backend

Putinlə Ərdoğan - Millətçi imperialistlər...

Putinlə Ərdoğan - Millətçi imperialistlər...
















"Hər ikisi avtokratdır, üzdə demokratiya deyib, siyasətlərində avtoritar rejimlər yaradırlar"


Dekabrın 1-də Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri bütün dünyanın diqqət mərkəzindədir. Eks-spiker Rəsul Quliyev də açıqlamasında bu səfəri doğuran səbəbləri və hər iki liderin xarakterindəki oxşarlığı təhlil edib:

Rusiya -Türkiyə dövlət əlaqələri, ya Putinlə Ərdoğanın dostluqlarının səbəbləri

Krımın işğalından sonra Rusiya prezidentinin sivil dünyaya edəcəyi ilk dövlət səfərinin Türkiyə olacağı heç kimin ağlına gəlməzdi. Onun kommunist Çinə səfəri təbii idi. Qərbin qəbul etmədiyi Putini 50 ildir Sibiri ələ keçirmək istəyən Çinin qəbul etməsi Çinin xarici siyasətinin təntənəsi idi. Sibirin çinliləşdirilməsində rusların imzaladığı müqavilələrin böyük rolu olacağına heç bir şübhə yoxdur.
Bəs özünü Avropa adlandıran, ittifaqa daxil olmaq istəyən Türkiyənin Putini dəvət etməsini necə izah etmək olar, əlbəttə ilk baxışdan çox çətindir. Nəzərə alsaq ki, son 200 ildə 3 dəfə Türkiyənin torpağı olan Krımı işğal edən ölkənin başçısının izoliyasiyaya salındığı bir vaxtda Putin dövlət səviyyəsində dəvət olunub, təəccüblənməmək mümkün deyil. Ancaq dərindən anliz etsək bu dəvətin tamamilə təbii olduğu üzə çıxar. Aydın olar ki, bu dövlət səfəri əslində prezident Ərdoğanın şəxsi münasibətə söykənən dəvətidir, vəssəlam.
Bu şəxslərin hər ikisi keçmiş Rus və Osmanlı imperiyalarının (hər iki imperiya birinci dünya müharibəsindən sonra dağıldı. Rusiya 2-ci dünya müharibəsinən sonra imperiyasını bərpa etdi, ancaq onunda ömrü 45 il çəkdi) xarabaları üzərində yaranmış ölkələrin başçılarıdır.
Hər ikisi ambisiyalı insanlardır, özlərinin potensiallarının dünyanı idarə etməyə çatacağı mifinə inanırlar.
Hər ikisi avtokratdır, üzdə demokratiya deyib, siyasətlərində avtoritar rejimlər yaradırlar.
Hər ikisi korrupsiya və rüşvətlə mübarizə deyəndə özlərini, qohumlarını, dostlarını nəzərdə tutmurlar, başqa sözlə, "bizdən başqa heç kimin varlanmağa ixtiyarı yoxdur" siyasəti aparırlar.
Hər ikisi millətçi imperialistdirlər, gecə yuxularında da imperiyalarının bərpa olunduğunu görürlər, Putin özünü Qərbdə Berlindən, Şərqdə Vladivastok, Mancuriya, Cənubda İran körfəzinə qədər 20 milyon kvadrat kilometrlik bir ərazinin padşahı kimi görür. Ərdoğan isə özünü Avstriyanın Alp dağlarından tutmuş Afrikanın ortalarına qədər, cənubi şərqdə Hind okeanına qədər 15 milyon kvadrat kilometrlik bir ərazinin padşahı hesab edir.



Bu görüşdən uduzan Türkiyə olacaq
Putinlə Ərdoğan - Millətçi imperialistlər...
"Türkiyə unutmamalıdır ki, 1945-ci ilin avqustunda ABŞ Yaponiyaya atom bombası atmasaydı..."

"...Sovet ordusu iki istiqamətdən hücuma keçib Türkiyənin böyük bir hissəsini, o cümlədən, İstanbulu işğal edəcəkdi"


Analizi başlamamışdan öncə millətçiliyin nə olduğunu izah etməyə ehtiyac var. Çünki çoxları millətçiliyin nəinki yaramaz bir şey olduğunu düşünmür, əksinə, təqdirə layiq siyasət hesab edir. Xalqını, vətənini sevmək, vətənpərvər olmaqla millətçilik arasında uçurumlu fərq var. Birincisi normal ailə və həyatda tərbiyə almışların normal mənəvi durumudursa, ikincisi diktator və ya diktaturaya meylli insanların öz hakimiyyətini daha da gücləndirmək üçün apardığı siyasətdir, nəticə etibarı ilə kütləni özünə tabe etməyə, qullaşdırmağa xidmət edir. Millətçinin konkret xalqı yoxdur. Millətçilik ideyası üzərində hakimiyyətini gücləndirən şəxs ölkənin əsas xalqının nümayəndəsi olmaya bilər (Stalin, Ərdoğan)

Millətçilik ideyaları xalqın başqa xalqlardan fərqləndiyi, xüsusi istedada malik olması, dünyanı idarə edə biləcək xalqlardan biri olduğu kimi camaatın xoşuna gələn şüarların üzərində qurulur, dərin savadı olmayan, nadan təbiətli adamların dəstəyinə hesablanılır (əhalinin azı 30 faizindən başlayıb 99 faizinə qədər bu savadsız təbəqədən ola bilər.) Savadsız deyəndə insanın ali məktəb qurtarması, elmilər doktoru olması və sair nəzərdə tutulmur. Təəssüflər olsun ki, əksinə, bu qrup insanların arasında nadanlar daha çox tapılır. Putin Stalinin nəzəriyyəsini qəbul etmiş və onun yolunu seçmiş millətçidir və bunu gizlətmir.
Ərdoğan isə eyni siyasəti aparmaqla yanaşı onu müsəlman dininin fövqəladə din olması nəzəriyyəsi ilə daha da gücləndirmək istəyir.

Hər ikisi əsası, bünövrəsi olmayan ambisiyaya malikdir.
Putin düşünür ki, ABŞ və Qərb ölkələri 1991-ci ilə qədər olduğu kimi istənilən addımlarını Rusiya ilə razılaşdırmalıdırlar, daha doğrusu, onun icazəsi olmadan etməməlidirlər. Qərbsə açıq-aşkar "cənab Putin, ölkənizin igtisadi durumu, hərbi gücünüz sizin belə bir iddiada olmağınıza əsas vermir" deyir. Biz sovetlərdən qorxurduq, çünki nüvə silahı olan bir ölkənin başında dəli bolşevik rejimi dayanmışdı, istənilən vaxt nüvə müharibəsinə başlaya bilərdi. Sizin itirməyə heç bir şeyiniz yoxdur, ancaq biz hər şeyi itirə bilərdik, ona görə də qorxurduq. Putin yenidən dünyanı təşvişə salmaq üçün işğalçılıq siyasəti aparır və tez- tez nüvə silahının olduğunu yada salır. Ancaq vəziyyət dəyişib. Bu gün rusların da az da olsa itirməyə bəzi şeyləri var və nüvə silahını işə salmaq üçün lazım olan 4 düymə basanı tapmaq çox da asan deyil. Ona görə Qərb Putindən qorxmur. Çin də Putini nüvə silahından istifadə etməyə imkan verməyən ölkələrdən biridi. Çin müharibəsiz Rusiyanın sahibi olacaq.

Ərdoğan özünü müsəlman dünyasının danınılmaz lideri hesab edir və düşünür ki, Albaniyadan tutmuş İndoneziyaya qədər müsəlman aləmində onun iştirakı olmadan heç bir məsələyə baxıla bilməz. 2011 –ci Ərəb baharı inqilablarında Ərdoğan artıq ən azı Osmanlı imperiyasının sərhədlərində hegemon siyasətçiyə çevrildiyinə inanmışdı. Xüsusilə Misirə səyyahətindən sonra özünə inamı artmışdı. İndi Qərb Ərdoğandan soruşur; Biz sizin müsəlman dünyasının lideri olmağınıza razıyıq. Siz son çıxışlarınızda bütün müsəlmanların adından danışır, onların hüquqlarının müdafiəçisi kimi çıxış edirsiniz. Ancaq siz deyin Türkiyədən daha böyük potensiala malik İran, Səudiyə Ərəbistanı, Misir sizi lider kimi qəbul edirmi? Xeyr, etmir. Bəs qonşularınız Suriya, İraq, Livan, Liviya, İordaniya-onlar necə, qəbul edirmi? Xeyr, onlar da qəbul etmir. Siz istəyirsiniz Qərb sizi islam dünyasında zorla lider etsin? Üzr istəyirik, bu olmayacaq. Qərbin Putin və Ərdoğana qarşı tutduqları mövqe hər iki ambisioz avtokratı əsəbləşdirir, qərbin əleyhinə çıxışlar edirlər, millətlərinə bütün bəlaların başında Qərbin dayandığı ideyasını aşılayırlar. Və özlərinin yeganə milləti faciələrdən, yəni Qərbin onları tam qul etmək planından qoruduqlarını elan edirlər. Bu tandemin görüşü bir- birilərinə ürək-dirək vermək və guya Qərbi birləşməklə təşvişə salmaq siyasətinə qulluq edir, başqa bir məqsəd yoxdur. Aqressor Putini bütün dünya qəbul etmədiyi, hətta hökümət başçılarının əl verib görüşmək istəmədiyi bir vaxtda Ərdoğanın onu qəbul etməsi tək Türkiyə yox, bütün türk mənşəli xalqların heç birinə baş ucalığı gətirmir. Bu görüşdən uduzan Türkiyə olacaq.
Atatürkün Türkiyə Avropanın bir parçasıdır ideologiyası 1952-ci ildə ölkənin NATO-ya üzv olmağı ilə başladı.1960-cı ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət edən Türkiyə dövlət çevrilişləri, Kiprin yarısının işğalı, korrupsiya və rüşvətin tuğyanına görə 50 ildən çoxdur bu birliyə qəbul edilmir. Son illər Ərdoğanın dini rəhbər kimi özünü aparması, fundamental din qanunları qəbul etməsi Türkiyəni yenidən Avropadan uzaqlaşdırdı. Bu görüşdə ola bilər ki, Putin "Türkiyənin artıq NATO üzvü olmağa səbəbi qalmayıb" kimi ideya ortaya atsın. Prezident Ərdoğan isə Qərbin acığına "bu məsələyə baxmaq olar" desin. Belə bir şey Türkiyə üçün çox ağır nəticələrlə qurtarar. Türkiyə heç vaxt Rusiyanın imperiya olandan Bosfor boğazını və İstanbulu ələ keçirmək, Ərzurum, Qars vilayətlərini işğal etmək həmişə olduğunu yaddan çıxarmamalıdır. Türkiyə unutmamalıdır ki, 1945-ci ilin avqustunda ABŞ Yaponiyaya atom bombası atmasaydı Sovet ordusu iki istiqamətdən-Bolqarıstan və Ermənistan, Gürcüstan tərəfdən hucuma keçib Türkiyənin böyük bir hissəsini, o cümlədən, İstanbulu işğal edəcəkdi. Türkləri də Krım tatarları kimi Sibirə və Qazaxstan çöllərinə sürgün edəcəkdi...

Ardı olacaq...