backend

Villalar kəndi alan orta ranqlı məmur…

Villalar kəndi alan orta ranqlı məmur…



Sadə, “şok”suz, “müdhiş fakt”sız bir başlıqdır, belədir: “Azərbaycan məmurunun arvadı Türkiyədə 20 milyon dollara 16 villa alıb”.

Yazını oxuyursan, yazıya yerləşdirilmiş sənədlərin şəkillərinə baxırsan və görürsən ki, ortada təkzib ediləcək bir şey yoxdur. Hər şey ortadadır.

Adı çəkilən, ünvanı göstərilən məmur elə də böyük bir vəzifə yiyəsi deyil, dövləti idarə edənlərin 3 mini bir toplantıya çağırılası olsa, bəlkə də o adama dəvət gəlməz. ARDNŞ-də idarə rəisidir adam, şirkətin kapital qoyuluşuna məsuldur.

Ancaq işə baxın, bu orta ranqlı məmurun əli milyonlarla oynayırmış. Əgər onun xanımı bir dəfəyə Bodrumda 16 villaya 20 milyon saya bilirsə, demək, azı iki o qədər evi, villası, imarəti də öz ölkəmizin yaşıl rayonlarında – Qubada, Şamaxıda, İsmayıllıda, Xaçmazda, Masallıda, eləcə də paytaxtın yaxşı yerlərində var.

Bu qədər villanı almaqda məqsəd, əlbəttə ki, zəruri ehtiyacdan doğmur. Məmur ailəsi ilin isti aylarını kurort zonasında yaşamaq istərsə, ona bir villa da bəsdir.

Məqsəd əldə olan böyük pulları yumaq, dəyərdən düşməyən kapitala çevirməkdir.

Məlumdur ki, pul, qızıl, daş-qaş elə şeydir ki, vaxtaşırı qiymətdən düşür. Hətta asanlıqla oğurlana da bilər. Daşınmaz əmlak isə heç vaxt qiymətdən düşmür, əksinə, ildən-ilə qiyməti artır. Ona görə də əlində haram milyonlar olan hər kəs ölkədə və xaricdə çoxlu evlər, villalar,torpaq sahələri alaraq milyonlarını qoruyub saxlamağa çalışırlar.

ARDNŞ-in (SOCAR) idarə rəisi də o düşüncəylə Bodrumda o qədər villa alıb.
Ancaq indi onu ifşa ediblər və barəsindəki təkzib edilməz materiallar sənədlü-sübutlu şəkildə mediaya ötürülüb.

Bunu kim edib, dəxli yoxdur. Əslində, burada elə bir heç sirr də yoxdur. Bir qayda olaraq bu kimi ifşaedici dosyeləri belə məlumatlara çıxışı olan şəxslər edirlər. İşləri budur.

Əsas odur ki, belə bir fakt var və onun üstü açılıb.

Bu, əl altında olan və mediaya, ictimaiyyətə açıqlanmayan minlərlə dosyedən biridir. Görünür, dosyesi açıqlanan məmurun qələmi qırılıb, fətvası verilib deyə, adı dilə-dişə salınıb.

Tək o deyil, ölkədə minlərlə başqa milyonçu məmurlar da var. Bu dövlətin hüdudsuz sərvətinin talanıb mənimsənilməsi bu cür adamları tamahkarlığı üzündəndir.

Təsəvvür edin, hər onun kimi məmur xaricdə 20 milyon dollarlıq villa, torpaq sahəsi alarsa, o ölkədə minlərlə adam kirayələrdən canını necə qurtara bilər? Heç cür.

Maddi nemətlər bolluğu olan ölkədə maddi sərvətlər bölgüsü bu qədər ədalətsizcəsinə aparılırsa, oğrular, talançılar milyonlara sahib olacaq, sıravi zəhmətkeşlərə isə qəpik-quruş çatacaq.

Azərbaycanın bədbəxtliyi ondadır ki, son illərdə ölkəyə gələn, dövlət büdcəsində və sair fondlarda toplanan böyük pullara çıxışı olan əksər məmurlar özlərini cəzasızlıq mühitində hiss edərək imkanları çatan qədər talançılıq ediblər (və edirlər). Onları bundan çəkindirəcək mexanizm, struktur yoxdur. Adamlar özlərini vahid bir komandanın üzvü sayır, bilirlər ki, bir-birilə qırılmaz tellərlə bağlıdırlar.

Ortada böyük bir hörümçək toru var. Azərbaycan o hörümçək torundadır. Dövlətin pulunu, malını, xalqın varidatını talayaraq xaricə daşıyanların hamısı bircə-bircə ifşa olunsa, ölkə bu gündə olmaz.

Başqa vaxt tez-tez deyirik, yazırıq ki, Norveçdə neft gəlirlərinin böyük bir hissəsini xərcləmirlər, depozit olaraq gələcək nəsillərə saxlayırlar. Görünür, eyni proses bizdə də gedirmiş. Sadəcə, neft pullarına əli çatan məmurlar onu öz züryətləri, öz gələcək nəsilləri üçün depozit olaraq saxlayırmışlar – Bodrumda villa kəndi alaraq, Londonda malikanə tədarük edərək, İsveçrədə daşınmaz əmlaka milyonlar qoyaraq.
Demək, kapital qoyuluşu buymuş?