backend

Korrupsioner yəhudi milyarderlə Azərbaycan Beynəlxalq Bankı iş birliyində

Korrupsioner yəhudi milyarderlə Azərbaycan Beynəlxalq Bankı iş birliyində

















İsrail parlamentinin-Knessetin deputatına iri məbləğdə rüşvət verməkdə şübhəli bilinən Gürcüstan əsilli yəhudi maqnat Azərbaycan Beynəlxalq Bankı ilə irihəcmli sövdələşməyə hazırlaşır

İsrail mənbələrinin verdiyi xəbərlərə görə, Gürcüstan əsilli yəhudi biznesmen Avraam Nanikaşvili Knessetin deputatı Benyamin Ben-Elizerə rüşvət verməkdə şübhəli bilindiyi üçün İsrail hökuməti ondan ölkənin cənubunda inşa edilən Beer-Tuvi özəl elektrik stansiyasındakı payını dövlətə təhvil verməyi tələb edib.
Lakin korrupsiyada şübhəli bilinən biznesmen elektrik stansiyasındakı payının dövlət tərəfindən müsadirə olunmasından əvvəl cəld tərpənərək həmin layihədəki payına müştəri axtarır. Və olduqca maraqlı və müəmmalıdır ki, biznesmenin payını almaq üçün müştəri Azərbaycandan tapılıb.
Məlumata görə, Azərbaycan Beynəlxalq Bankı (ABB) Avraam Nanikaşvilinin Beer-Tuvi elektrik stansiyasındakı payını almağa hazırdır.
Deputatın məxfi seyfindən çıxan milyonlar
Bu mümkün sövdələşmə barədə daha ətraflı bəhs etməzdən əvvəl Benyamin Ben-Elizer haqda qısa arayışı təqdim etmək maraqlı olardı.
İsrail parlamentinin bu təcrübəli üzvü və ölkənin ən tanınmış siyasətçilərindən olan Benyamin Ben-Elizer İraq yəhudisidir, məşhur 6 günlük müharibədə xüsusi təyinatlı dəstənin komandiri olub. 1984-cü ildə briqada generalı rütbəsində ordudan istefa edib və siyasətə qatılıb.
Benyamin Ben-Elizer 1999-cu ildə Ehud Barak hökumətində milli infrastruktur naziri olub. 2001-ci ilin martında isə Əmək Partiyasının üzvü olaraq müdafiə naziri postunu tutub. O, Fələstin məsələsində güzəştsiz mövqeyi və fələstinlilərə qarşı sərt mövqeyi ilə tanınıb. Ben-Elizer İsrail hökumətində daha sonra yenidən milli infrastruktur naziri, 2009-cu ildə formalaşdırılan Netanyahu hökumətində isə sənaye və ticarət naziri postunu tutub. Həmçinin Ben-Elizer əvvəllər İsrail prezidenti postuna namizədliyini irəli sürüb.
Bu ilin yayında İsrail polisi Benyamin Ben-Elizerə qarşı rüşvət və korrupsiya ittihamı ilə araşdırma başladıb. Polisin "Diskont” adlı bankın Yerusəlim şöbələrinin birində keçirdiyi axtarış zamanı Ben-Elizerə məxsus məxfi seyf aşkar olunub. Həmin seyfdə 600 min dollar nağd pul olub.
Həmçinin polis Ben-Elizerin 9 milyon şekelə aldığı penthausun pulunu haradan əldə etdiyini araşdırmağa başlayıb. Belə ki, deputat həmin mülkü almaq üçün ödədiyi pulları gəlir bəyannaməsində göstərməmişdi.
İsrail KİV-ləri isə Ben-Elizerin biznesmen Avraam Nanikaşvilidən 800 min dollar rüşvət aldığı haqda yazıb. Lakin deputat biznesmendən bu pulu aldığını etiraf etsə də onun adi ssuda olduğunu deyib. Nanikaşvili də deputata pulu ssuda kimi verdiyini bildirib. Bu ilin iyun ayında Nanikaşvili polisdə dindirilib.

Milyarder Nanikaşvili kimdir?

Avraam Nanikaşvili 1960-cı ildə Gürcüstanda anadan olub. 1970-ci ildə onun ailəsi İsrailə köçüb və Aşdod şəhərində məskunlaşıb. Biznes fəaliyyəti kifayət qədər çoxşaxəlidir. 90-cı illərin əvvəllərində MDB respublikalarından, o cümlədən Azərbaycandan Qərbi Avropaya neft idxalı sövdələşmələrində iştrak edib. Həmçinin bank və sığorta biznesinə girib.
Nanikaşvilinin biznesi Rusiya ilə də sıx bağlı idi. O, Rusiyanın "Transneft” şirkətinin keçmiş prezidentidir, məşhur rusiyalı milyarder Roman Abramoviçlə sıx bağlı adam hesab edilir. Nanikaşvilinin biznesinin əsas sferalarını neft-qaz sahəsi təşkil edib. Bu biznesdə o, sürətlə varlanaraq milyarderə çevrilib və hazırda İsrailin ən varlı adamlarından biridir.
A.Nanikaşvili "İsrael's Financial Levers” investisiya şirkətinin əsas səhmdarlarından biridir və şirkətin 23,9 faiz səhmlərinə malikdir. İsrail mətbuatı onun vaxtının çox hissəsini Aşdod, London və Moskva arasında keçirdiyini yazır.
2013-cü ilin sentyabrında məlum olmuşdu ki, ARDNŞ-in (SOCAR) törəmə şirkəti olan "Caspian Drilling Company” İsrailin "Shemen Oil & Gas Resources” şirkətinin nəzarətində olan və Aşdod sahillərində yerləşən "Yam-3” yatağında apardığı kəşfiyyat-qazma işlərini başa çatdırıb. Kəşfiyyat işləri həmin yataqda yüksək keyfiyyətli neft olduğunu müəyyən edib. "Shemen Oil & Gas Resources” şirkətinin əsas səhmdarı isə Avraam Nanikaşvilidir.
Lakin Nanikaşvilinin işləri heç də həmişə bu cür yaxşı getmir. İsrail mediası onun birja maxinasiyaları ilə məşğul olduğunu yazır.
Bu il iyulun 19-da Ben-Elizerə rüşvət verdiyi iddiası üzrə dindirildikdən qısa müddət sonra Nanikaşvili yenidən müstəntiqlərlə üzləşib. Bu dəfə İsrailin Qiymətli Kağızlar üzrə Dövlət Agentliyinin müstəntiqləri onu birja maxinasiyalarında ittiham edirdilər. Müstəntiqlər şübhələnirdilər ki, "İsrael's Financial Levers LTD” fırıldaq yolu ilə İsrail birjasında öz indeksini yüksəldib.
Həmçinin Nanikaşvilinin beynəlxalq səviyyəli maliyyə fırıldaqçısı olduğu barədə yazılıb.
400 milyonluq layihə və Azərbaycan Beynəlxalq Bankı ilə danışıqlar
İsrail qanunlarına görə, elektrik enerjisinin istehsalı üzrə lisenziya korrupsiya və digər ağır cinayətlərdə ittiham olunan şəxslərə verilə bilməz. Doğrudur, Nanikaşvilinin günahı hələ sübut olunmayıb, ancaq "The Marker” qəzeti yazır ki, İsrail hökuməti hələ bir il əvvəl biznesmenin elektrik stansiyasının tikintisinə dair lisenziyasını ləğv edib.
A.Nanikaşvili Beer-Tuvi elektrik stansiyasının tikintisini həyata keçirən "Triple-M Power Plants Ltd” şirkətində 84 faizlik paya malikdir. Bu layihəyə indiyədək 160 milyon dollara yaxın vəsait xərclənib. Layihənin ümumi dəyəri 400 milyon dollardır.
"The Marker” yazır ki, Nanikaşvili bu layihədəki payını Azərbaycan Beynəlxalq Bankına satmaq üçün danışıqlar aparır. Lakin təşəbbüsün hansı tərəfdən gəldiyi məlum deyil. O da məlum deyil ki, səhmlərinin nəzarət paketi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankı korrupsiya və beynəlxalq səviyyəli maliyyə maxinasiyalarında şübhəli hesab olunan Nanikaşvilinin elektrik stansiyasındakı payını niyə almaq istəyir.
Azərbaycan Beynəlxalq Bankı ilə Nanikaşvili arasında əvvəllər hansısa işbirliyinin olduğu məlum deyil. Virtualaz.org saytı bu şübhəli sövdələşmə ətrafında araşdırmaları davam etdirir. (virtualaz.org)