backend

Şamaxıda seçki cinayətinə görə həbs ola bilər

Şamaxıda seçki cinayətinə görə həbs ola bilər














Bələdiyyələrə seçkilər başa çatsa da, seçki narazılığı bitib tükənmir. Xüsusən də Şamaxıdan. Namizədlər hələ də aidiyyəti dövlət qurumlarından yaranmış vəziyyəti dərindən araşdırmağı və qanunu pozmuş vəzifəli şəxslərin cəzalandırılmasını xahiş edirlər

***
Namizədlərdən biri-Toğrul Salahovun mediaya verdiyi açıqlamalardan və video-müsahibəsindən, həmçinin onun bizə təqdim etdiyi 5 ədəd audio disk və seçki saxtakarlığını təsdiqləyən sənədlər, fotolar, səs yazıları vəziyyətin nə qədər acınacaqlı olduğunu ortaya qoyur. Həmin disklərdə telefon danışığı əks olunan 85 saylı Şamaxı DSK-nın 20 saylı məntəqəsinin sədri Əliyusif Qəniyev, 21 saylı məntəqənin sədrinin həyat yoldaşı Seyfəddin Qəniyev və 22 saylı məntəqənin sədri Baloğlan Səfərov seçkidə saxtakarlığa necə yol verdiklərini, bunu kimlərin tapşırığı ilə etdiklərini və s. səmimi etiraf edirlər. Həmçinin həmin sənədlər sırasında qanun pozuntusunun başında duran şəxs kimi Göylər kəndinin icra nümayəndəsi İxtiyar Xalilovun (85 saylı DSK-nın sədri Hüseyin Rəcəbovla İ.Xəlilovun qardaşı, Şamaxı ƏSMM-nin sədri Tərlan Xəlilovun kirvə olması da qeyd olunur), onun qardaşı- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayon şöbəsinin müdiri T.Xəlilovun və Şamaxı RPŞ-nin rəisi Habil Əmiraslanovun və digərlərinin də adı keçir. Hansı ki, onlar vəzifəli şəxs olaraq seçki prosesinə müdaxilədə ittiham olunurlar. Ən dəhşətlisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Tərlan Xəlilov Göylər kəndindəki 20, 21 və 22 saylı məntəqələrdə üzərinə "Əmək Müfəttişliyi” sözləri yazılmış 56-AA-092 dövlət nömrə nişanlı xidməti avtomobili ilə sayılıb protokollaşdırılmamış bülletenləri polislərin müşaiyəti ilə 85 saylı DSK-ya qaçırmışdır.
Şamaxı rayon 85 saylı Seçki Dairəsinin Göylər kənd bələdiyyəsinə üzvlüyə namizədliyini irəli sürmüş Salahov Toğrul Saleh oğlu dünən redaksiyamıza Baş Prokuror Zakir Qaralova ünvanlı müraciətini göndərib. Müraciətdə deyilir:

“Çox Hörmətli Baş prokuror Zakir Qaralova!
Hörmətli Zakir müəllim!


Bildirirəm ki, mən Azərbaycan Respublikasının idman ustasıyam, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Göylər kənd bələdiyyəsinə namizədliyimi irəli sürən gündən Şamaxı rayonunun rəsmi şəxsləri, bu sırada rəhbərliyi tərəfindən, xüsusən də RİH başçısının müavini Qasım Qasımov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Tərlan Xəlilov, rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov, 85 saylı Şamaxı DSK-nın 20 saylı məntəqəsinin sədri Əliyusif Qəniyev, Göylər kəndinin icra nümayəndəsi İxtiyar Xalilov və digər vəzifəli şəxslər tərəfindən mənə qarşı təzyiqlər başlamışdı. Mənə deyirdilər ki, namizədliyini geri götür və s. Hətta seçkidən bir neçə gün əvvəl İxtiyar Xəlilov kənddə açıq şəkildə deyirdi ki, xalq səs versə də, verməsə də, bizim öz adamlarımız 11 nəfər seçiləcək! Və o, bununla da seçkiyə əvvəlcədən pozuculuq xətti yürüdür, namizədləri seçkidən kənarlaşmağa təhrik edirdi.
23 dekabr bələdiyyə seçkiləri günü isə bizə görünməmiş təzyiqlər olundu, DSK-nın 20, 21 və 22-ci məntəqələrinin sədrləri 6 namizədi gözümçıxdıya salmağa başladı, məntəqələrə nəzarət və müşahidə aparmaq hüququmuzu kobud surətdə pozdular.
Xatırladıram ki, 21 saylı məntəqənin bülletenləri sayılıb protokollaşdırılmamış kəndin icra nümayəndəsi İxtiyar Xəlilovun qardaşı, Şamaxı rayon əhalinin sosial müdafiə mərkəzinin direktoru Tərlan Xəlilovun 56-AA-092 nömrəli, üzərinə "Əmək müfəttişliyi” yazılan maşında daşınıb qaçırıldı. Bu seçki qanun pozuntusunda birbaşa 85 saylı dairənin sədri Hüseyn Rəcəbovun iştirakı danılmazdır. Çünki Hüseyn Rəcəbov Tərlan Xəlilovla el arasında kirvə kimi tanınır.
Seçki günü baş verən qanunsuzluqla bağlı 85 saylı dairənin qarşısında bizi xeyli polis dəstəsi içəri buraxmadı və polis rəisi Habil Əmiraslanov buraya gələrək şəxsən mənə xahiş edərək bildirdi ki, xoşluqla çıxıb kəndə gedim... Mən polis rəisinə bizim haqlarımızın pozulmasını bildirdim. O da zarafata salıb mənə bildirdi ki, sən neynirsən Göylər kəndinin bələdiyyəsin, sən gələn dəfə ol Pirqulunun bələdiyyə sədri.
Çox hörmətli Zakir müəllim!
Azərbaycan CM-nin 159, 160 və 161-ci maddələri seçki qanunvericiliyinin pozulmasının sanksiyasını müəyyən edir. Yuxarıda qeyd olunan vəzifəli şəxslərin seçki qanunvericiliyini kobud surətdə pozmasını nəzərə alaraq, onların barəsində Azərbaycan CM-nin 159, 160 və 161-ci maddələri ilə cinayət işi başlanılmasına göstəriş verməyinizi xahiş edirəm. (tezadlar.az)
("Maddə 159. Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma
159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma-
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma -
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.3. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma -üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər;
159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə;
159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma
159-1.1. Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma -
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 160. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə -
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
160.2. Eyni hərəkətlər:
160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə;
160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə-
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma
161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması -
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.
161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülletenlərinin qoyulması üçün zərfin açılması -
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır).”