backend

Paytaxt əhəmiyyətli əndazə

Paytaxt əhəmiyyətli əndazə














Fəaliyyət Qurbanov

Paytaxt əhəmiyyətli əndazə


Əvvəllər Bakının merətrafı orbitindən qələm əhli üçün mütəmadi olaraq və məxsusi xəbərlər ötürülürdü. Qələmçilər də öz növbəsində həmin xəbərləri ipə-sapa düzüb cəmiyyətə təqdim edirdilər. Cəmiyyət də, mötərəm mer həzrətlərinin impulsiv fəaliyyətinin dərəcəsini hazır şəkildə alıb razılıq əlaməti olaraq başını yelləyirdi. Çox rəvan qurulmuşdu bu işlər. Onda heç süni peykimiz də yoxuydu. İnkişafımız da bugünkü qədər geniş və əhatəli deyildi. Buna baxmayaraq işləməyə hamıda bir həvəs vardı. Kimi dindirirdin, Hacıbala müəllimi nümunə göstərirdi. Deyirdi ki, bu kişi öz təəbələri arasında "cümlə mer", yəni sözü bütöv imici formalaşdıraraq paytaxt tarixində adını qurucu həriflərlə bir sırada həkk etdirib, sağlığında. Öz növbəsində Hacıbala müəllim də imic məsələsinə həssas yanaşırdı. Çalışırdı mətbuatla konfliktə girməsin. Bir müddət qəzet adamları Bakı merini əlində lopatka "Azərbaycan" nəşriyyatının həndəvərində qurdalanan görmüşdülər. Görüb də sevinmişdilər ki, bu boyda paytaxtın baş adamı əlinə külüng alıb Fərhad kimi qayaları şirin-şirin çapır. Onda jurnalist görəndə merin gözləri parıldayırdı. Çox kəsərli qələm sahibini ələ almaq üçün beş-altı sot torpaq sahəsindəki xeyirindən imtina edən vaxtları da olub Hacıbala müəllimin. Elə ki, hər yarağı düzüm-düzüm düzüldü, merdən torpaq umanların əli də hər şeydən üzüldü. Bumer başladı jurnalist tayfasını ölülərlə müqayisə etməyə. Sözünü deyəndən sonra qəzet əhlinin könlünü almaq üçün ondan üzr istəyib işi bitmiş hesab etdi. Buna baxmayaraq jurnalist görəndə mötərəm meri yenə də qaşınma tutur. Qələm əhinə qarşı allergiya onsuz da hər məmurda ola bilər. Bunu təbii qarşılamaq lazımdır, çünki sağalan deyil.
Mer də son zamanlar deyəsən peşmançılıq içindədi. Ona görə də səhvini düzəltməyə çalışır. Merətrafı orbital stansiyadan oğurladığımız nəlumata görə mer gözünə ölü görünən jurnalistləri canlandırmağa çalışacaq. Bu məqsədlə bugün-sabah uçan boşqabda başının dəstəsiynən həkim merdostu Conqulu müəllim şəhərimizdə peyda olacaq. Öz sehrli çubuğuyla paytaxtımızdakı ölü qəzetlərə həyat bəxş edəcək. Birinci başlayacaq paytaxt meriyasının rəsmi orqanı olan "Bakı" qəzetindən. Qəzeti dirildib keçəcək Suraxanıdakı daş heyvanlara. Dirildə-dirildə bu bir ildə bütün Bakını canlandıracaq. Bilirsiniz də, o heyvanların böyük bir qismi merin fantaziyasının məhsuludu. Aralarında dağ keçisi, qurd, xoruz, maral, at, it, ceyran, şir, deyəsən, eşşək də var. Həkimmerdostu Conqulu müəllim axırıncı oyunuyla heyvanları əvvəlcə canlandıracaq, sonra şelləndirəcək, daha sonra dilləndirəcək. Amma heç qorxub-eləməyin, bu şüursuz canlılar adam dilində onsuz da danışa bilməyəcəklər. Sadəcə, deyəsən, şəhərin mərkəzi küçələrində yürüş keçirəcəklər. Haqqını axtaran adamlara baxmayın, artıq bu aksiyaya icazə verilib. Yürüş zamanı hər heyvan cana gəldikcə, öz dilində bir-iki ağız məxsusi səs də çıxaracaq. Həmin səslərdən hansı Bakının baş adamının xoşuna türk demiş gitmiş olsa, Afrik Savann Vois ali media sancağı ilə mükafatlandırılacaq. Düzdü, paytaxtda tikinti və abadlıq işləri getdiyi üçün müəyyən çətinliklər də qaçılmaz olacaq. İndiyəcən hələ heç bir şəhərdə heç kəs belə əndazə görməmişdi. Bakının özündə qurda-quşa konsert verib əməkdar artist, delfini feyziyab edib xalq artisti adı alan olmuşdu. İtlə-pişik kimi dolananların telegüzgülərdə tükürpədici cırmaqlaşmasını çox görmüşük. Amma daş heyvanların cana gətirilməsinə hələ dünyada bir bəni-adəm şahidlik etməyib. Bunu ancaq kinoda görüblər. İndisə real zamanda özü də həkim merdostunun sayəsində seyr etmək mümkün olacaq. Ona görə də, bu xəbəri eşidən-bilən baş götürüb Bakıya qaçır. Görün, nə qədər valyuta axacaq şəhərimizə. Bax buna görə də, təsadüfün zərurətindən biz bu heyvan məsələsindən hamıdan əvvəl xəbər tutmuşuq, agah olmuşuq. Qulaqlarınızı mənə verdiniz, mən də dedim, siz də dinlədiniz, bir şərtlə ki, qulaqardına vurmayasınız...