backend

Ərdoğan Suriyanı uduzdu: sonrası Türkiyəni uduzmamaqdır...

Ərdoğan Suriyanı uduzdu: sonrası Türkiyəni uduzmamaqdır...




















“Ərdoğanın bəslədiyi canavar özünə geri döndü”

Suruçda 31 kommunistin qətlə yetirilməsindən 2 gün sonra Suriya ilə sərhəddəki hərbi insident - 1 türk zabitinin öldürülməsi və 5 əsgərin yaralanması Ərdoğanın səbatsız siyasətində motivlər axtaran bəzilərində belə bir fikir yaradıb: İŞİD-lə sərhəd insidenti əslində Əroğanın “Qleyvits hiyləsidir”.

Belədirmi? Qleyvits hadisəsi Hitlerə II dünya müharibəsini başlamaq, Polşaya hücum etmək üçün bəhanə kimi lazımdı. Analogiyalarda ardıcıl olsaq, onda gərək Ərdoğan da öz müharibəsini başlasın - qoşunu Suriyaya yeritsin.

Sanki hadisələr elə bu istiqamətdə də gedir. Axı iyulun 23-nə keçən gecə türk hərbi təyyarələri sərhəd yaxınlığındakı Əyaş kəndini bombaladı, piyadalar isə təyyarələrin ardınca sərhədi keçərək kəndi nəzarətə götürdü. Türkiyə mətbuatı Suriyanın 5 kvadrat kilometrlik ərazisinin artıq ordu tərəfindən ələ keçirildiyini yazır.

Bu, Türkiyənin Suriyanın şimal-qarbində “tampon bölgə” yratmaq ideyasına da uyğun gəlir. 90 kilometrlik sərhəd zolağını (Maredən Sirablusa qədər) nəzarətə götürməklə Ərdoğan guya ki, sərhədlərini İŞİD-dən uzaqlaşdırmağa çalışır. Ancaq gün kimi aydındır ki, onun hədəfi islamçılar yox, kürdlər və YPG-dir.

Deməli, müharibə? Əlbəttə ki, yox. Sərhəddə atışmalar və xırda toqquşmalar ara-sıra davam edəcək, ancaq Türkiyənin Suriyaya girərək İŞİD-lə əsl müharibə aparacağı elə də ehtimali görünmür.

Təkcə ona görə yox ki, Suriyadakı islamçı qrupların hamısı ilə Ərdoğan iqtidarının əməkdaşlığı var və onun bədnam siyasəti olmasaydı Suriyadakı sonsuz qırğın da olmazdı. Yaxud ona görə yox ki, Türkiyə İŞİD-in əlindəki neftin əsas alıcısıdır və bu nefti ən aşağı qiymətə daşıyır.

Bir sözlə, İŞİD də, digər islamçı qruplar da Ərdoğandan məmnundurlar, hələ ona uzun müddət təşəkkürlər edəcəklər. Türk ordusunun irimiqyaslı hərbi əməliyyatlara qoşulması isə əsas ona görə olmayacaq ki, hazırkı qüvvələr nisbəti də, hərb də Ərdoğanı təmin edir.

Onun üçün başağrısı heç də islamçılar deyil. Başağrısı - kürdlərdir. Çünki Tel-Abyad şəhərini azad etməklə və Ayn-İsa şəhərinə nəzarəti saxlamaqla YPG Ərdoğana İŞİD-ə istədiyi dəstəyi verməyə, habelə neft almağa mane olur. Çünki həmin strateji mövqeləri əlində saxlamaqla kürdlər Türkiyəyə aparan yolları qapamış olurlar.

“Tampon bölgə”nin yaradılmasının isə İŞİD-ə heç bir ziyanı olmayacaq. Əksinə, xeyri olacaq. Çünki Türkiyə ordusu bu cür bufer zonası yaradarkən qarşısında kürd partizanlarını görəcək. Kürdləri zəiflətmək isə islamçılara dəstək deməkdir.

Suriyanın həmin bölgəsində kürdlər “xilafət”ə uğurla müqavimət göstərə bilən yeganə qüvvədir. Kürdlər Kobanini azad edib, Xasekeni təmizləməkdə davam edirlər, Ayn-İsaya nəzarət isə onların “xilafət”in paytaxtı Rakkaya doğru irəliləmk üçün yolunu açır. Beləliklə, Ərdoğan Suriyaya girəcəyini bəyan edirsə, o, heç də İŞİD-lə mübarizə aparacağını nəzərdə tutmur. Onun bu başkəsənlərlə qanlı pasyansı hələ davam edəcək.

Əvəzində isə son sərhəd insidenti Ərdoğana başqa bir fürsət verdi - daxildəki sistemdənkənar müxalifətə qarşı hücumu sanksiyalaşdırmaq imkanı yarandı. İyulun 24-ündə gün ərzində polis əməliyyatları həyata keçirilərək ilkin məlumatlara görə 251 nəfər gözaltına alındı.

Onların arasında PKK-nın, İŞİD-in, “Gülən camaatı”nın və DHKPC-nin üzvləri var. Beləliklə, hədəfdə “xilafətçilər”, “mötədil islamçılar”, kürdlər və Radikal Sol qruplaşmanın üzvləridir. O cümlədən, həbslər zamanı DHKPC savaşçısı olan gənc qadın müqavimət göstərərkən öldürülüb.

Bu “dördlüy”ün seçilməsinin də öz daxili məntiqi var. Kürdlərlə hər şey aydındır, “DevSol”çular - XXI əsrin eserləri isə hazırda ən radikal aksiyalara çağıran və heç vaxt sözlərini havaya buraxmayan, özünüfədaya həmişə hazır təşkilatdır.

“Gülən camaatı” və İŞİD üzvlərinin də saxlanılanların gözünə qatılması sadəcə spektri genişləndirmək, haradasa balansı saxlamaq niyyəti güdür. Xüusilə də bu sonunculardan Ərdoğan iqtidarı real təhlükə gözləmədiyinə özünü inandırır.

Yəni sərhəddəki insident Ərdoğana müharibəyə başlamaq barədə blef etməyə imkan verməklə bərabər, həm də ölkə daxilindəki radikal Sol qrupun və kürd təşkilatının üzvlərinə qarşı yeni repressiya dalğası başlatmağa yardımçı oldu. İrimiqyaslı müharibəyə isə Ərdoğan çətin ki getsin. Onun hətta “tampon bölgə” yaratmaq cəhdləri də ölkəni ağır və üzücü, üstəlik sonucu naməlum qalan hərbin bataqlığında ilişib qalmağa aparıb çıxaracaq.

Halbuki kənardan baxanda elə gəlir ki, Ərdoğan “həqiqət anı”nın gəldiyinin fərqində olmalı və İŞİD-ə qarşı savaşa başlamalıdır. Çünki hazırda nə qədər sıx əməkdaşlıq etsə də, o, islamçıların sabah-birigün Türkiyəyə soxulacağını, artıq indidən sosial baza və “yatmış hücrələr” formalaşdırdığını bilməmiş deyil.

Bu acı reallığı - Ərdoğanın Suriya siyasətinin tamamilə iflasa uğradığını - mütəmadi olaraq ölkə daxilində də, xaricində də media dəfələrlə qabardır.

Məsələn, Almaniyanın “Fokus” jurnalı Türkiyədəki son duruma həsr etdiyi yazıya bu cür başlıq qoyub: “Ərdoğanın bəslədiyi canavar özünə geri döndü”.

Əlbəttə, söhbət İŞİD-dən gedir.

Yaxın Şərq üzrə mütəxəssis Udo Şteynbax “Fokus”a fikirlərini bu cür açıqlayır: “Ərdoğanın məqsədi Əsəd rejimini devirmək idi. Bu arzusunu həyata keçirmək üçün o, islamçı təşkilatların hamısı ilə əlaqələr yaratdı. Öncə “Nüsrə cəbhəsi”, sonra da İŞİD-lə. Ərdoğan Türkiyə üzərindən İŞİD militanlarına keçmək izni verdi”.

Onun sözlərinə görə, “Ərdoğan İŞİD təhlükəsinə göz yumdu. Çox aydın olan bir şey var - Türkiyənin döyüş meydanına çevriləcəyi. Toqquşmalar sadəcə Türkiyə-Suriya sərhədində qalmayaraq Türkiyənin daxilinə sıçrayacaq. Kürdlər, dindarlar və xaricdən gələnlər arasında çatışmalar daha da böyüyəcək...”

Bir sözlə, “Ərdoğan barıt çəlləyini nəzarət altına almaq məcburiyyətindədir”. Yəni o, ya İŞİD-lə qərarlı bir şəkildə mücadilə etməlidir, ya da Türkiyəni çətin günlər gözləyir.

Ərdoğan Suriyanı uduzdu. Bundan sonrası Türkiyəni uduzmamaqdır...

Məmməd Süleymanov