backend

Ermənilər qorxu içində-Təkçə Dağlıq Qarabağ yox...

Ermənilər qorxu içində-Təkçə Dağlıq Qarabağ yox...
Həqiqət ondan ibarətdir ki, aprelin əvvəlində Dağlıq Qarabağ münaqişə zonasından qoşunlarının təmas xəttində toqquşmalardan və Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində işğal edilmiş bəzi ərazilərin geri qaytarılmasından sonra Ermənistan ciddi təşviş içindədir.
Bunu Milli.Az-a açıqlamasında son günlər Ermənistandakı vəziyyəti və orada baş verən hadisələri şərh edən politoloq Fikrət Sadıqov deyib.



Onun sözlərinə görə, hazırda Ermənistanın rəhbərliyində və siyasi elitasında, həm də ictimaiyyətdə və vətəndaş cəmiyyətində qorxu və təşviş, eləcə də bir sıra dövlətlərin mövqeyindən narazılıq hiss olunur: "Ermənilər xüsusən Rusiyanın mövqeyindən ciddi narazılığını ifadə edirlər. Çünki Rusiya həmişə Ermənistanın müttəfiqi olan bir dövlət kimi bu dəfə ona nəinki birmənalı dəstək vermədi, hətta Azərbaycanla bərabər tutdu. Bakıya Rusiyanın yüksək səviyyəli rəsmiləri gəldi və Azərbaycan tərəfi ilə yüksək səviyyədə danışıqlar aparıldı. Ermənistanda isə ciddi narazılıq hiss olunur. Belə görünür ki, onların buna kifayət qədər əsası da var. Ermənilər Moskvanın Azərbaycana silah və hərbi texnika satmasından narazıdırlar. Onlar başa düşür ki, Rusiya müəyyən mənada Ermənistanı təkləyir. Çünki Moskva nümayiş etdirdi ki, ruslar sinələrini qabağa verib ömür boyu erməniləri müdafiə etmək fikrində deyillər. Çünki başqa tərəfdə, Azərbaycanın maraqları var. Azərbaycanla yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur və inkişafdadır. Ona görə də Rusiya onları pozmaq istəmir".



Politolqun fikrincə, artıq həm Ermənistanda, həm də Rusiyada Azərbaycan torpaqlarının azad edilməsi vaxtının gəldiyini dərk etməyə başlayıblar: "Ermənistanda müəyyən sağlam düşüncəli siyasətçilər var. Onlar da başa düşür ki, Ermənistan gec-tez Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir. Bu, əbədi olaraq belə qala bilməz. Əgər regionda stabillik yaranmalıdırsa, deməli, torpaqların azad olunması baş verməlidir. Odur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Yerevana gedir, müəyyən planlar cızılır, gündəliyə bəzi ssenarilər gəlir. Onlar müxtəlif ssenarilər olsa da, hər şey Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsindən başlamalıdır. Bunu həm Ermənistanda, həm də Moskvada çox gözəl dərk edirlər".







Milli.Az