backend

Vaqif Abdullayevin Beyləqan qoçuluğu

Vaqif Abdullayevin Beyləqan qoçuluğu














İcra başçısının son vaxtlar döydüyü şəxslərin siyahısı artır

Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı qalmaqallar bitib tükənmir. Beyləqan rayon icra başçısı Vaqif Abdullayev bir haftə öncə şəhər mərkəzinin girəcəyində müavini Telman Məstanovu, şəhər icra nümayəndəsi Azil Aslanovu və Ağcabədi rayonundan olan Vüqar adlı sahibkarı hər kəsin gözü qabağında döyüb. Bu barədə Beyləqan rayonundan məlumat daxil olub.
Məlumata görə icra başçısı müavini Telman Məstanovla şəhər icra nümayəndəsi Azil Aslanova deyib ki, şəhər girəcəyinin təmiri üçün rayonun daxili büdcəsindən 150 min manat vəsait sizə verilib: İcra başçısı deyib ki, pulu siz almısınız. Heç bir iş də görməmisiniz. Hara xərcləmisiniz pulları?".
Məlumatda qeyd olunur ki, 150 min manatlıq işin tenderini rayon icra nümayəndəsi Azil Aslanov götürərək Ağcabədi rayonundan olan Vüqar adlı bir sahibkarın şirkətinin adına yazdırıb: "Həmin vəsaitin böyük bir hissəsini birinci Aslanov müavinlə birlikdə mənimsəyib. İcra başçısı Vaqif Abdullayev görülən işi yoxlamağa gəlib. Burada birinci müavini ilə şəhər icra nümayəndəsinin gördükləri işlərlə bağlı hesabatlarını dinlərkən qəflətən əsəbiləşib və onları təpiklə vurub. Başçı həmçinin Ağcabədi rayonundan olan Vüqar adlı sahibkarı da döyüb". Bildirilir ki, Vaqif Abdullayev Telman Məstanovun, Azil Aslanovun və Vüqar adlı şəxsin üstünə qışqıraraq onların firildaqçı olduqlarını, dövlətin pulunu yalandan sağa, sola xərclədiklərini deyib və hər üç şəxsi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edib.
Xatırladaq ki, bu hadisə V.Abdullayevin dalaşması ilə bağlı ilk fakt deyil. Belə ki, bir neçə gün öncə icra başçısı ilə telekanal əməkdaşı arasında söyüşmə həddinə çatan insidentin olması haqda xəbərlər yayılmışdı. Həmin məlumatlara görə, Beyləqan rayonunda "Bayraq günü” münasibətilə təşkil olunmuş tədbirə qatılan icra başçısı heç kimin gözləmədiyi davranış tərzi ilə diqqətləri üzərinə çəkib.
Məlumata görə, Vaqif Abdullayev rayon sakinlərinin gözü önündə telekanallardan birinin operatorunu küçə söyüşləri ilə söyərək təhqir edib. Təhqir olunan telekanal əməkdaşı isə baş verənlərlə bağlı ölkə başçısı İlham Əliyevə müraciət yazacağını bildirib. Rayondakı mənbənin sözlərinə görə, insidentdən 1 gün sonra icra başçısı təhqir etdiyi telekanal əməkdaşının yanına adamlar göndərərək məsələni böyütməməsini xahiş edib. Bundan əlavə Vaqif Abdullayev həmin operatorun çalışdığı telekanalın rəhbərinə şəxsən telefon açaraq mövzunun qapadılmasını xahiş edib. Tərəflərin razılığa gəldiyini söyləyən qaynağımız buna baxmayaraq icra başçısının baş verənlərə görə "yuxarılar” tərəfindən danlandığını deyir.
Buna qədər isə Vaqif Abdullayevin bu qəbildən olan ilk "ÇP”-si deyil. Belə ki, ötən ilin aprel ayında da buna oxşar hal müşahidə olunmuşdu. Həmin vaxt Vaqif Abdullayevlə yerli iş adamı Tərlan Kamaloğlu arasında başlanan münaqişə icra başçısının döyülməsi ilə bitib. Münaqişəyə səbəb isə icra başçısının sahibkardan parkın abadlaşdırılması üçün pul tələb etməsi olmuşdu.

Əsgər Azad