backend

GÖRÜRƏM

GÖRÜRƏM























GÖRÜRƏM

Bu motal şor buraxır, şor qarışıq şar buraxır,
İylədir aləmi, aləm də durub şər buraxır,
Hərə öz məhşərini xeyrinə qənşər buraxır,
Baxıram göz dolusu, bolluca barter görürəm,
Bu geniş müstəvidə şıdırğı alver görürəm.

Tibbə nazir qağamın, loğmanı çax-çux dəlisi,
Həkimi pul hərisi, üzdəsə qılman pərisi,
Ovcuna bas nəziri, nazlı matantək ərisin,
Dərdimiz azmı bəyəm, cərrahı killer görürəm,
Bu geniş müstəvidə şıdırğı alver görürəm.

Bu "qocax" məmuru gör büdcəni versin zavala,
Tamahın altını ciz, haqqını aldır suala,
İndi monqol da bilir, kim nə cidadır çuvala,
Xalqı bunlar dolayıb, təpkili tender görürəm,
Bu geniş müstəvidə şıdırğı alver görürəm.

Dadaşın təhsilini bax belə tutsaq:baş-ayaq,
Olacaqdır nəmənə, küt gedəcək kömbəsayaq,
İndi axtar di görüm millətə dərdində dayaq,
Bizə məntiq danışan ustadı "der-der" görürəm,
Bu geniş müstəvidə şıdırğı alver görürəm.

Suyun axmırsa əgər, səslə bir Əhməd dayını,
İşinin xatirinə sərf elə "kontur" payını,
Kişi hardan nə alıb bəlkə də bilmir sayını,
Orda futbolsayağı ünlü transfer görürəm.
Bu geniş müstəvidə şıdırğı alver görürəm.

Sizə sərvət gətirən bölgə bir çamur çalası,
Ora rəis qoyulub nazirin oğlan balası,
Yenə bir "hoqqa" atıb ciblərə "şey" qurdalasın,
Aradan çıxsın həmən, gör neçə "afser" görürəm,
Bu geniş müstəvidə şıdırğı alver görürəm.

Çalışır "nur" adamı zəhməti gərgindi bunun,
Elə hey tok buraxır ruhu didərgindi bunun,
Demirəm ordan ataq şəlpəsini indi bunun,
Diz atıb volta baxır, gözündə amper görürəm.
Bu geniş müstəvidə şıdırğı alver görürəm.

Oturub xırdalasam, bir belə gizlinləri mən,
Tapıb agah eləsəm,hərgah əgər cinləri mən,
Görəvindən ayıram cümlə məkərcinləri mən,
İçi zülmətdə yatan bir qara bunker görürəm,
Bu geniş müstəvidə şıdırğı alver görürəm.

Fəaliyyət Qurbanov