backend

Afət Mirzəyevin imza atdığı qanundan kənar işlər rayon sakinlərini boğaza yığıb

Afət Mirzəyevin imza atdığı qanundan kənar işlər rayon sakinlərini boğaza yığıb

Rəisin "tələb"lərini ödəməyən sürücülər heç bir səbəb olmadığı halda incidilirlər












Məlum olduğu kimi, son illər yol polisi əməkdaşlarının sosial rifahının, eləcə də iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində bir sıra ciddi islahatlara imza atılıb. Məsələn, onların əməkhaqları nəzərəçarpacaq dərəcədə artıb, həmçinin Dövlət Yol Polisi (DYP) işçiləri ən müasir avtomobillərlə təmin olunub. Bu ilin fevral ayında Bakıya gətirilən yeni Yol Patrul Xidməti (YPX) avtomobilləri artıq istismara verilib, yeniləri köhnələrlə əvəzlənib. Qeyd edək ki, ümumilikdə yol polisi əməkdaşları üçün 400 avtomobil alınıb.

Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem YPX avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan "infrared" işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə həmçinin daxili kompüter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompüterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Eyni zamanda, nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompüter qurğusuna ötürülür. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir. Bir sözlə, yol polisi əməkdaşları ən müasir texnologiya ilə təchiz edilmiş avtomobillərlə təmin edilib, onların sosial rifahı xeyli yaxşılaşdırılıb. Amma buna baxmayaraq, DYP əməkdaşları arasında hələ də sürücülərlə normal rəftar etməyənlər var. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Masallı rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi Afət Mirzəyev heç bir qanuna məhəl qoymur və sürücüləri səbəbsiz yerə incidir: "Masallıda fəaliyyət göstərən yol polislərinin özbaşına əməlləri sürücülərin etirazlarına səbəb olur. Deyilənə görə, şöbənin müfəttişlərinin qayda pozuntusu zamanı sürücülərə təqdim etdiyi müvəqqəti talonlarda cərimələrin dəqiq məbləği göstərilmir. Bunun səbəbləri isə vətəndaşların özünə qaranlıq qalır. Bundan başqa, son zamanlar Masallı rayonunda yol polisi əməkdaşları tərəfindən vətəndaşlarla mədəni davranış qaydalarının pozulması halları xeyli artıb. Afət Mirzəyevin tabeliyində çalışan yol polisləri sürücüləri əksər hallarda heç bir səbəb olmadan saxlayır, onları cərimələyir. Bəzi sürücülər yol polislərinin dilini tapdıqları üçün təhlükədən yayına bilirlər. Özünü işləyən rəis kimi göstərməyə çalışan Afət Mirzəyev bir sıra neqativ hallara yol verir. Rəisin tətbiq etdiyi "qayda"lar və irəli sürdüyü "şərt"lər digər idarə və bölmələrdə rast gəlinməyən hallardandır". Məlumata görə, rayonda sürücülük vəsiqəsi olmayan şəxs avtomobil idarə edərkən saxlanılarsa, bunun üçün qayğılanmamalıdır: "Çünki ən pis halda avtomobil cərimə meydançasına aparılacaq. Ardından şöbədə həmin sürücünün adını qeydə alacaqlar. Lakin iş gəlib cərimə tətbiq etməyə çatanda qaydalar dəyişəcək. Masallı DYPŞ-də Afət Mirzəyev bütün sürücülər üçün "şərait" yaradıb. Sürücülər nəyinsə müqabilində cəzalardan özlərini sığortalamağı bacarırlar. Rəis işçilərindən tələb edir ki, hər biri gün ərzində bir nəfər sürücülük vəsiqəsi olmayan şəxsin avtomobil sürməsini müəyyən etməli və onu bölməyə gətirməlidirlər. Əgər bu tapşırıq yerinə yetirilməzsə, polis əməkdaşlarının hər biri özləri rəisin "tələb"lərini ödəməlidirlər. Deyilənə görə, sərxoş halda saxlanılan sürücü əvvəlcə xəstəxanaya aparılır və orada içkili olma dərəcəsi müəyyən edilir. Bu proses başa çatdıqdan sonra isə sürücü şöbəyə gətirilir və problem elə oradaca həllini tapır. Bunun üçün sərxoş halda saxlanan sürücülər rəisə 500 dəfə "Allah canınızı sağ eləsin" deməlidir. Rəisin şöbədə ən yaxın adamları İkram, Eldar və Mamed adlı şəxslərdir. İkram inspektordur, Eldar avtoqəzalara baxır, Mamed isə tərtib olunmuş cərimə protokollarını nəzarətində saxlayır". Masallı DYPŞ-nin rəisi ilə bağlı bu günlərdə mətbuatda ilginc iddialar ortaya atılıb. Yayılan məlumatlarda qeyd olunur ki, Afət Mirzəyevə məxsus 90 DG 332 qara rəngli "Toyota Prado" markalı avtomobilin 5 həbsi olmasına baxmayaraq saxlanılmır: "Bahalı maşını ilə 7 MK, 5 həbs ilə bütün postlardan rahat hərəkət edən rəis elə bil ki, qanunlara göz dağı verir. Əslən Cəlilabad rayonundan olan bu şəxs üçün qanun ən sonuncu yerdə dayanır. Özünün dediyinə görə, vəzifəyə dostlarının sayəsində gəlib. O əvvəl Gəncədə işləyib. Sonradan dostların köməkliyi ilə Gəncədən Masallı rayonuna təyinat alıb. Afət Mirzəyev dövlətin cərimələrini ödəmir, amma gedib "Yanardağ"da əyləncə axtarır". Növbəti saylarımızda Masallı DYPŞ-nin varidatı, biznes əlaqələri və mətbuatdakı müdafiəçiləri haqda, eyni zamanda kimlərin köməyi ilə vəzifəyə gəlməsi barədə şok faktları açıqlayacağıq. Bizi izləyin.


Qarşı tərəfin də cavab haqqını tanıyırıq.


P.S. Deyirlər başqa rayona rəis gedirsiniz, xeyirli olsun.