backend

Falçı və fırıldaqçı məkanı - Saatlı

Falçı və fırıldaqçı məkanı -  Saatlı

Saatlıda mollaların sayı artdığı kimi, «öncəgörən»lərin də sayı durmadan çoxalmaqdadır Cəhənnəm əzabının necə olmasını görmək üçün yetər ki, Saatlıda çox yox, bircə gün olasan. XXI əsrin qloballaşma dövründə yaşamağımıza baxmayaraq, bura hələ də adama müasir insan cəmiyyətinin olmadığı bir məkanı xatırladır. Amma gəl ki, bəzi ağzıgöyçəklər utanıb, çəkinmədən elə danışırlar ki, guya, rayon günügündən gözəlləşərək, inkişaf edir. Ay nə bilim, tikinti-quruculuq, abadlıq kimi işlər aparılıb, yoxsulluğun səviyyəsi aşağı düşüb və s. Belə bayağı və məddah sözləri eşidəndə adamda istər-istəməz ikrah hissi doğurur. Yalanları elə düzüb, qoşurlar ki, təəccüblənməkdən başqa çarən qalmır. Bir soruşan yoxdur ki, ay filankəs, bu 16 ildə Saatlıda nə dəyişib? Axı, hər şey göz qabağındadır. Hara baxırsan çirkab, haqsızlıq, məmur-biznesmenlərin özbaşınalığı, yaltaqlığı, nadanlığı, işverənləri və üzəduranları görürsən. Pis, yaxşı sovet dövründən qalma istehsal müəssisələri var idi ki, onlar da yırtıcı nəfisli məmurlar tərəfindən dağıdılaraq yerlə yeksan olundu. Hansı ki, təkcə Saatlı kəndində yerləşən çörək zavodundan vaxtıyla 800 nəfər adam çalışırdı. Hər dəfə həmin keçmiş zavodun qarşısından keçəndə fikirləşirsən ki, yəqin bu qədər də vicdansızlıq olar? Rayon sakinlərinin bir parça çörək həsrəti çəkməyə sürükləyən vəzifə və iş başında olan belə adamların əməllərinə baxanda ancaq bir ad vermək olar: «Xəyanət». Rayonun infrastrukturundan isə heç danışmağa dəyməz. Zaman-zaman baxımsızlıq üzündən o da tamamilə sıradan çıxıb. Rayon demək olar ki, bu günləri büs-bütün vəzifə başında olan işbazların girovundadır. Rüşvət və koruppsiya kimi bəla Saatlıda artıq qanuni normaya çevrilib. Bir sözlə, maddiyyat mənəviyyəti «yeyir». Rayonun əsas iqtisadiyyatını təşkil edən kənd təsərrüfatı isə tamamilə iflic edilib. Bu pul, toxum, texnika sarıdan kəndlilər həmişə korluq çəkiblər. Hər kəsə bəllidir ki, sözügedən bu sahənin inkişafı üçün hər il dövlət büdcəsindən milyonlarla maliyyə vəsaiti ayrılır. Eyni zamanda, güzəştli qiymətlərlə verilən yanacaq və mineral gübrələr də həmçinin. Düzü, bu pulların hara və kimlərin cibinə getdiyi hələ də deyə bilməsək də, lakin yanacaq və mineral gübrələrlə yanaşı, texnikaları «Aqrolizinq» ASC-nin rayon filialının saxta rəhbəri Şakir Həsənovun şəxsi büdcəsinin doldurulmasına xidmət etdiyi gün kimi aydındır. Öz aramızdı, 1,2 milyon manatı heç «uf» demədən şəxsi pulu kimi həzmi-rabedən keçirdi, amma kimsə bir söz demədi. Əgər pul yox, qanun şah olsaydı onda Şakir Həsənov işçiləri qul kimi istismar edib, bu günləri vəzifə və iş başında əməllərini davam etdirməzdi. Çox böyük ehtimalla, indi həbsxana həyata keçirirdi. Amma nə edəsən ki, Saatlıda pul hər şeyi həll edir. Hakimi-mütləq olan pul Saatlıda vəzifəsindən asılı olmayaraq, hər bir kəsi heç nəyə yaramayan bir əşya kimi, gözünün qarşısında kölə edir. Bəli, bu rayonda gecə-gündüz pul uğrunda əməlli-başlı çarpışma gedir. Özü də ki, ildən ildən olduqca ağır gəlir. Son bir ildə Saatlıda vəziyyət hədsiz dərəcədə pisləşib. Tüğyan edən işsizlik yoxsulluğun səviyyəsini deyərdim ki, kəskin şəkildə artırıb. Bu da rayonda bir çox vərəm, şəkər, asma, infarkt keçirmək kimi geniş yayılmasına səbəb olub. Nə qədər acı olsa da, yoxsulluğun gətirdiyi məhz belə xəstəliklərdən dünyasını dəyişənlərin sayı durmadan çoxalır. Bəlkə, vəzifə başında olan işbazlar bu yolla yoxsulluğun azaldılmasını qarşılarına məqsəd qoyublar. Hələ bir neçə il əvvəl əbəs yerə demirdilər ki, 2011-ci ilə qədər bir nəfərdə olsun yoxsul qalmayacaq. Təkcə, intihar edənlərin sayı ötən illərlə müqayisədə xeyli dərəcədə artıb. Puldan ötrü adamlar demək olar ki, nəyə desən hazırdırlar. Mənəvi dəyərlərin daşıyıcıları, həm də qoruyucuları olmalı olan ziyalı və din adamlarının özündə ciddi şəkildə mənəvi aşınma gedir. Rayonun orta nəsil nümayənlərində olduğu kimi, artıq mənən korlanan gənc və yeniyetmələrin şüurlarında küitləşməyə gətirib çıxarıb. Doğrusu, heç cür başa düşmək olmur. Məşədilərin, hacıların, kərbəlayilərin sayı çoxaldıqca, Allahsızlığın, imansızlığın sayı da bir o qədər artır. Bu günkü mövcud reallıqlardan yanaşdıqda, onda görə bilərik ki, dini alver obyektinə çevirən adamlar o dövrün bugünkü mahiyyətcə «Şeyx Nəsrullah»larından heç nə ilə fərqlənmir. Fikir verin, rayonun mərkəzində iki məscid var. Birinə «Köhnə», digərinə isə «Təzə» deyilir. Ara məsafələri 200 metr həmin olar. Birinə Hacı Vadər, o birisinə isə Hacı Bəxtiyar rəhbərlik edir. Məsələ burasındadır ki, özlərini rayonun axundu kimi təqdim edən bu iki şəxs arasında uzunmüddətdir ki, münaqişə davam edir. Hər ikisinin də ayrıca öz komandası var. Pul, para, mənsəb üstündə barışmaz mövqedə dayanan hər iki tərəf hara gedirlərsə, bir-birlərinə iftiralar yağdırmaqdan belə çəkinmirlər. Özlərini guya ki, Allaha yaxın bilib, dinə bağlı olan bu adamlar əgər birliyə, həmrəyliyə gələ bilmirlərsə, vay, bu qara camaatın halına. Demək olar ki, mədə və qarından ötrü mollalığa qurşanıb, özlərini din adamı kimi təqdim edənlərin sayı hər gün artır. Hər necə olsa da, bunları başa düşmək olar. Axı, neyləsinlər? Bu boyda rayonda nə iş yeri var, nə də faydalı məşğuliyyət. Dini kitablardan bir-iki səhifə əzbərləmək yetər ki, harda aş varsa, orda baş olasan. Bir də axı, öz aramızdı bu günləri şou-biznes kimi, bu da gəlir gətirən sahələrdən biri sayılır. Həmin bu adamların əllərində uzun təsbeh haqdan, ədalətdən danışmasını eşidəndə vallah, əməlləri, niyyətləri və şəxsiyyətləri heç cür imkan vermir ki, İslam dininə sevgi ilə yanaşasan. Elə bu səbəbdən də Saatlını cəhalət bürüyüb. Falçı və fırıldaqçılar açıq aşkar meydan sulayır. Günü gündən varlaşan məmurların fonunda əzilən və kiçilər Saatlıya baxanda, adamı dərd götürür.

İlham Süleymanov