backend

Politoloq: Ermənistana göstərilən təzyiq Azərbaycanı Aİ ilə daha da yaxınlaşdıracaq

Politoloq: Ermənistana göstərilən təzyiq Azərbaycanı Aİ ilə daha da yaxınlaşdıracaq

“Bizim vəzifəmiz hücum diplomatiyası metodu ilə hərəkət etməkdir”.


- Ötən həftə mürəkkəb beynəlxalq şəraitə və daxili problemlərə baxmayaraq Avropa komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycana səfər edib. Bu səfərin nəticələri barədə nə deyə bilərsiz?

- Barrozunun Bakıya səfəri Azərbaycanın Avropa İttifaqı ilə fəal əməkdaşlıq niyyətini təsdiqlədi. Biz əməkdaşlıq edirik və biz əlaqələrimizi genişləndirməyə hazırıq, Avropada enerji təhlükəsizliyi təminatı sahəsində, regionda bir sıra energetik layihələrin realizə edilməsində ortaq maraqlarımız mövcuddur. Humanitar sahədə, siyasi əlaqələrə dair müqavilələrimiz var və biz heç bir zaman Avropaya inteqrasiyadan imtina etməmişik. Bu, bizim ümumilikdə prioritet istiqamətimizdir.

- Brüsseldə Avropada enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolu xüsusi vurğulanır. Bəzi analitiklər hesab edirlər ki, Azərbaycanın ərazilərinin işğalı problemində Aİ-dən daha qətiyyətli mövqe tutmağı tələb etməyə əsas var. Bu barədə nə düşünürsüz?

- Bu problemlə əlaqəli hər zaman istər beynəlxalq strukturların, istərsə də ayrı-ayrı dövlətlərin istənilən yüksək vəzifəli rəsmi şəxslərilə danışmağın mənası var.

Sadəcə Aİ bu münaqişənin tənzimlənməsi formatına köklənməyib. Bununla ATƏT, Minsk qrupu məşğul olur. Brüsseldə bunu dəfələrlə vurğulayıblar. Düzdür burda bir qədər hiyləgərlik də var, çünki söhbət aparıcı Avropa ölkələrindən gedir, və onlar istəsələr əlbəttə Azərbaycana dəstək ola bilərlər və yaxud da ən azından haqqında çox danışdıqları beynəlxalq hüququn norma və prinsiplərinin işləməsini təmin edə bilərlər. Bax, onlar tərəfdən bunu görmürük.

Bu, kədərləndirici faktdır. Amma bizə və münaqişəyə qarşı indiferent münasibət və ikili standart tətbiq edilməsinə artıq alışmışıq. Bu, əlbəttə ki, ciddi problemdir, onu fəal, hücum diplomatiyası çərçivəsində həll etmək lazımdır.

- Qarabağ münaqişəsinin əsas vasitəçiləri Rusiya və ABŞ arasında indiki böhrandan istifadə edərək, Aİ-nin münaqişənin həllində təşəbbüsü öz üzərinə götürəcəyinə ümid edə bilərikmi?

- Xeyr, mən bu məsələdə avropalılar tərəfdən işıq ucu görmürəm. Çünki Rusiya və ABŞ arasında sözügedən qarşıdurmada Avropa çox fəal iştirak edir. Bu qarşıdurma sadəcə Vaşinqton və Moskva arasında deyil, eləcə də Brüssel və Moskva arasındadır. Unutmayaq ki, Rusiyaya qarşı sanksiyaların bir çoxu Avropa tərəfindən tətbiq edilir.

Digər tərəfdən, avropalılar Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal ola bilərdilər, çünki bu ilk növbədə həm iqtisadi, həm də siyahi sahədə onların öz xeyrinə olardı. Çünki əgər onlar Ermənistana təzyiq göstərərlərsə, Azərbaycanın simasında əməkdaş və müttəfiq qazanmış olacaqlar. Hansı ki, bu qarşılıqlı əlaqənin daha da sıx olması üçün lazımi addımları atacaq. Söhbət bundan gedir. Bunu isə biz təəssüf ki, görmürük.

- Azərbaycanın bu səbəbdən Qərbdən uzaqlaşmasına dəyərmi? Hətta rəsmi Bakının nümayəndələri bəzən buna birmənalı şəkildə işarə də edirlər.

- Biz bu problemə görə dünya ictimaiyyəti ilə əlaqəni kəsə bilmərik. Təbii ki, bizim vəzifəmiz bu dövlətlərlə, beynəlxalq və Avropa strukturları ilə işləmək, bu fəaliyyəti fəal şəkildə davam etdirməkdir. Və hücum diplomatiyası metodu ilə hərəkət etməkdir. Mən bu gün üçün sadəcə başqa çıxış yolu görmürəm.