hər hansı bir düzəlişlər edilməlidirsə, biz bunları da etməliyik:

“Onu da qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatlarında Azərbaycanın müxtəlif istiqamətlər üzrə islahatları yüksək qiymətləndirilir. Ancaq bizi ən çox geriyə salan məhz tikinti sektorunda, bax bu qeyri-normal vəziyyətdir. Çünki burada o qədər icazələr tələb olunur və burada o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Ona görə mən bu gün ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar. Mənə mütəmadi qaydada məlumat verilməlidir ki, hər rüb nə qədər tikinti layihəsi icra edilir, harada və bunun əmək bazarına olan təsiri nədən ibarətdir?!

Burada, əlbəttə ki, biz ilk növbədə iş adamlarının fəaliyyətini gözləyirik. Eyni zamanda, ipoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər. Əfsuslar olsun ki, bizdə bu sektorda durğunluq müşahidə olunur. Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Ancaq bu proses hələ ki kütləvi xarakter almayıb. Bunu dərhal başlamaq, yəni, davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir. Bu tədbirlər haqqında mənə məlumat verilməlidir. Biz nə etməliyik ki, ipoteka xətti ilə tikiləcək bu binaların inşasını sürətləndirək?!

Bir sözlə, iqtisadi islahatlar dərinləşməlidir. Biz burada inkişaf etmiş ölkələrin müsbət praktikasını mütləq nəzərə almalıyıq. Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır. Bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Bu tapşırılar yerinə yetirilməlidir. Belə olan halda biz tezliklə müsbət dinamikanı sürətləndirə bilərik”.

Prezident vurğulayıb ki, son illər ərzində bütövlükdə iqtisadi sahədə aparılan siyasət özünü doğruldur: “Azərbaycan son 10 il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Sadəcə olaraq indiki şəraitdə biz fəaliyyətimizi daha da təkmilləşdirməliyik. Azərbaycanda düşünülmüş siyasət, iqtisadi islahatlar aparılır. İnsanların vətənpərvərlik hissi yüksək səviyyədədir. Xalqla iqtidar birliyi möhkəmdir. Bax, budur uğurlarımızın əsas amilləri. Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər. Dövlətin bu istiqamətdə çox ciddi proqramı vardır. Əminəm ki, belə olan halda 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq. Qarşıda duran bütün sosial və iqtisadi vəzifələr icra ediləcək. Əminəm ki, belə də olacaq”.

Həmçinin oxuyun:
Prezident manatla bağlı vətəndaşlara müraciət etdi
İlham Əliyev sərt xəbərdarlıq etdi
İlham Əliyevdən banklarla bağlı müjdə