backend

SOS: Qarabağ birdəfəlik Azərbaycanın nəzarətindən çıxa bilər - Qarabağda ermənilərin YENİ LAYİHƏSİ...



Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan Dağlıq Qarabağda süni məskunlaşdırma və infrastuktur tikintisi ilə bağlı yeni planlarını açıqlayıb. Separatçıların rəhbəri bu il Ermənistanın Gorus rayonunun Xınzirək kəndindən Qubadlı rayonu Xanlıq kəndinə 44 kilometrlik yolun tikintisini barədə göstəriş verib. Bundan başqa, Zəngilan rayonu ərazisində çoxuşaqlı ailələr üçün 43 fərdi ev, Arazboyu ərazidə suvarma üçün irriqasiya şəbəkəsinin yaradılması, Laçın, Zəngilan, Kəlbəcər və Qubadlı rayonlarına Ermənistan və diaspor ermənilərinin köçürülməsi üçün maliyyə yardımı ayrılıb.
Qeyd edək ki, bu seperatçıların Dağlıq Qarabağın ətrafındakı rayonlarla Ermənistan arasında sayca ikinci nəqliyyat sistemi olacaq. Dağlıq Qarabağ ərazilərini Ermənistanla birləşdirən yollar həm Laçın, həm də Kəlbəcər istiqamətlərindən tamamlanıb.
Bəs ermənilərin Dağlıq Qarabağdan sonra işğal edilmiş ətraf rayonlarla Ermənistan arasında nəqliyyat sistemi yaratmasının səbəbi nədir?
Bu səbəbi aydınlaşdırmaq üçün əvvəla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın bu ilin aprelində Sergey Lavrovun işğal altındakı ətraf rayonların Azərbaycana qaytarılması ilə bağlı fikirlərinə verdiyi cavabı xatırlayaq:
"Biz təhlükəsizlik amilinin prioritet olduğu yanaşmalarımızdan bəhs edirik. Lavrovun açıqlamasında göstərilən ərazilər (söhbət Azərbaycanın işğal edilmiş 7 rayonundan- AğdamKəlbəcər, Füzuli, Cəbrayıl, ZəngilanQubadlı və Laçından gedir) hər şeydən əlavə təhlükəsizlik zonasını və müdafiə xəttini təşkil edir. Heç kim bunun yenidən nəzərdən keçirilə biləcəyini və Qarabağ xalqının təhlükəsizliyinin şübhə altına alınacağını güman edə bilməz, kimsə kiməsə güzəştə gedib təhlükəsizliyi təhlükə altına ala biləcəyini güman edə bilməz".
Qısası, erməni nazir hələ aprel ayında heç bir ərazi güzəştinin edilməyəcəyini, əksinə Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl və digər rayonların ermənilər üçün təhlükəsizlik buferi olduğunu elan etmişdi. 2 ay sonra qondarma rejimin “prezidenti” Arutunyan Ermənistanın Gorus rayonundan Qubadlı rayonu Xanlıq kəndinə 44 kilometrlik yolun tikintisini barədə göstəriş verib. Bu yolun çəkilməsində əsas strateji məqsəd Azərbaycanın bu əraziyə hücumu baş verərsə Ermənistan daxilindəki hərbi qüvvələrin tez bir zamanda Qubadlı və Zəngilan istiqamətinə yönəldilməsini təmin etməkdir. Bundan savayı, Qubadlı və Zəngilanda əhalinin say tərkibini artırmaq Azərbaycan ordusunun hərbi əməliyyatları zamanı dinc əhalidən “canlı qalxan” kimi istifadə etmək məqsədini özündə ehtiva edir.
Beləliklə, Azərbaycan bu regionda yaxın bir il ərzində hərbi əməliyyatlar planlaşdırırsa sözügedən layihələrin icrasını əngəlləməlidir. Ümumiyyətlə, Azərbaycan işğal olunmuş ərazilərə xüsusi nəzarət müxanizmi yaratmalıdır. Çünki dövlət öz suverenliyini elan etdiyi ərazilər üzərində nəzarət edə bildiyi qədər dövlətdir. Diqqət yetirsək son dövrlər Çinlə Hindistan arasında baş verən gərginlik də eyni motivdədir. Çin onun olduğunu iddia etdiyi Ladakh bölgəsində Hindistanın infrastruktur layihələrinə hərbi manevrlərlə cavab verir. Eynilə, Türkiyə Şərqi Aralıq dənizi regionunda onun əleyhinə formalaşdırılan geoiqtisadi planları pozmaq üçün hərbi müdaxilə üsulunu seçir. Azərbaycan isə öz ölkəsində, Qarabağda onun suverenliyini məhdudlaşdıracaq layihələrin icrasına illərdir göz yumur. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu susqunluq Qarabağın (ətraf rayonlarla birgə) birdəfəlik Azərbaycanın nəzarətindən çıxması ilə nəticələnə bilər...
Nicat İsmayılov
EDNews.net