backend

Hafiz Hacıyev: Heç kim mənimlə mübarizə apara bilməz

Hafiz Hacıyev: Heç kim mənimlə mübarizə apara bilməz






















“Parlament seçkiləri çox xırda bir məsələdir”

Artıq partiyanın seçkilərdə iştirakı tam dəqiqləşib. Şəxsən mənim hansı seçki dairəsindən namizəd olacağım məsələsində isə bir balaca qaranlıq qalan məqamlar var. İstəyərdim ki, Göygöl seçki dairəsindən namizədliyimi irəli sürüm. Çünki ora özümüzün və qohum-əqrabamızın yaşadığı bölgədir. Bir balaca tərəddüdlərimizin olmasına baxmayaraq, yaxın zamanlarda bu da müəyyənləşəcək və bu yöndə bir sıra addımlar atılacaq.

qaynarxett.az xəbər verir ki, bunu Modern.az-a 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkiləri zamanı Müasir Müsavat Partiyasının hansı şəkildə iştirak edəcəyinə münasibət bildirən qurumun sədri Hafiz Hacıyev deyib.

O, parlament seçkilərində iştirak etmək haqqında qərarın olduğunun bildirməklə yanaşı, artıq namizədlərin də müəyyənləşdiyini bildirib: “Biz həmişə seçkilərə hazırıq. Partiyanın parlament seçkilərində iştirakı və hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarlar verilib. Sadəcə olaraq kimin hansı dairədən namizədliyini irəli sürəcəyi ilə bağlı dəqiqləşdirmələr aparılır. Çalışırıq ki, həmin bölgələrdə irəli sürülən namizədlərimiz xalqın arasında nüfuzlu şəxslər olsunlar.

Düşünürəm ki, parlament seçkilərində böyük güclə, böyük sayla qalib gələciyik və müəyyən seçki dairələrindən seçilən 4-5 nəfərimiz parlamentdə təmsil olunacaq. Mənə gəldikdə, seçkilər yaxınlaşan zaman özüm qərarı qəbul edəcəyəm”.

Seçkilərə qatılacağı təqdirdə çox ciddi üsullardan istifadə edərək rəqiblərini zərəsizləşdirəcəyini bildirən Hafiz Hacıyev alternativinin olmadığını da vurğulayıb: “Deyə bilmərəm ki, alternativ olaraq həmin dairələrdən seçkiyə kimlər gedəcək. Lakin mən həmişə güclü rəqiblə oynamağı xoşlayıram. Həmişə istəmişəm ki, rəqibim güclü olsun və güclü rəqibə qalib gəlim. Prezident seçkilərində kifayət qədər fəaliyyət göstərmişik. Hər halda, mənim üçün parlament seçkiləri çox xırda bir məsələdir.

Mənimlə mübarizə apara biləcək elə bir güclü, cəsarətli və qabiliyyətli adam görmürəm. Bu siyasi yarışdır və bu yarışda istənilən şəxslə yarışa daxil ola bilərik”.