backend

Beynəlxalq Fond Kəlbəcər girovları ilə bağlı müraciət etdi

Beynəlxalq Fond Kəlbəcər girovları ilə bağlı müraciət etdi


Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondu ermənilərin işğal etdikləri Kəlbəcər rayonunda əsir götürdükləri azərbaycanlılarla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.


Fondun mərkəzi ofisindən verilən məlumatda bildirilir ki, müraciətdə işğal altındakı Kəlbəcər rayonunda doğma yurdlarına, ata-babalarının məzarlarını ziyarət etməyə gedərkən amansız işgəncələrə məruz qalmış azərbaycanlıların erməni hərbçiləri tərəfindən əsir götürülməsi ilə əlaqədar ciddi narahatlıq ifadə edilib.



Müraciətdə xüsusilə vurğulanır ki, bu hərəkətləri ilə Ermənistan tərəfi beynəlxalq hüquq normalarını və Helsinki Yekun Aktının prinsiplərini pozur:



“Qarabağda Azərbaycana qarşı Ermənistanın 22 illik hərbi təcavüzü beynəlxalq prinsiplərin və normaların, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, xüsusən də atəşin dayandırılması məqsədi ilə bütün hərbi əməliyyatlara və düşmənçilik aktlarına dərhal son qoyulmasını, habelə bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılmasını tələb edən 822-ci qətnamənin yerinə yetirilməməsi problemlərinin mövcud olduğunu təsdiq edir.


Beynəlxalq Fond Beynəlxalq Qırmızı Xaç Komitəsini onun bütün imkanlarından istifadə edərək əsirlərin müvəqqəti saxlanması üçün normal şəraiti təmin etmək məqsədi ilə ən qısa müddətdə lazımi tədbirlər görməsinə imkan verən mandat çərçivəsində əsirlərlə görüş təşkil etməyə və onların tezliklə azad edilməsinə nail olmağa çağırır. Beynəlxalq Fond bir daha qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri, ərazi bütövlüyünə, suverenliyə hörmət, qüvvə tətbiq etməmək, dinc vətəndaşlara qarşı zor işlətməmək prinsipləri əsasında ən qısa bir zamanda nizama salınmalıdır”.