backend

ABŞ və Rusiyanın Bakıdan istəkləri var

ABŞ və Rusiyanın Bakıdan istəkləri var












“İstər Qərb, istər Rusiya, istərsə də başqa bir dövlət olsun, siyasətdə hər bir ölkənin özünün maraq və mənafeləri var. Bunun çərçivəsində həmin dövlət situasiya və konkret məsələlərə münasibətdə, strateji hədəflərdə ya özünə uyğun müttəfiq seçir, ya da rəqibini bəlli edir”

qaynarxett.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.

Analitik bu anlamda indi bütün məsələlərdə Qərbin və yaxud Rusiyanın yanında olmalıyıq kimi birmənalı yanaşmaların çox absurd olduğunu bildirib:

“Müstəqil dövlət olduğumuz üçün müstəqil xarici siyasi kursumuz və strateji hədəflərimiz var. Strateji hədəflərə yönəlik məsələlərdə əgər fikirlər üst-üstə düşmürsə, bu, o demək deyil ki, biz hədəflərimizdən və dövlət maraqlarımızdan vaz keçməliyik. Azərbaycan öz milli maraqlarını nə Qərb, nə ABŞ, nə də Rusiyaya görə müəyyənləşdirir. Hazırda Azərbaycanın balanslı və çoxvektorlu xarici siyasət kursu özünü doğruldur. Yaxın Şərqdə, Ukraynanın timsalında postsovet məkanında baş verən hadisələrdə, Qərb, Rusiya və İranla bağlı proseslərdə Azərbaycan balansı qoruya bilir. Bu gün əgər Azərbaycanın milli maraqları hansı tərəflərin fikirləri ilə uzlaşmırsa, nədən biz öz milli maraqlarımızı qurban verməliyik? Məsələnin ikinci tərəfi isə Dağlıq Qarabağ problemi ilə bağlıdır. Bu gün “Qarabağa görə Rusiyaya yaxın olmalıyıq” kimi fikirlərlə qətiyyən razı deyiləm. Çünki nə Rusiya, nə də Qərb bu gün Dağlıq Qarabağ məsələsinin həllində nəinki maraqlı, heç səmimi belə deyillər. Bunun bariz sübutu ATƏT-in Minsk Qrupunun üzvü Fransanın Qarabağla bağlı mövqeyidir”.

Analitik bu gün adı çəkilən tərəflərdən səmimilik gözləməyin mənasız olduğunu qeyd edib:

“Elə götürək, ABŞ-ı: Qondarma soyqırımı tanıyan ştatların sayı elə də az deyil. Rusiyaya gəldikdə isə Ermənistan Qafqazda Rusiyanın forpostudur. Bu anlamda bu gün hansısa bir məsələdə bu tərəflərdən səmimilik gözləmək boş söhbətdir. Azərbaycan strateji, geosiyasi əhəmiyyətə malik bir dövlət olduğu üçün onu yanlarında saxlamaq istəyirlər və Qarabağ kartından istifadə edirlər. İkili standartlar Qarabağ məsələsi və söz azadlığında özünü hər zaman göstərir. Bu gün ABŞ-ın özündə qaradərilinin ölümü ilə bağlı aksiyaların hələ də davam etməsi, Avropada son iki il ərzində seçkilərdə milliyyətçi partiyaların böyük səslə üstünlük qazanması bir daha sübut edir ki, heç kəsin bizə dərs vermək haqqı yoxdur və ola da bilməz. Buna görə siyasətimizi nə Qərbə tərəf əyməyə ehtiyac var, nə də Rusiyaya”.