backend

Qərbə meydan oxuyan güc – Rusiya

Qərbə meydan oxuyan güc – Rusiya





















Fakt budur ki, Rusiya dünyanı nüvə qiyaməti ilə hədələyir

Kreml dünya ilə mübarizə aparacaq qədər güclüdürmü?

Fazil Mustafa: “Dünya sadəcə nüvə silahına malik olduğu üçün bu dövlətlə təmkinli davranır”

İlqar Altay: “Kremlin hədə-qorxuları real güc yox, sadəcə şoudur”


Rusiyanın Krıma müdaxiləsi və bunun ardınca Şərqi Ukraynada hərbi əməliyyatlara start verməsi bütün dünyada ciddi rezonansa səbəb oldu. Öncə Ukrayna dövlətinin kifayət qədər güclü hərbi potensiala malik olduğunu iddia edən hərbi-siyasi ekspertlər rus ordusunun qısa zamanda məğlub ediləcəyini, Ukraynanın öz ərazi bütövlüyünü bərpa edəcəyini bildirdi. Lakin zaman keçdikcə rus hərb maşını bu proqnozların yaxın gələcəkdə gerçəkləşəcəyi ilə bağlı gözləntilərin üzərindən xətt çəkdi. Əksinə, Qərbin sanksiyalarından daha da qəzəblənən Rusiya əksər Avropa ölkələrinin hava və dəniz məkanını nümayişkəranə şəkildə pozmağa, onlara aşkar şəkildə hədə-qorxu gəlməyə başladı ki, məlum tendensiya bu gün də davam etməkdədir. Bu isə öz növbəsində Rusiyanın sərt iqtisadi sanksiyalar və siyasi təcrid səbəbi ilə qısa müddətdə öz mövqeyindən geri çəkiləcəyi ilə bağlı proqnozların əhəmiyyətini heçə endirməkdədir. Hər halda görünən odur ki, Kreml hələ geri çəkilək haqqında deyil, nəyin bahasına olursa-olsun irəliləmək haqqında düşünür.
Maraqlıdır, doğrudanmı Rusiya bütün dünya və ya bütün Qərb dövlətləri ilə mübarizə aparacaq qədər güclüdür? Əgər güclü deyilsə, zəif Rusiyada bu qədər böyük cəsarət hardandır? Doğrudanmı Kreml ideoloqları işğal siyasətinə o qədər aludə olublar ki, mövcud reallığı qiymətləndirə, qüvvələr nisbətini ölçə bilmirlər?

Bununla bağlı açıqlama verən deputat Fazil Mustafa Rusiyanın dünya ilə savaşacaq qədər güclü olmadığını, sadəcə nüvə silahına malik bir ölkə olduğu üçün dünyanın onunla səbrlə davrandığını vurğuladı: “Baş verən prosesləri Rusiyanın bütün dünya ilə mübarizə aparacaq qədər güclü olması kimi qiymətləndirmək yanlışdır. Tarixdə bu cür nümunələr olub. Məsələn, Şimali Koreya bu qisim dövlətlərdəndir. O dövlətlərin nüvə silahı var deyə, dünya dövlətləri bu faktoru nəzərə alır. Rusiyanin vəziyyətinə baxın. Bu gün Rusiya daxilən artıq çökməkdədir. Belə olan halda hansı dirəniş və mübarizədən söhbət gedə bilər?”

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay isə hesab edir ki, Rusiyanın bu gün də imperiya təfəkkürü ilə hərəkət etməsi yanlışdır və Rusiyanın özü üçün yaxşı heç nə vəd etmir: “Bu gün Rusiya Federasiyası öz varlığının ən kritik dövrünü yaşayır. Bunun da səbəbi onun öz üzərinə yüzilliklərlə davam edib, ömrünü sürüb ölməkdə olan Rus İmperiyası missiyasını götürməsidir.
SSRİ dağılandan sonra meydana gələn respublikalar yeni müstəqil dövlətlər kimi ortaya çıxdılar. Qurulub inkişafda olmaq kimi ideya və məqsəd qoymaqla sakitcə dünya ölkılər sistemi nizamına qoşuldular.
Rusiya Federasiyası isə, nəinki SSRİ-nin, hətta daha irəli gedib, Çar Rusiyası imperiyasının varisi rolunda çıxış etdi. Putinin hakimiyyətə gələndən sonra dünya düzəni və qaydalarına qarşı imperiya, yeni güc mərkəzi, yeni siyasi qütb kimi böyük ambisiyalar ortaya qoydu. Bununlada agır, mümkünsüz bir yükün altına girdi.
Əslində isə bu RF dağılmasını daha ağrılı səmtə yönəldən böyük səhv idi. Kreml başbilənləri bilməli idilər ki, dünyada əbədi heç nə yoxdur. Hər şeyin sonu olduğu kimi imperiyaların da sonu var. İmperiyalar da bir canlı orqanizm kimi ya qocalıqdan ya xəstəlikdən dagılıb məhv olurlar. Düşünmədilər ki, tarixdə Roma, Monqol, osmanlı və sair kimi imperiyalar qalmayıbsa, Rus imperiyası da qala bilməz. Vaxtı catıbsa, bunun ömrünü gücənərək, hər vasitə ilə uzatmagın mənası yoxdur. Zamanın, tarixin tələbi ilə dağılmaga məhkum, vaxtı çatmış quruluşun dağılması daha sərfəli olardı”.
Politoloqun fikrincə, Rusiyada Türkiyə kimi asan idarə edilən sivil dövlətin formalaşması daha məqsədəuyğun olardı: “Yeltsinin vaxtında Rusiya bir dövlət kimi dağılmaga gedirdi, ölkə siyasi və iqtisadi defolt durumunda idi, imperiyanın son qalası sökülüb uçurdu. Əslində bu gedişat rus millətinə daha cox sərfəli olardı. Yəni daha kiçik və daha kompakt, idarəolunan müasir dövlət yaranardı. Eynilə Osmanlı imperiyasindan sonrakı müasir Türkiyə kimi.
Mən düşünürəm ki, artıq Rusiyanın Roma imperiyasından sonrakı İtaliya, Osmanlı imperiyasından sonrakı Türkiyə kimi dövlət olaraq qalma şansı da itirilib. Artıq ancaq Rusiyanın Monqol-Çingizxan imperiyasından sonrakı zəif, deqredasiyaya ugramış Monqolustan qismində şansı qalır. Bu isə imperiyanın xilası yox, məhvi deməkdir”.
İ.Altayın qənaətincə, Rusiyanın təhlükəli bir dövr yaşadığı və qarşıdakı proseslərin onlara yaxşı heç nə vəd etmədiyi rus ideoloqlarının özünə də yaxşı bəllidir: “Kreml ideoloqları bu gedişatı artıq bir neçə ildir ki, görürlər. Başa düşürlər ki, dünya Rusiya adlı imperiyanın qalıqlarını belə görmək istəmir. Çünki dünya tarixində imperiyalar olub ki, onların varlığı labüd olub, onlar bundan özlərinə də, müstəmləkə millətlərinə də xeyir gətirə biliblər. Rus imperiyası isə, ziyankar bir varlıq olaraq nə əsarətdə saxladığı millətlərə, nə də öz millətinə xeyir gətirməyib. Əksinə, bütün dünya üçün başağrısı yaradıb. Putin hakimiyyətdə olduğu illərdə bunu bir daha sübut etdi.
Odur ki, Rusiya öz təhlükəli dövrünü yaşadığını bilib, narahatçılıq keçirir. Hücum görüntüsü yaratmaqla əslində müdafiə olunur, öz varlığını qorumağa çalışır. Əvvəlki dövrdə, Qarabag və Dnestryanı separat qurumları yaratmaqla SSRİ bərpası barədə düşünürdüsə, son illər Gürcüstan və Ukraynaya hücumlar etməkləəslində RF-nın dağılmaması qaygısına qalır”.
Ekspertin fikrincə, Rusiya sadəcə bəyanat səviyyəsində əzələ nümayişi sərgiləməklə Qərbi qorxutmağa, öz zəifliyini ört-basdır etməyə çalışır: “Beləliklə, Rusiyanın Qərblə sərt qarşıdurma görüntüsü yaratması, Avropaya hədə-qorxu gəlməsi, özünü guya cəsarətli göstərməsi, bütün bu işğallar, təxribatlar, təzyiqlərinin hamısı öz gücsüzlüyünü ört-bastır etmə məqsədi daşıyır. Kreml rəhbərliyi bu cür hücum xarakterli şouları ilə əslində, öz xalqında eyforiya yaratmaqla rus qəzəbindən və üsyanından qurtulmağa çalışır.
Əslində isə, Rusiya bu gün ucuz qiymətə satılan neftdən asılı vəziyyətdədir. Rusiyanın hərbi və siyasi qüdrəti onun sarsılıb inildəyən iqtisadiyyatına ekvivalentdir. Kreml, Putin bu saat çabalayır, xilas yolu axtarır ancaq, artıq gecdir. Daha bir tarixi xilas və dirçəlmə şansı çətin ki, yaransın”.

Fakt budur ki, Rusiya dünyanı nüvə qiyaməti ilə hədələyir, artıq kütləvi ölümsaçan raketlərini meşələrdən çıxarıb. Bu həftə Rusiya özünün strateji təyinatlı raket qoşunlarının görünməmiş miqyasda manevrlərinə başlayıb. Rusiyanın strateji təyinatlı nüvə raketlərinin genişmiqyaslı manevrlərini keçirməsi Ukraynaya görə Qərblə yaşanan qarşıdurma fonunda baş verir. Ukrayna ətrafında vəziyyət gərginləşəndən sonra Rusiyanın strateji nüvə bombardmançıları müntəzəm olaraq NATO ölkələrinin, o cümlədən ABŞ və Böyük Britaniyanın hava hüdudları yaxınlığında uçuşlar keçirir. Bu günlərdə isə Rusiyanın nüvə raketləri daşıyan nəhəng Tu-95M strateji bombardmançısı La Manş boğazı üzərində uçmuşdu. Habelə Rusiyanın nüvə raketləri daşıyan sualtı qayıqları tez-tez ABŞ və digər NATO ölkələrinin sahillərində üzür. Bütün bunlar NATO-da Rusiyanın nüvə təhdidləri ilə bağlı narahatlıqları ciddi şəkildə artırıb. Fevralın 12-də NATO-nun nüvə silahına malik ölkələrinin müdafiə nazirləri növbədənkənar toplantı keçirərək Rusiyanın nüvə təhdidlərini müzakirə edəcəklər.