backend

Əkiz uşaqlarından imtina edən 79 yaşlı ata danışdı - VİDEO

Əkiz uşaqlarından imtina edən 79 yaşlı ata danışdı - VİDEO




















“İndi çox peşman olmuşam”.

Ömrünün ahıl yaşlarında dünyaya gətirdiyi iki əkiz övladından imtina edən Masallı rayonunun, Şatıroba kənd sakini, 79 yaşlı Əliniyaz Nəzərov atdığı addıma peşiman olub.

Qaynarxətt.info ANS TV-yə istinadən xəbər verir ki, Nəzərovlar əkizləri geri qaytarmaq üçün paytaxt Bakıya yollansalar da geri əliboş dönüblər.

Əkiz körpələrin saxlandığı 1 saylı körpələr evində valideynlərə başa salınıb ki, könüllü şəkildə imtina etdikləri övladlarını geri almaq o qədər də asan məsələ deyil.

Əkiz uşaqların atası Əliniyaz Nəzərov deyir ki, indi çox peşiman olmuşam, uşağımı istəyirəm.

Xatırladaq ki, üç uşaqdan sonra iki əkiz övlad - bir qız və bir oğlan uşağı dünyaya gətirən Nəzərovlar ailəsi ağır maddi durumda yaşamalarını və bundan başqa da üç övladlarının olmasını əsas gətirərək yeni doğulan körpələrindən imtina etmişdilər.

Rayon İcra Hakimiyyəti aztəminatlı ailəyə hər cür köməklik olunacağını bildirsə də, 79 yaşlı atanı fikrindən daşındırmaq mümkün olmamışdı. İndi ailə fikrini dəyişəndən sonra uşaqların geri qaytarılması istiqamətində rayon rəhbərliyi onlara hər cür hüquqi və maddi kömək olunacağını deyir.

Masallı RHİ-nin hüquq şöbəsinin məsləhətçisi Hikmət Xəlilovun sözlərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb:

“Həmin sərəncama uyğun olaraq, körpələr evinin rəhbərliyi uşağı ailəyə qaytaracaq. Uşağın ailəyə qaytarılma prosesi komissiyanın nəzarəti altında həyata keçiriləcək. Uşaqların sağlamlığı və bundan sonrakı sosial durumu rayon icra hakimiyyətinin rəhbərliyi altında olacaq”, deyə Hikmət Xəlilov bildirib.

Masallı RİH-dən bildirildi ki, hüquqi prosedur başa çatdıqdan sonra körpələri rayona gətirmək üçün xüsusi nəqliyyat vasitəsi ayrılacaq. 5 uşağlı Nəzərovlar ailəsinin bundan sonrakı maddi təminatını da Masallı Rayon İcra Hakimiyyəti öhdəsinə götürüb.