backend

Torbadakı pişiyə tumar çəkənlər...

Torbadakı pişiyə tumar çəkənlər...











Fəaliyyət Qurbanov

Tiflisdən qonağımız gəlmişdi. İndi yox e, imkanlı vaxtlarımızda. Şəhərimizin ən görməli yerləri ilə tanış olduqdan sonra dəniz kənarındakı cibkəsən yeməkxanaların birində oturub bir qismət çörək kəsdik. Dadlı və təamlı nemətlərimiz süfrəyə düzldü. Gətir-götürlə pəh deyənəcən oturduq. Qədəhlərin sayı artdıqca, qonağın da dili açılmağa başladı. Dedi ki, incimişəm hamınızdan. Mənim inamımı qırırsınız. Niyəsini soruşduq. Cavabını sual şəklində aldıq. Küsəyən dostumuz gürcü ləhcəsiynən sordu ki, batono, Suxumidən sizin məmləkətə niyə mandarin göndəriblər? Söz məni yaman tutdu. Sonra da mən sözü tutdum. Gülməkdən qarnım yoruldu. Dedim, canım, nə Suxumi, başın haqqı, bu barədə heç bir məlumatım yoxdur. Bir də ki, abxazlarla aranızda nə konfliktiniz var, öz işinizdi, çalışın yoluna qoyun. Özünüz bilərsiniz, amma bizim abxazlardan mandarin almaq həvəsimiz ölüb. Bir də ki, odur eeee, subtropik ölkələrdən idxal etdiyimiz mandarin il uzunu geninə-boluna bəsimizdi, hələ özümüzünküləri demirik. Bə yaxşı, de görüm, sizin rəsmilər Qarabağ ermənilərinə məhəbbətini dünya capında ara-sıra izhar edəndə biz yadınıza düşürük? Siz gürcülərin xətirinə axı neçə illərdi Tiflisdən o yana boylanmırıq. Bunlar hamısı erməni uydurmasıdı, danışırlar, biz də yana-yana baxırıq Tağlabiyana. Ala çatıdan çəkinən bu ilan vurmuşların çəkisini uruslar artırdılar ki, dünyanın gözünə bir şey görünsün. Göründü də...Seperatçı oyuncaq rejimi az qalırlar demokratiya beşiyi adlandırsınlar. Di gəl ki, ən vacib həqiqətləri görmək istəyindən məhrum ediliblər. Bütün dünyanın gözü qabağında Azərbaycan torpaqlarında nəzarətsiz bir rejim yaradılıb, narkoticarətlə büdcə doldurur, rəsmi səviyylərdə ona qrantlar ayrılır, bir növ ceperatçılıq reklam edilir, süni nəfəs verilir bu rejimə. Formalda da olsa Dağlıq Qarabağ hələ ki, Azərbaycana aid edilir. Nə yaxşı, nə yaxşı...Amma öz ərazimizə gözümüzün ucuyla baxanda snayper atəşinə tuş gəlirik. Atışma başlayan kimi müşahidəçilər peyda olur cəbhə xəttində. Monitorinq adı ilə torbadakı pişiyə tumar çəkib əkil-bəkil olurlar quş qanadında. Sonda hamı qalır öz inadında. Neyləyəsən, siyasətdə janqlyorluq edənlər bu şudələrdi, hələlik. Sözləri də keçir. Başımızdan papağı çıxarıb qoymuşuq qabağımıza neçə ildi çıxış yolu axtarırıq düşüncələr içində. Tapa bilmirik. Çünki tapdığımız hələ ki, kara gəlmir. Bu biri tərəfdən də, nəsillər dəyişdikcə yaddaşlar da itir, yenilənmələrə ehtiyac olduğu halda buna marağımız azalır. Bu mənəvi kastrasiyanın təhlükəsində iki baş var. Ziyanın o biri ucu da şəksiz avropalının başında çat verəcək. Gec-tez bu aşınmanın potensial avropalını bütün gerçəyi görmək imkanından məhrum edəcəyi vallah, heç mənim ağlıma gəlməyib. Gürcülərə baxmayın, onlarla bizim ənənəvi dostluğumuz, bir də ümumi maraqlarımız var. Aramıza zaman-zaman girənlər olubsa da, vurub burunlarını şişirtmişik. Bu avropalılar isə çox qəribə xasiyyətə malikdilər. Qarınlarını neçə illərdi doyururuq, amma bizə belə kasoy baxırlar e. Belə münasibəti kim qəbul edər? Biz qəbul edirik. Canımızın dərdindən qəbul edirik ki, gedib pisimizi danışmasınlar. Amma bunlara lap ürəyinin yağını da yedirsən, xeyri yoxdur. Qafqazın cənubunda əkdikləri münaqişə toxumları hələ neçə illər bu yerlərin baş ağrısına çevriləcək.