backend

Aksiya ilə bağlı bəyanat

Aksiya ilə bağlı bəyanat


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi bəyanatla çıxış edib.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, birliyin sədri Mehdi Mehdiyevin bəyanatında deyilir ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasının erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə start verildi.

Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, dövlət qayğısı ilə əhatə olunmasıdır.

Bu diqqətin əsas göstəricilərindən biri də müharibə əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli istiqamətində görülən işlərdir. Ötən illər ərzində 4454 Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. O cümlədən kənd rayonlarında 750-dək Qarabağ müharibəsi əlili fərdi evlə təmin olunub.

Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülür, beləki 3138 Qarabağ müharibəsi əlili pulsuz avtomobillə təmin edilib.

Bundan əlavə, şəhid ailələrinin və müharibə əlillərinin övladlarının təhsil haqları dövlət hesabına ödənilir, 01.04.2014-cü il tarixdən şəhid ailələrinə 200 manat, I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat, müharibə veteranlarına 45 manat miqdarında müavinət ayrılır, sanatoriya-kurort, bərpa, həmçinin protez- ortopedik xidmətlər göstərilir.

Sözsüz ki, bəzi problemlər də mövcuddur, bunlar şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləğinin artırılması, müharibə əlillərinin və şəhid ailələrinin tibbi sığortası, müharibə əlillərinin və Şəhidlərin övladlarının təhsilini başa vurduqda ilk növbədə, işlə təmin olunması, əlillərə olan kvotanın həyata keçməsi üçün cərimələrin artırılması, müharibə veteranlarına verilən müavinatın təqaüdə çıxdıqda kəsilməsidir. Bunlar haqqında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi aidiyyəti üzrə dövlət qurumları qarşısında mütamadi olaraq təkliflər irəli sürür.

Müharibədə şəhid olanlar və ağır yaralanaraq əlil olan döyüşçülərə (müxtəlif səbəblərdən vaxtında sığorta almamış) birdəfəlik sığorta məbləğinin ödənilməsi üçün də müvafiq işlər görülür. Ümüdvarıq ki, dövlətimizin şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsini gücləndirmək məqsədilə gördüyü ardıcıl tədbirlərdə bunların hamısı həllini tapacaq.

Birlik sədri deyib: "Bəzi məmurlar oğlunu şəhid vermiş anaya deyir ki, ağlın olaydı, oğlunu buraxmazdın müharibəyə o da gedib şəhid olmazdı. Damarlarında təmiz azərbaycanlı qanı axan insan heç vaxt elə ifadə işlətməz.

Prezident İlham Əliyevin Ağdam rayonunda sakinlərlə görüşü zamanı üzünü məmurlara tutaraq, Qarabağ müharibəsi ctatusuna malik olan insanların incidilməməsinə, onlara hörmət və qayğı yanaşmalarına göstəriş verib, Almaniyada keçirilmiş 51-ci Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidentinin Ermənistana xəbərdarlıq edib: "...Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülhdə, qarşılıqlı ünsiyyətdə, barışıqda olacaq. Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var? ” bu sözləri vurğulayan Azərbaycan Prezidenti həm də Azərbaycan Ordusunun necə qüdrətli olduğunu bəyan edərək, Azərbaycan xalqında ruh yüksəkliyini artırıb."

Bəyanatın sonunda vurğulanır ki, biz bir daha bəyan edirik, hər an Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrlərini icra etməyə, onun tapşırığı ilə Vətənimizin bütövlüyü və torpaqlarımızın azad olunması üçün sipər olmağa hazırıq.