backend

Ağdam rayon Mərkəzi Xəstəxanasında yaşananlar nədən xəbər verir?

Ağdam rayon Mərkəzi Xəstəxanasında yaşananlar nədən xəbər verir?  Həkim məsuliyyətsizliyinin acı sonluğu Səhiyyə sahəsində bu gün hədsiz çox problemlər, şikayətlər olsa da, təəssüf hissi ilə qeyd etməliyik ki, həmin şikayətlərin ardı-arası kəsilmək bilmir. Hətta deyərdik ki, günü-gündən də artmaqdadır. Bəs səbəbi nədədir desəniz? Bunu müxtəlif səbəblərlə izah etmək olar. Belə ki, ilk növbədə bəzi dırnaqarası həkimlərin məsuliyyətsizliyi, daha sonra xəstələrə qoyulan səhv diaqnozlar, təbii ki, səhv müalicələr, xəstələrdən nələrinsə güdülməsi, dövlət xəstəxanası olduğu halda, xəstəyə ehtiyac duyulan ləvazimatların xəstə yaxınlarına aldırılması, əməliyyatlar zamanı tibbi avadanlıqların xəstənin bədənində qoyulması və sairə. Hətta bu siyahını uzatmaq da olar. Bu kimi amillərdir ki, bu gün vətəndaşlarımızın səhiyyəyə olan inamını öldürür. Bundan başqa, onu da qeyd edək ki, artıq son bir neçə ildir paytaxtda yerləşən səhiyyə ocaqlarına nisbətən, bölgələrimizdən daha çox şikayətlər daxil olur. Belə ki, paytaxt sakinlərinin səhiyyə ocağı seçməkdə şansı daha çox olsa da, bölgələrdə belə bir seçim şansı yoxdur. Ya yaşadığı rayondakı səhiyyə ocağına müraciət etməlidir, yaxud da ən yaxın rayonun səhiyyə ocağına yollanmalıdır. Bu isə, həmin xəstənin vəziyyəti ağırdırsa, onun həyatı bahasına da, başa gələ bilər. Yenidən bu mövzunu qabartmaqda məqsədimiz redaksiyamıza daxil olan şikayətlə bağlıdır. Daxil olan şikayət isə Gülnar Abbasovanın baş həkimi olduğu Ağdam rayon Mərkəzi Xəstəxanasındandır. Etiraf edək ki, regionlarda, xüsusilə də cəbhə bölgəsin yaxın rayonlarda səhiyyə sahəsinə dövlət xüsusi qayğı göstərir. Elə bunun nəticəsidir ki, dövlət başçısı mütəmadi olaraq, həmin səhiyyə ocaqlarının təmiri, yeni avadanlıqlarla təchiz ediılməsi üçün vəsaitlər ayırır. Lakin daxil olan məlumatlarda qeyd olunur ki, rayon sakinləri həmin yeni avadanlıqlardan yararlana bilmirlər. Elə Ağdam rayon Mərkəzi Xəstəxanasında da həmin durumun yaşandığını iddia edirlər. İddialara görə, vətəndaşlar xəstəxanaya müraciət edən zaman, dövlət xəstəxanası olmasına baxmayaraq, adi pambıq və spirti də onlara aldırırlar. Bundan başqa, xəstəxanada həkim qıtlığı yaşanır. Xəstəxanada həkim olmadığı üçün onlara ya yaxın rayonlara, yaxud da paytaxt Bakıya getməyi məsləhət bilirlər. Bundan başqa, mediadan da izləmək mümkündür ki, dəfələrlə sözügedən Ağdam rayon Mərkəzi Xəstəxanasında həkim məsuliyyətsizliyi ucbatından xəstələr dünyasını dəyişib. Məsələn sonuncu baş verən bir hadisəni qeyd edək. Ağdam rayon, Üçoğlan kəndinin sakini Əliyev Vüqar Lənkəran oğlunun sözlərinə görə, oğlu Tunar bu ilin iyunun 6-da ağacdan tullanarkən ayağına çöp batıb: "İyunun 7-də onun ayağında kiçik şişin olduğunu gördük və həmin gün Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasına apardıq. Tunarı cərrah Elşən qəbul etdi. Dedim ki, həkim buna nə lazımdırsa edin. Bəlkə ayağında ağac qırığı qalar deyə Tunar elə bu xəstəxanada rentgen müayinəsi oldu. Müayinənin nəticəsində ayağında çöpün qalmadığı müəyyənləşdi. Tunarı yenidən Elşən həkim qəbul etdi. Bura dövlət xəstəxanası olduğu üçün tibbi xidmətə görə ödəniş eləmədim. Elşən həkim tibb bacısına tapşırıq verdi ki, Tunarın ayağına maz vurub, sarıyıb yola salsınlar. Sonradan məlum oldu ki, maz vurub sarımaq deyil, zəhərlənməyə qarşı iynə vurulmalı idi. Həkim mənə bildirdi ki, sabah sarığı açıb yenidən ayağına maz vurub sarıyaq". Şikayətçi deyir ki, sabah sarığı açarkən ayağında şişin böyüdüyünü görüb Tunarı yenidən həkimə aparıblar: "Elşən və Kamil həkimlər övladımın ayağına baxdılar. Yenidən ayağına maz vurub sarıdılar. Yenidən evə aparmalı oldum. Bir gün sonra uşağın boynu şişdi. Təkrar apardım xəstəxanaya. Adını çəkdiyim həkimlər mənə dedilər ki, zəhərlənmə əleyhinə iynə vurmaq yaddan çıxıb. Təcili Bərdə Uşaq Xəstəxanasına apardım. Burda da mənə bildirildi ki, Tunarı təcili Bakıya aparmaq lazımdır. Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova Tunarı təcili tibbi yardım maşını ilə təmin etdi. Kürdəmirdə oğlumu Bakıdan gələn təcili tibbi yardım maşını qarşılayaraq Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına apardı". Burada məlum olub ki, infeksiya qana keçib, bədəni zəhərləyib və tezliklə qurbanını məhv edəcək: "Bu xəstəlik üçün əməliyyat olmur. İnfeksiya qana keçib. Onu həyata qaytarmaq mümkünsüz oldu. Bircə oğlum gözümün qarşısında iyunun 14-ü səhər dünyasını dəyişdi. Göründüyü kimi, həkim məsuliyyətsizliyinin nəticəsində körpə uşaq dünyasını dəyişib. Və bu nə ilk, nə də sonuncu belə hadisə deyil. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.